• cümə, 26 Aprel, 16:47
  • Baku Bakı 23°C

Mərkəzi Asiya İttifaqı reallaşmadı

28.03.17 10:00 970
Mərkəzi Asiya İttifaqı reallaşmadı
Özbəkistan prezidenti Şövkət Mirzoyev ilk rəsmi səfərini Türkmənistandan sonra Qazaxıstana edib. Halbuki, Rusiya və Qərb ekspertləri hesab edirdilər ki, yeni prezident ilk səfərini Rusiyaya edəcək. Lakin Mirzoyev ənənəni pozaraq, "yaxın qonşu uzaq qohumdan yaxşıdır” prinsipi ilə hərəkət etməyə üstünlük verib.
Beləliklə, Özbəkistan prezidentinin Astana səfərini uğurlu hesab etmək olar. Onun keçirdiyi görüşlərdə hər iki ölkənin su-enerji kompleksləri, nəqliyyat-kommunikasiya siyasəti və regional sabitliklə bağlı məsələləri birgə həll etmələri qərara alınıb. Dialoq üçün yeni meydança isə Aral gölünün xilası ola bilər.
Ş.Mizroyevin Qazaxıstana səfəri tək ikitərəfli münasibətlərə deyil, bütövlükdə Mərkəzi Asiya regionu üçün böyük əhəmiyyət kəsb edir. "Qazaxıstan və Özbəkistan regionun başlıca oyunçularıdır və bu iki ölkənin gələcək münasibətlərinin necə olacağından çox şey asılıdır”, -deyə "Bilig Brains” şirkətinin eksperti Rəsul Arin hesab edir.
Qeyd edək ki, Astana və Daşkənd arasında münasibətlərin fundamenti illər bundan əvvəl qoyulsa da, tərəflər hər şeyə yenidən, necə deyərlər, "ağ kağızdan” başlayırlar. "Biz ağ kağız kimi açığıq və bu kağızı xeyirxah işlərlə doldurmağa hazırıq”, - deyə N.Nazarbayev özbək həmkarı ilə görüşdə bəyan edib. O bildirib ki, iki ölkə arasında həll olunmayan - ərazi, sərhəd, siyasi və iqtisadi problemlər yoxdur. Özbəkistan prezidenti də öz növbəsində Qazaxıstanla gələcəkdə ikitərəfli münasibətlərin dərinləşməsində maraqlı olduğunu bildirib. Dövlət başçılarının bəyanatları real layihələrlə təsdiq olunub. Məlumat üçün bildirək ki, iki ölkə arasında ticarət dövriyyəsi 2015-ci ildə 2 mlrd. dollar təşkil edib. Yaxın illər üçün isə tərəflər bu rəqəmi 5 mlrd. dollara çatdırmaq niyyətindədirlər. Biznes forumun sonunda dəyəri 1 mlrd. dollar olan 75 müqavilə imzalanıb. Bundan əlavə, Alma-Ata-Daşkənd sürət qatarı da işə düşüb. Daşkəndi Özbəkistanın qərbi ilə birləşdirən yük və sərnişin qatarının işə salınması da qərara alınıb. Qazaxıstanın şərqində multimodal nəqliyyat loqistik mərkəzlərin yaradılması barədə layihələr də işlənib hazırlanıb. Xəzərin Aktau və Kurık limanlarının özbək ixracı və idxalı üçün Qafqaz-Qara dəniz və Çin istiqamətində "qapı” rolunu oynaya biləcəyi vurğulanıb. Bütövlükdə region Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi regiona çevrilir. Regionun əhəmiyyəti artır. Lakin buna baxmayaraq, problemlər tam şəkildə aradan qalxmayıb. Transsərhəd çaylar üzərində yeni SES-lərin inşası ilə bağlı mübahisələr həllini tapmayıb. "Hər iki ölkənin bu məsələ ilə bağlı mövqeyi yekdildir” deyən Nazarbayev əlavə edib ki, Astana və Daşkənd "qardaş qonşular”ın suyun öz məqsədləri üçün istifadəsinə hörmətlə yanaşır. Hər iki ölkə digər ölkələrə ziyan vurmadan müxtəlif hidroelektrik layihələrdə iştirak etməyə hazırdırlar.
Özbəkistan prezidenti bildirib ki, qazax həmkarı ilə birlikdə BMT-nin Amudərya və Sırdəryanın su resurslarının birgə işlənməsi ilə bağlı beynəlxalq konvensiyasını imzalamağa hazırdırlar. Söhbət Tacikistanda Roqun və Qırğızıstanda Kambaratinsk SES-lərin inşasından gedir. Ən ümdə məsələlərdən biri kimi isə Aral gölünün xilası ilə bağlı olub. Bundan əlavə, regionun təhlükəsizliyinin təminatı iki ölkə liderinin müzakirə etdiyi əsas məsələlərdən olub. Lakin vəd edildiyi kimi, Mərkəzi-Asiya İttifaqının yenidən bərpa edilməsi barədə təklif müzakirə olunmayıb. Qazaxıstan parlamentinin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik məsələləri üzrə komitə sədri Maulen Aşimbayev bildirib ki, görüşdə regional inteqrasiyanın konturlarından söhbət gedə bilər. Bu ideya hələ ötən əsrin 90-cı illərində səslənsə də, region ölkələrinin siyasi və iqtisadi baxışlarının fərqli olması səbəbindən baş tutmadı. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, Mərkəzi Asiya dövlətlərinin tam fərqli siyasi baxışları mövcuddur. Yalnız Qazaxıstan və Özbəkistanın birgə inteqrasiya olunmaq şansı yüksəkdir. "O ki qaldı, Mərkəzi Asiya İttifaqı ideyasına, bu, perspektivsiz məsələdir. Bu ideyanın reallaşması regional oyunçulardan – Rusiya, Çin və ABŞ-dan asılıdır. Onların razılığı olmadan isə ideya reallaşa bilməz”, - deyə ekspert vurğulayıb.
Azər
banner

Oxşar Xəbərlər