• cümə, 26 Aprel, 16:04
  • Baku Bakı 23°C

“Məqsədimiz insanları təkcə güldürmək yox, həm də duyğulandırmaqdır”

20.12.17 09:30 4625
“Məqsədimiz insanları təkcə güldürmək yox, həm də duyğulandırmaqdır”
Bu gün saat 19:00-da Park Cinema Flame Towers-də "Qız Qaçırtma” filminin qala gecəsi keçiriləcək. Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan filmin baş rejissoru Rüfət Şahbazovla qala öncəsi söhbət etdik. "Kaspi”-yə müsahibə verən rejissordan sözügedən filmdən gözləntilərini xəbər aldıq. Məlum oldu ki, filmin kinoteatrda bütün seanslar üzrə biletləri tamaşaçılar tərəfindən alınıb.Qeyd edək ki, film Xəzər televiziyasının dəstəyi ilə çəkilib.

- Rüfət bəy, tamaşaçıları necə bir film gözləyir?
- Tamaşaçıların bu gün izləyəcəyi film macəra və komediya janrındadır. Filmin ssenarisi belədir ki, bir "Qız Qaçırtma” şirkəti var. Hansı ki, bu, çox böyük bir şirkətdir, rəhbəri də tanınmış ifaçı Damladır. Siz onu Rəna obrazında görəcəksiniz. Onlar sifarişlər qəbul edirlər və qız qaçırmaq işi ilə məşğul olurlar. İnsanlar zəng vurub sifariş edirlər ki, filan qızı sevirik, onu bizim üçün qaçırın. Onların da xüsusi agentləri həmin xanımların ardınca düşüb qızları qaçırırlar. Bütün hadisələr buradan başlayır. Bizim də qəhrəmanlarımız Fərda Xudaverdiyev, Elşən Hacıbabayev, Kənan Yusifdir. Onlar qız qaçırma şirkətinin xüsusi agentləridir. Əsas məqsədləri isə insanları xoşbəxt etməkdir. Onlar fəxr edirlər ki, ailələrin qurulmasına köməkləri dəyir. Filmin içində baş verən macəraları açıqlamaq istəmirəm. Bunu tamaşaçılar özləri görəcəklər. Film Fariz Əliyev, Kənan Yusif və Süleyman Süleymanzadə tərəfindən qələmə alınıb. Çox gözəl dramaturji xətti var. Onu deyim ki, "Qız Qaçırtma” sadəcə gülüşün üzərində qurulan bir film deyil. Söz zarafatlarından çox, əsas xətti hadisələrin üzərində qurduq. Filmin içərisində dramatik kadrlar da var ki, insanlar ona baxanda mütləq təsirlənəcəklər. Komediya olsa da, əsas gücü güldürməkdən çox, filmin dramatik xəttinə vermişik. Ssenari düzgün qurulmuş, köklü strukturlu ssenaridir. Hər hadisə xəttə qulluq edir və bağlanış nöqtəsi var. Məqsədimiz təkcə insanları güldürmək yox, həm də həyəcanlandırıb, duyğulandırmaqdır.
- Filmdən gözləntiləriniz nələrdir?
- Bu mənim çəkdiyim ilk irihəcmli filmdir. 8 ildir ki, Xəzər televiziyasında seriallar çəkirik - "Aramızda qalsın”, "Qaynana”, "Bir ailəm var”, "Cehizsiz gəlinlər”, "Ata ocağı” serialları və nəhayət "Qız Qaçırtma”. Bu filmdən çox şey gözləyirəm. Artıq kinoteatrın bundan sonrakı seansları üçün də zallar dolub. Biletlərin hamısı satılıb. Hesab edirəm ki, insanlar bu filmi bəyənəcək. Çalışdıq ki, baxımlı film olsun. Sadəcə olaraq, bu filmlə insanları güldürmək istəmirik. Tamaşaçılara sözüm odur ki, bu komediya filmlərindən çox da akademik şeylər gözləməsinlər. Yəni bu filmləri festivala gedən akademik səviyyədə olan filmlərlə müqayisə etməsinlər. Biz bu filmi insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün çəkmişik. Ona görə də filmi izlədikdən sonra "Oskar”, "Kann” film festivallarındakı filmlərlə müqayisə etməsinlər. "Qız Qaçırtma” kommersiya filmidir.
- Hazırda kinoteatrlarda komediya filmləri üstünlük təşkil edir. Bu janr pul gətirən sahə olduğu üçünmü, siz ilk işinizdə komediyaya üstünlük verdiniz?
- Danılmaz faktdır ki, bütün dünyada ən çox satılanlar komediya və triller janrında filmlərdir. Bu, tək Azərbaycanda belə deyil. Dünyada elə rejissorlar var ki, onların çəkdiyi filmlərə hörmətlə yanaşırlar, həmin filmlər festivallara gedir, mükafatlar alır, ancaq həmin filmlər kinoteatrlarda nümayiş olunmur. Dünyanın hər yerində belədir. Müşahidə etsəniz görərsiniz ki, beynəlxalq müsabiqələrdə yer alan filmlər öz ölkələrinin kinoteatrlarında belə az izlənilir. Azərbaycanda da belədir. Kommersiya filmləri bir bazardır. Tamaşaçıların nəyə tələbatı varsa, rejissorlar onu çəkməyə çalışırlar. Bu gün isə əsas tələbat komediya filmlərinədir. Tamaşaçıların tələbatını ödəmək lazımdır. Bizdə yaxşı dram filmləri çəkildi. Ancaq insanların çoxu əylənmək istəyir. Yeni il ərəfəsidir, maraqlı film axtarırlar. O film niyə də "Qız Qaçırtma” olmasın?
- Biz sizi dram janrında çəkilən serialların əsas rejissoru kimi tanımışıq. Birdən-birə dramdan komediyaya keçmək sizin üçün çətin olmadımı?
- Əslində mən komediyadan drama gəlmişəm. Rejissor üçün çəkdiyi filmin janrının heç bir fərqi yoxdur. Əsas odur ki, düzgün xarakteri, xətti və hadisəni tuta bilsin. Sırf dram və komediya rejissoru, deyə anlayış yoxdur. Mənim ilk işlərimdən olan "Aramızda qalsın” və "Qaynana” serialları komediya janrında olan seriallar idi. Mənim ilk filmim də komediya oldu.
- Filmin adı "Qız Qaçırtma” bir qədər təhlükəli səslənir. Belə olan halda, qınaqlardan qorxmursunuzmu?
- Qız qaçırma ümumi düşünülmüş bir hadisədir. Biz çalışırıq ki, onun fəsadlarını göstərək. Hətta orda örnək də göstəririk ki, siz etməyin. Bu, əyləncə üçün olan bir şeydir. Ümumiyyətlə, yer üzündə "Qız Qaçırtmaq” adlı bir şirkət yoxdur. Bu, xəyali qurulmuş bir şeydir. Necə ki, Cem Yılmazın "Arog”, "Gora” filmlərində baş verən hadisələr real həyata uyğun deyil. Sadəcə olaraq insanların əylənməsi üçün qurulan bir ssenaridir. Biz də onun kimi. Qız qaçırmağın cinayət olduğunu biz də bilirik. Göstərməyə çalışırıq ki, bu nə qədər pis bir şeydir. Amma filmdə onlar xoşbəxtdirlər. Film real hadisələr üzərində çəkilmir. Bu, bir uydurmadır. "Qız Qaçırtma” komediyadır, yumordur, macəradır, yeri gələndə dramdır.
- Filmdə tanınmış aktyorlarla bərabər, məşhur şou-biznes ulduzları da yer alıb. Onlar filmin daha baxımlı olması üçünmü dəvət olunublar?
- Azərbaycanda əkiz bacı olan aktrisalar tapmadıq. Bunun üçün də Sevil, Sevinc bacılarına müraciət etdik. Onların aktrisalıq qabiliyyətləri də çox yaxşıdır. Düzdür, insanlar bunu anlamır. Ancaq filmi izlədikdən sonra başa düşəcəklər ki, onlar öhdələrinə düşən işi layiqincə görüblər. Damla xanımı isə şirkətin rəhbəri kimi çəkmişik. Onun o qədər də böyük yükü yoxdur. Ancaq öz rolunun öhdəsindən yaxşı gəlir. Dünya film prosesində belə hallarla tez-tez rastlaşırıq.

- Son zamanlar kinoteatrlara təqdim olunan komediya filmlərinin əksəriyyətində qurşaqdan aşağı zarafatlar olur. Sizin filminizdə belə zarafatlar olacaqmı?
- Hər zarafatın özünün yeri və tamaşaçı kütləsi var. Hər filmin əvvəlində və ya anonsunda onun öz yaş məhdudiyyəti qoyulur. Yəni bu film konkret hansı yaş məhdudiyyəti üçün nəzərdə tutulub. Bizim filmimiz isə 13 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulub. Filmin əvvəlində də, anonslarda da bunu qeyd etmişik. 13 yaşından aşağı uşaqların bu filmə baxmağı məsləhət deyil. "Qız Qaçırtma” filminin öz tamaşaçı kütləsi var. Mən demirəm bizdə qurşaqdan aşağı zarafatlar çoxdur. Çox cüzi halda, etika çərçivəsində 13 yaşından yuxarı insanların gülüb əylənə biləcəyi zarafatlardır. Ancaq böyük söyüşlərimiz yoxdur.
- Sizcə, film kinoteatrın ödədiyi maliyyə ilə öz büdcəsini təmin edə biləcəkmi?
- İnşallah, dolduracaq. Biz buna inanırıq. Çox maraqlı filmdir, tamaşaçılar içində ajiotajı da böyükdür. Hesab edirəm ki, film özünü doğruldacaq. Öncədən satış yerlərinin dolması bunun göstəricisidir. İnsanlar bu filmə baxmaqda çox maraqlıdırlar.

- Filmin çox satılmasında onun reklamının və PR-nın da rolu az deyil.
- Elədir. Biz "Xəzər media” qrupunun rəhbərliyinə öz kollektivimiz adından təşəkkürümüzü bildiririk. Düzdür, kanallarımız Azərbaycan kinosuna dəstək verir, ancaq heç bir kanal kinoteatr üçün film çəkmir. Xəzər televiziyası çəkilən filmlərə böyük dəstək verir. Belə ki, bizim PR işlərimizlə onlar özləri məşğul olurlar. Özünüz də gördüyünüz kimi, filmin yaxşı reklamı aparıldı. Bu reklam satışlarda da özünü göstərir. Eyni zamanda, reklamda tanınmış simaların rol almasının da təsirsiz ötüşməyəcəyinə inanıram. Bu öz yerində, ancaq mətbuatın bu işdə rolu əvəzsizdir. Bunun üçün bütün kütləvi informasiya vasitələrinə komandamız adındın təşəkkürümü bildirirəm. Onların dəstəyi əvəzsizdir.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər