• cümə axşamı, 02 may, 01:51
  • Baku Bakı 15°C

Məşhur tarzənin unudulmaz qızı

05.12.17 12:30 2954
Məşhur tarzənin unudulmaz qızı
Həyatın şirinliyi olduğu kimi, eyni zamanda, kədərli məqamları da var. Amma həyatda hər bir insanın missiyası da var. Dünyaya gələn hər kəs Allah tərəfindən ona yazılan ömrü yaşayır, missiyasını başa vurur və əbədi dünyaya köç edir. Amma çox az insanlar var ki, ölümündən sonra illərlə anılır. Bu mərtəbəyə yüksəlmək üçün həyatdakı missiyan xoşməramlı olmalıdır. Həyatda səhvsiz, günahsız insan yoxdur. Amma ümumilikdə vətəninə, elinə, obana, yaşadığın mühitə, cəmiyyətə yararlı insan olmağa cəhd etməlisən...
60 il! Yaşasaydı, 60 illiyi olacaqdı. Ömür vəfa etmədi. Əslində ömrünün 60-cı ilində də dünyasını dəyişənlər üçün "nə yaşadı ki” ifadəsini təəssüf hissi ilə deyirik. Amma bu insan, ömrünün 49-cu qışında dünyasına əlvida dedi. Xatirələrimin sahibəsi Cəmilə xanımdır...
Məmmədova Cəmilə Hacı qızı 1957-ci il, yanvarın 19-unda Bakıda, musiqiçi ailəsində dünyaya gəlib. Məşhur tarzən Hacı Məmmədovun qızı idi. Onun içindəki musiqi istedadı hələ uşaq yaşlarından özünü büruzə verirdi. Cəmilə xanım uşaq musiqi məktəbini bitirdikdən sonra, konservatoriyaya daxil olmuş, öz sənətini daha dərindən mənimsəmişdir.
Cəmilə xanım uzun 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışıb. O, sözün əsl mənasında peşəkar musiqiçi idi. İxtisasca pianoçu olan Cəmilə xanım, fortepianoda çox gözəl ifa edirdi. Xatirimdədir, hər dəfə boş vaxtımız olan zaman, onun ifasını dinləmək üçün qapı arxasında dayanıb, qulaq asardıq. Son dərəcə sadə, mehriban, eyni zamanda, işində tələbkar idi . İşini, ailəsini dərin məhəbbətlə sevirdi. Çox arzusu, məqsədi vardı. Qarşısına qoyduğu məqsədlərdən biri də atasının adını ləyaqətlə yaşatmaq idi. Hacı Məmmədov adına xalq çalğı alətlərinin respublika müsabiqələrinin keçirilməsinin təşəbbüskarı idi.
Hər bir müəlliminə ana, bacı qayğısı ilə yanaşırdı. Hər hansı işçisinin problemi olanda, çalışırdı yardım əlini uzatsın, səxavətli idi. Çox pozitiv və eyni zamanda zarafatcıl insan idi. Bəzən onun ciddi üz ifadəsində də, haradasa bir təbəssüm, doğmalıq görərdik. Kimisə tənbeh edib, qəlbini qırardısa, tez bir zamanda da o insanın ürəyini almağa çalışardı. Qəlbində heç kimə qarşı kin saxlamazdı.
Cəmilə xanım sənətini və işini sevən adam idi . Ağır xəstəliyə tutulmasına baxmayaraq, ömrünün son günlərinə qədər işlədiyi məktəbə gəldi, kollektivi nəzarətsiz qoymazdı. Bu gün də Cəmilə xanım işlədiyi məktəbin kollektiv tərəfindən xoş xatirələrlə anılır. Belə ziyalılarımızı unutmamalı, onların həyat fəaliyyətindən həmişə örnək götürməliyik!
banner

Oxşar Xəbərlər