• cümə, 26 Aprel, 14:22
  • Baku Bakı 23°C

Merkantil məqsədlərə çatmağın “nurlu” yolu

27.08.16 10:22 1581
Merkantil məqsədlərə çatmağın “nurlu” yolu
Ötən ayın 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi dövlət çevrilişinə cəhd etdi və bunun qarşısı türk xalqı tərəfindən qətiyyətlə alındı. Sadə türk vətəndaşları silahlı əsgərlərin, tankların qarşısına əliyalın çıxaraq Türkiyənin qanuni prezidenti Rəcəb Tayyib Ərdoğanı, dövləti və dövlətçiliyi müdafiə etdilər. Türk xalqının iradəsi qarşısında məğlub olan üsyançılar sonradan hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək məsuliyyətə cəlb edildilər. İstintaq materiallarından məlum oldu ki, Türkiyədəki çevriliş planı okeanın o biri tayında hazırlanıb və hazırda ABŞ-ın Pensilvaniya ştatında xüsusi malikanəsində yaşayan Fətullah Gülənin "nurçu” şəbəkəsi tərəfindən icra olunub. Azərbaycanda da müstəqilliyin ilk illərində dövlət çevrilişinə cəhdlər olduğundan və bu cəhdlərin qarşısı xalq tərəfindən alındığından ölkə vətəndaşlarımız, rəsmi qurumlar Türkiyədə yaşananlara elə ilk vaxtlardan birmənalı münasibət sərgilədi. Türkiyədə hərbi çevriliş cəhdinə qarşı ilk etiraz edən və qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət Azərbaycan Respublikası oldu.
Lakin təəssüf doğuran məqam budur ki, Azərbaycan iqtidarının birmənalı mövqeyi, ölkəmizin siyasi palitrasının heç də bütün seqmentləri tərəfindən bölüşülmədi. AXCP sədri Əli Kərimli, onun təsiri altında olan Milli Şura, rupora çevrilən "Azadlıq” qəzeti, "N!DA”çılar, həmçinin AXCP tərəfdarları F.Gülənə dəstək olaraq təbliğatlarını davam etdirərək, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pislədilər. Ə.Kərimli "çetesi” tam gücü ilə F.Gülən şəbəkəsinin müdafiəsinə qalxdı. Bu isə səbəbsiz deyildi. Belə ki, əgər Türkiyədə qiyamçılar R.T.Ərdoğanı devirə bilsəydilər, Azərbaycana qarşı da geniş mübarizə cəbhəsi açacaqdılar. Türkiyənin baş naziri və xarici işlər naziri açıq mətnlə bildirmişdilər ki, gülənçilər Azərbaycanda da çevriliş hazırlayırmışlar. Dünyəvi Azərbaycanda gülənçiliyin sosial bazası olmadığından bu rolu ənənəvi radikal müxalifət, daha dəqiqi, AXCP yerinə yetirməyə çalışırdı. Ancaq radikal müxalifətin bütün planları kimi bu "missiyası” da iflasa uğradı.
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, AXCP sədri Ə.Kərimli bütövlükdə fəaliyyətini azlıqlar üzərində qurub. Onun sözlərinə görə, Azərbaycan xalqının iradəsinin, dövlətinin, dövlətçiliyinin, eləcə də hakimiyyətin əleyhinə gedən azsaylı insanlardan Ə.Kərimli hər zaman öz məqsədləri üçün faydalanıb, həmin şəxslərlə əməkdaşlıq edib: "Bu baxımdan, Əli Kərimlinin əlaqədə olduğu, dəstəklədiyi dairələrin spektrinə nəzər yetirsək, hər şey tam çılpaqlığı ilə üzə çıxacaq. Taleh Bağırzadənin timsalında İran agenturası – birmənalı şəkildə Azərbaycanın dövlət quruluşunun və Konstitusiyasının əleyhinə çıxış edən insanların, Milli Şura kimi xarici ölkənin layihəsini Azərbaycanda reallaşdırmağa çalışan qüvvələrin, həmçinin bəzi Qərb dövlətlərinin maraqlarını digər ölkələrdə yerinə yetirən missionerlərin Əli Kərimli ilə əməkdaşlığını müşahidə etmək mümkündür. Bu əməkdaşlıqların arxasında böyük məbləğdə pullar dayanır. Əli Kərimli də həmin pulların qoxusuna gedir, onlarla əməkdaşlıq edir. Görünür, o, bundan əvvəl və hazırkı proseslərdə də Fətullah Gülənin, onun nurçu şəbəkəsinin maliyyə imkanlarından öz məqsədləri naminə yararlanmaq istəyib, öz imkanlarını genişləndirmək istəyib. Digər tərəfdən, Azərbaycana və onun müttəfiqlərinə, ölkəmizi dəstəkləyən dövlətlərə qarşı kim çıxış edirsə, Əli Kərimli hər zaman onun yanında olur. Bu, AXCP sədrinin əzəli missiyasıdır”.
Tanınmış jurnalist, "Terrorun Gülən üzü” adlı kitabı ilə hələ illər öncə nurçu şəbəkəsinin mahiyyətini ortaya qoyan Aqil Ələsgər isə hesab edir ki, Ə.Kərimli və onun tör-töküntüsü sayılan "Yurd” şəbəkəsinin, eyni zamanda F.Gülən dəstəsinin arxasında Amerika dayanır. A.Ələsgər qəzetimizə açıqlamasında bildirib ki, Ə.Kərimlinin, F.Gülənin sahibi, həmçinin onlara "müəllimlik” edən eynidir: "Türkiyədə Gülən şəbəkəsi onlara tabe olmayan qüvvələri, o cümlədən siyasətçiləri, ictimai fəalları və sairi şantaj edirdilər. Misal üçün, Gülən barədə ilk dəfə ittihamnamə yazan prokurorun kasetləri üzə çıxdı, şantaj olundu və beləliklə həmin adam yox oldu, kənara çəkildi. Müxalifətdə olan Dəniz Baykal Gülənin maraqlarını təmin etmədiyi üçün, onun barəsində də kaset ortaya çıxardılar, şantaj etdilər, ictimai nüfuzunu sıradan çıxardılar. Mən 1995-ci ilə - AXCP-nin yaranma dönəminə tarixi ekskurs etmək istərdim. Həmin vaxt partiyada, hərəkatda olan insanlar, şahidlər indi də sağ-salamatdır və həyatlarını yaşayırlar. Hər kəsə yaxşı bəllidir ki, həmin vaxt AXCP-nin sədri Əli Kərimli deyil, İbrahim İbrahimli olacaqdı. Gülən şəbəkəsinin Dəniz Baykala qarşı etdiyini o zaman Əli Kərimli İbrahim İbrahimliyə qarşı etdi. Bu şantajla üzbəüz qalan İbrahim İbrahimli adının ləkələnməməsi üçün nəinki partiya sədrliyindən, hətta partiyadan da uzaqlaşdı. Buradan da göründüyü kimi, Əli Kərimli və Fətullah Gülənin fəaliyyət prinsiplərində də ciddi oxşarlıqlar var. Ümumiyyətlə, AXCP sədrinin nurçu şəbəkəni müdafiə etməsi bu günə bağlı məsələ deyil. Əli Kərimli eyni münasibəti Azərbaycanda fəaliyyət göstərən Gülən məktəblərinin dövlət tərəfindən bağlanması zamanı da sərgiləmişdi. Əgər araşdırma aparsaq, 2003 və 2005-ci illərdə həm Əli Kərimli, həm də Rəsul Quliyevlə Gülənin Amerikadakı lobbisinin ciddi bağlantılarının olduğu da üzə çıxacaq. Məhz buna görə hər iki şəxs davamlı şəkildə Gülən şəbəkəsinin müdafiəçisi rolunda çıxış edirlər”.
Alparslan İSMAYIL
banner

Oxşar Xəbərlər