• cümə, 26 Aprel, 08:25
  • Baku Bakı 12°C

Məni nə qədər gözdən salmağa çalışırlarsa, o qədər ucalıram

04.06.15 13:47 1800
Məni nə qədər gözdən salmağa çalışırlarsa, o qədər ucalıram
Ekstravaqant müğənni kimi tanıdığımız əməkdar artisti Elza Seyidcahan son vaxtlar atdığı hər addımı, yazdığı şeirləri ilə bir çoxlarının, o cümlədən mətbuat nümayəndələrinin qınağına səbəb olur. Haqqında yazılan xəbərlərin, adına çıxarılan şeirlərin müəllifi olmadığını bildirən bəstəkar, müğənni Elza Seyidcahan bizimlə söhbətində mətbuatda çalışan bəzi jurnalistləri qeyri-peşəkarlıqda günahlandırdı. Onun haqqında yazılan gülünc xəbərlərdə “jurnalist” adına ləkə gətirən yazarların əvəzsiz rolu olduğunu iddia etdi. İfaçı onların bəzilərini məhkəməyə verdiyini də qeyd etdi.
- Elza xanım, sizcə, son zamanlar mətbuat nümayəndələri tərəfindən bu qədər qınaq obyektinə çevrilməyinizin əsas səsbəbi nədir?

- Bu gün mətbuatda ifaçıların yaradıcılıqlarından daha çox onların özəl həyatları, qalmqalları ön plana çəkilir. Bəzən düşünürəm ki, onlara heç uğurlu yaradıcılıq lazım da deyil. Müsahibələrimdə yaradıcılığımdan, qazandığım uğurlardan danışıram. Belə olan halda görürəm ki, qarşı tərəf, yəni jurnalist məndən bunu tələb etmir, danışdığm mövzuya laqeyd yanaşır. Ona maraqlı gələn odur ki, mən qalmaqallı nəsə deyim, o da həmin xəbərlə gündəmi tutsun. Yaradıcılığım, uğurlarım barədə danışarkən sözümü kəsib elə suallar verirlər ki, təəccübümü saxlaya bilmirəm. İstəyirlər ki, müğənni “gic-gic”, ağzına gələni danışsın. Bu onlara sərf edir. O zaman da onu montaj edib, həmin adamı gic kimi təqdim edirlər. Belə halları görəndə çox təəssüf edirəm. Maraqlısı da odur ki, belə xəbərlər internet portallarında çox oxunur, reytinqlər toplayır. Bu xəbərləri hazırlayanlar düşünmürlər ki, onlar öz vətəndaşlarını, sənət insanlarını yüngül göstərməklə öz nüfularına xələl gətirirlər. Axı qarşı tərəf düşmən deyil, onların sənətçiləridir. Pisi yaxşı kimi göstəmək əvəzinə, yaxşısını pis kimi təqdim edirlər. Belə insanlar vətənpərvər ola bilməzlər. Onların vətənpərvərikdən xəbərləri yoxdur. Mənə elə gəlir ki, o jurnalistlər sənətlərinə hörmət etmirlər. Sonra da deyirlər ki, siz dediniz, biz də yazdıq. Amma əslində belə deyil. Düşünmürlər ki, əgər mən bunun dediklərini yazsam, o, nüfuzdan düşəcək. Halbuki, həmin müğənninin kifayət qədər sevəni var. Həmin izləyicilər o xəbəri oxuyandan sonra fikirlərini dəyişirlər. Əvəllər efir vasitəsilə sənətkatları izləyirdik, onlara heyran olurduq. Amma o insanlarla ünsiyyətdə olanda deyirdik ki, onlar efirdə göründükləri kimi deyil. Mətbuat nümayəndələri həmin sənətkarları o qədər gözəl təqdim edirdilər ki, onlara baxıb ideallaşdırırdıq. Bu gün sənətdə olan elə insanlar var ki, onların daha yaxşı tanınmalarını istəyərdim. Çünki onların hamısı yaxşı insan deyillər. Efirdən yaxşı sənətkar kimi göründükləri qədər reallıqda yaxşı insan deyillər. Onların yalnız bir hissəsi həyatda yaxşı insandır. Bəzi jurnalistlər sanballı ifaçını çox pis şəkildə təqdim edirlər. Əksinə, pisi də o qədər ilahiləşdrirlər ki, aləm deyir bir-birinə. Düzdür, elə gözəl jurnalistlərimiz də var ki, sənətkarı layiq olduğundan da artıq şəkildə təqdim edirlər. Sənətkarın qüsuru olanda belə, onu gizlədirlər, yaxşı tərəflərini, əməllərini göstərməyə çalışırlar. Mətbuat nümayəndələri bilməlidirlər ki, yazdıqları xəbərləri nəinki paytaxtda, hətta başqa ölkələrdə də oxuyurlar.
Ötən il beynəlxalq müsabiqədən dönərkən mətbuat nümayəndələri məndən müsahibə aldılar. Mən də orada qazandığım uğurlardan, nailiyyətlərimdən danışdım. Danışdıqca görürdüm ki, qarşımdakı jurnalist dediklərimə reaksiya vemir. Axırda da mənə dedilər ki, “bizə “Şillə vuran” cavab deyin” anons edək. Başa düşə bilmirəm, bu qədər uğurlardan danışıram, bundan artıq nə deməliyəm? Mənə deyirlər ki, “səhnədə yıxıldım”, “kablkokum sındı, yubkam başıma keçdi” kimi fikirlər səsləndirin. Biz də bunu anons edək... Bəzən məni az qala məcbur edirlər ki, bizə müsahibənizdə günəşə, daşa konsert verəcəyinizdən danışın. Belə vasitələrlə məni insanlara gülünc göstərməyə çalışırlar. Mən belə şeyləri görəndə çox təəəccüblənirəm. Deyirəm daşa, günəşə konsert verəndə nə olar ki? Daş olmasa, sən haraya sığınarsan? Hər şeyi Allah yaradıb. Başlayıram fəlsəfənin dərinliyinə varıb, onu qarşımdakı jursnalistə izah etməyə. Axırda da məcbur oluram daşa konsert verim. Bu yolla bəzi dardüşüncəli jurnalistlərin mənə gülərək verdikləri sualları həqiqətə çevirmişəm. İstehza ilə verilən suala sanballı cavablar verərək onları hər zaman heyrətləndirmişəm.
- Deyəsən bu tip jurnalistlər sizin yaralı yerinizdir...

- Uzun müddətdir ki, bu sənətdə olduğum üçün çox şey görmüşəm. Elə jurnalistlər var ki, müğənnidən pul alacaqlar deyə, onların yanına düşüb, onları hər kəsdən müdafiə edirlər. Müğənni jurnalistin maşınının kreditini ödəyir deyə, özünə hörmət qoymayan jurnalist də onun köləsi olur. Düşünmürlər ki, onlar belə etməklə öz vəzifələrinə də xələl gətirirlər. Müğənnini gətirib böyük sənətkarlarla üz-üzə qoyur, qalmaqal yaradırlar, gündəmdə saxlamağa çalışırlar. Onun tanınması üçün əlindən gələni edirlər. Ancaq bunlar uzun ömürlü deyil. Hər əlinə diktofon, mikrofon alan adama jurnalist demək olmaz. Onlar bu adı ləkələyir. Həmin müğənni onu atanda isə, jurnalist gedir başqasının yanına. Belə şeyləri çox görmüşəm. Bəzi müğənnilər jurnalistləri özlərinə kölə kimi saxlayır. Bu gün elə jurnalist dostlarım da var ki, onlarla aləvi yaxınıq. 20 ildir ki, prodüserim, mətbuat nümayəndələrinin bəziləri ilə ailəvi münasibətimiz var. İfaçıdan əlavə bir-birimizə bir insan kimi hörmət edirik. Pis günümüzdə bir-birimizin yanındayıq. Və bu münasibətdə heç bir təmənna güdmürük. Heç zaman unutmaram ki, məni Elza edən də jurnalistlərdir. Onlar mənim hər addımımda yanımda olublar, dəstək verirlər. Onların qələmlərindən öpürəm, qarşılarında baş əyirəm. Amma hər bir peşə nümayəndələrinin pisi də var, yaxşısı da. Bu gün bəstəkarlar içərisində də “xalturşiklər” az deyil. Eləcə də şayiə yazan mətbuat nümayəndələri öz adlarına ləkə gətirirlər. Onlar məndən qorxurlar. Hətta məni Roma Papasına da tanıtdırdılar. Mənim adımdan Roma Papasına şeir yazıblar. Roma Papası da maraqlanır ki, görən Elza kimdir? O şeiri mən yazmamışam. Sizin nə marağınız var ki, Elza Seyidcahanın adından belə bir şeir yazırsınız? Niyə belə şeylərlə mənim adımı gündəmə gətirirsiniz?
- Bəlkə, sizi gözdən salmağa çalışırlar?

- Məni nə qədər gözdən salmağa çalışsalar, mən o qədər ucalıram. Onlar mənim haqqımda olmayan şeyi yazdılar. Mən də onları qanun qarşısında qoydum. Həmin jurnalistləri məhkəməyə verdim. Biz elə bir ölkədə yaşayırıq ki, heç kimi təhqir etmək, onun adına söz çıxarmaq cəzasız qalmır. Maraqlısı da orasındadır ki, adıma şeirlərini çıxaranlar düşünmədilər ki, şeirlərimi yozmaqla məni bu qədər tanıdarlar. Bu mənim xeyrimə işlədi. Məni düşündürən digər məsələ isə odur ki, niyə hədəflərindəki məhz Elzadı? 9 milyonun içində niyə məhz mən? Çünki bilirlər ki, Elza ilə bağlı yazılan bütün xəbərlər oxunur, reytinq gətirir. Elza markadır, brenddir. Özümü heç zaman tərifləmməmişəm. Ancaq deyirəm ki, qoy bilsinlər. Onlar məqsədyönlü şəkildə bunu ediblər. Bəzi jurnalistlər də həmin şeiri mənim adıma yozublar. Elza Seyidcahanın mobil nömrəsi, demək olar əksər mətbuat nümayəndələrində var. Qanunla belədir ki, bir xəbəri yazanda öncə haqqında yazılan şəxsin özünə zəng edib münasibətini öyrənirsən. Mənimlə əlaqə saxlayıb fikrimi öyrənə bilərdilər, ondan sonra xəbəri dəqiqləşdirib yazmalı idilər.
- Gəlin qəbul edək ki, sizin özünüzün yazdığınız şeirləriniz də qınaq obyektinə çevrilir. Bəs buna münasibətiniz necədir?

- Mən o insanlara əhəmiyyət vermirəm. Kimin ürəyi necə istəyirsə, elə də başa düşür. Karın könlündəki məsələdi. Misal üçün, mənim “Ölsünlər” şeirimin bir çox mənası var. Baxır harda ölürsən. Vətən, övlad, torpaq, sevgi yolunda ölmək qürurlu bir ölümdür. Hərə bir cür ölümü seçir. Hərə bir cür yozur. Ümumiyyətlə, fəlsəfi şeirlər hər zaman yozulub. İnsanları qınamıram. O elə görürsə, öz baxışıdır.
- Bəlkə onların savadı sizin şeirlərinizi anlayacaq qədər deyil?..

- Zaman gələcək, özləri başa düşəcəklər. Bilirsiniz ki, mən bir müddət “YUG” Teatrında çalışmışam. Müəllimimiz Vaqif İbrahimoğlu bizə deyirdi ki, “Mən görə bilmərəm, sən gördüyünü”. Doğrudan da elədir. Bu gün görə bilmədiyimizi sabah görəcəyik. Bu məsələdə heç kimi qınamıram. Onların həyata baxışı fərqlidir. Necə görürlər, elə də yazırlar. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Onu da bildirim ki, bəzi mətbuat nümayəndələrinin acığına, yazdığım şeirləri türk, rus, ingilis dillərində çap etdirəcəyəm. Hazırda şeirlərim tərcümə olunur. Onlar məni buna məcbur etdilər. Şeirlərim haqqında yersiz sözlər dedilər. Mən də kitab çıxardım ki, qoy bilsinlər, mənim şeirlərim hansılardır.
- Həmin kitabları xaricdə təqdim etməyi düşünürsünüzmü?

- Əlbəttə. Mənim şeirlərim xaricə də gedib çıxıb. Şeirlərimə monoqrafiyalar da yazılıb. Xaricdə də monoqrafiyalar yazılır artıq. Çıxacaq kitabıma böyük təqdimat etmyi düşünürük.
- “Bakı-2015” birnci Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Bu mötəbər tədbirə necə hazırlaşırsınız?

- Avropa Oyunları ilə bağlı “Qələbələr bizimlədir” adlı yeni əsərim işıq üzü gördü. Artıq ona klip də çəkdirdik. Əsərin sözləri İsmayıl Dadaşova, musiqisi Sevinc Abbasbəyliyə məxsusdur.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər