• şənbə, 27 Aprel, 00:37
  • Baku Bakı 14°C

MDB-nin dağılma təhlükəsi varmı? - Təhlil

14.03.14 09:01 4786
MDB-nin dağılma təhlükəsi varmı? - Təhlil
1991-ci ildə SSRİ-nin süqut etməsindən sonra yaradılan Müstəqil Dövlətlər Birliyinin (MDB) dağıla biləcəyi ilə bağlı ehtimallar var. Xatırladaq ki, Gürcüstan 2008-ci ilin avqustunda Rusiyanın onun ərazisinə qoşun yeritməsinə etiraz olaraq post-sovet ölkələrinin birliyini tərk etmişdi. Hazırda Krım ətrafında cərəyan edən proseslər Ukraynanın da bu qurumdan ayrılacağı barədə ehtimalları artırır.
Bu barədə fikirlərini bizimlə bölüşən politoloq Fikrət Sadıqov Ukraynada qərbyönlü hakimiyyət formalaşacağı təqdirdə, bu ölkənin MDB-ni tərk etməsinin qaçılmaz olacağını dedi: “Bilirsiniz ki, Kiyevdə 25 may tarixindən sonra yeni prezident seçiləcək. Onların yeni prioritetləri isə Qərbə tərəf yönələcək. Hamıya bəllidir ki, Ukraynanın yeni hökuməti Avropa Birliyinə və NATO-ya üz tutacaq. Bütün bunları nəzərə alıb deyə bilərik ki, MDB Ukrayna xarici siyasətindən çıxdaş olacaq. Bunu bu başdan görmək çətin deyil”.
F.Sadıqov vurğuladı ki, MDB Gürcüstanın oranı tərk etməsindən əvvəl də normal fəaliyyət göstərmirdi: “Sözügedən birlik effektiv qurum deyil. Sadəcə olaraq, keçmiş SSRİ ölkələri bir araya yığışaraq onları narahat edən müəyyən problemləri müzakirə edirlər. Daha sonra isə hansısa qərarlar qəbul olunur. Təəssüf ki, bir çox hallarda həmin qərarlar yerinə yetirilmir. Sanki havadan asılmış vəziyyətdə qalır. Digər səbəbləri də nəzərə alaraq, MBD-ni güclü beynəlxalq struktur adlandırmaq mümkün deyil. Bu qurumu vaxtilə Rusiya SSRİ-nin əvəzinə, yəni onun dağılmasının acı nəticələrini qabarıq şəkildə hiss etməmək üçün yaradıb. Orada məsələlər iki və ya üçtərəfli formatda həll olunur. Onu da deyim ki, Azərbaycan ehtiyac olan zaman Rusiya ilə ayrıca münasibət qurur. Hətta digər ölkələrlə də ikitərəfli formatda müqavilələr bağlanır, hansısa layihələrə qol qoyulur. Ona görə də düşünürəm ki, bundan sonra MDB-nin taleyi acınacaqlı olacaq”.
Politoloq Fərhad Mehdiyev də Ukraynanın MDB-dən çıxa biləcəyini, amma bunun birliyin gələcəyi üçün təhlükə yaradacağına inanmadığını bildirdi: “Demək olar ki, MDB öz funksiyasını yerinə yetirib. Rusiyanın digər məqsədləri və istəkləri var ki, bunu da Gömrük İttifaqı çərçivəsində həyata keçirmək niyyətindədir. Yanukoviç hakimiyyətdə qalsaydı, hansı addımı atardı, bunu demək çətindir. Amma Ukraynanın yeni hökumətlə Gömrük İttifaqına daxil olmayacağını qəti şəkildə söyləyə bilərəm. Hazırkı vəziyyət belə davam etsə, Rusiya Krımdan çıxmasa, Ukraynanın MDB-ni tərk edəcəyinə şübhə yeri qalmır”.
F.Mehdiyev qeyd etdi ki, Ukrayna MDB-ni tərk edəcək deyə, qurumun süqut təhlükəsi yaşayacağını düşünmək də düzgün olmaz: “Bu cür beynəlxalq birliklər ortaya qoyduğu mexanizmlər vasitəsi ilə ayaqda dururlar. Məlumdur ki, malların idxalı və ixracı zamanı gömrük tariflərində digər ölkələrə nisbətən güzəştli şərtlər tətbiq edilir. Düzdür, Rusiya iqtisadi inteqrasiyanı daha da yaxşı səviyyəyə çatdırmaq üçün sonradan Gömrük İttifaqını təklif etdi. Amma hər ölkə bu ittifaqa daxil olmaq niyyətində deyil. Ona görə də bəzi funksiyaları MDB-nin həyata keçirdiyini xatırlatmaq istəyirəm. Bu məsələlərə cinayətkarlıqla bağlı mübarizə də daxildir. Həmçinin MDB kontekstində dövlətlər arasında bağlanmış bir çox müqavilələr var ki, onlar öz varlıqlarını qoruyacaqlar. Sadalananları nəzərə alsaq, MDB-yə çökmüş qurum kimi baxmaq olmaz”.
Politoloq onu da söylədi ki, MDB Rusiyanın istədiyi funksiyaları tam olaraq yerinə yetirmədiyi üçün şimal qonşumuz Gömrük İttifaqı mexanizmini ortaya qoydu. Bunu belə anlamaq olur ki, Rusiya özü də MDB-yə çox da uğurlu qurum kimi baxmır: “MDB sadəcə olaraq, inteqrasiyanın ilkin variantı idi. Ondan sonra digər təşkilat layihələri ortaya çıxdı. Təəssüf doğuran məqam odur ki, Rusiya Krımda göstərdiyi davranışla köhnə SSRİ respublikaları üzərində ağalıq kimi hisslərinin olduğunu bir daha nümayiş etdirdi. O, özünü nəinki böyük qardaş, hətta patron kimi aparır, bu ərazilər üzərində hegemonluğunu bərpa etməyi planlaşdırır. Düşünürəm ki, bundan sonra MDB-yə üzv ölkələr müstəqilliklərinin qayğısını çəkmək səbəbilə Rusiyaya qarşı müəyyən mövqe tutacaqlar. Təbii ki, bu durumda hər ölkənin öz davranış tərzi olacaq. Məsələn, Ermənistanın ayrı, Azərbaycanın isə tam başqa mövqeyi olacaq. Bir məqamı da qeyd edim ki, MDB-nin amorf bir qurum olduğu Krım hadisələrindən əvvəl də deyilirdi. Lakin düşünmürəm ki, Ukraynanın MDB-ni tərk etməsi bu qurumun quruluşuna böyük zərbə vuracaq. Onların ruslara vurduğu əsas zərbə başqa istiqamətlərdə olacaq. Məsələn, bilirik ki, Ukrayna Gömrük İttifaqına daxil olmağı planlaşdırmır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər