• şənbə, 27 Aprel, 00:51
  • Baku Bakı 14°C

Mayda niyə toy etmək olmaz? - Sorğu

02.05.14 10:10 1737
Mayda niyə toy etmək olmaz? - Sorğu
Azərbaycanda may ayında toy mərasimlərinin keçirilməməsi ilə bağlı qəribə bir ənənə var. Bəzi insanlar mayda xeyir-bərəkət olmadığını deyir, bəziləri çox yağış yağdığına görə təbiətin ağladığını düşünür, bəziləri isə uğursuz gül hesab edilən yasəmənin indi çiçək açdığına görə bu ayı ağır ay hesab edir. Bunun nə dərəcədə doğru inanc olub-olmadığına əmin olmasaq da, ancaq bir şeyə əminik ki, bu ay ən çox zərər çəkənlər bir restoran sahibləri, bir də müğənnilərdir.
Nəzərə alsaq ki, şou-biznes əhlinin çörəyi toylardan çıxır, biz də sənət adamları arasında sorğu keçirdik, Mayda toylar yoxdursa, bəs görəsən daima çalıb-oxumağa adət etmiş ifaçılarımız mayda nə işlə məşğul olacaqlar? Elə deməyimizə peşman olduq. Kimisi dedi ki, mayda toy etmək olmaz, kimisi də bu ifadələri işlədəni cahil adlandıraraq, inancın xristianlardan gələn bir adət olduğunu iddia etdi. Onların arasında buna sevinənlər də tapıldı.
Bu, sadəcə bəhanədir
Əməkdar artist Gülyaz Məmmədova mayda toyların keçirilməməsi fikri ilə heç də razı olmadığını qeyd etdi. Onun sözlərinə görə, bu ayda heç bir dini yasaq yoxdur, sadəcə olaraq insanlara xristianlardan keçmə inanclardır: “May mənim ayımdır. Çünki mən mayda doğulmuşam. Bu ayda təbiət gözəlləşir. İnsanlar onu bəhanə edirlər ki, mayda meyvə olmur, bərəkətsiz aydır. Gülyanaq öz toyunu mayda edib. Belə ki, biz ona 3 dəfə toy çaldırdıq - biri kəndimizdə, biri Bakıda, biri də Türkiyədə. Bunların hamısı mayda oldu. İndi də çox xoşbəxtdirlər. Mayda qələbə bayramı, ulu öndərimiz Heydər Əliyevin doğum günü keçirilir, Respublika günü qeyd edilir. İndi toyların olmamağına baxmayaraq, biz Gülyanaqla tədbirlərdə iştirak edəcəyik. Şəkidə, Qaradağda Heydər Əliyevin ad günü ilə bağlı konsertlərimiz olacaq. Yəni boş oturmayağıq”.
Gülyaz Məmmədova onu da etiraf etdi ki, hər gün toy-bayram da etmək olmaz: “Müğənnilərin boğazı dincəlməlidir. Onların da istirahət etməyə ehtiyacı var. Sənət adamları hər gün pul dalınca qaçmaz ki”.
Gənc ifaçı Leyla Ramazanlı da bildirdi ki, mayda toyların keçirilməməsi xristianlardan qalma bir adətdir: “Ancaq son zamanlar biz bu sindromu qırmışıq. Belə ki, mayda toy edənlər elə də az deyil. Hətta bu ay mənim iki-üç toyum var. Misal üçün, bu gün (dünən – red.) toydayam. May çox yaxşı aydır. Bu ay nə üçün toy olmur, başa düşmürəm. Yəqin çox adam fikirləşir ki, uğursuzluq olar. Amma may yazın ən gözəl vaxtına düşür”.
Toylarla yanaşı, hər zaman yaradıcılıqla məşğul olduğunu söyləyən Leyla Ramazanlı yeni fotossesiya çəkdirdiyini, yaxın zamanlarda tamaşaçılara təqdim edəcəyini qeyd etdi: “Bu ay “Sənə dəyməz” mahnıma klip çəkdirəcəyəm. Ondan əlavə, yeni bir mahnı da yazdırmağı düşünürəm. Həmişəki kimi tədbirlərdə iştirak edəcəyəm”.
Başqa nə edə bilərik ki?
Tar ifaçısı Humay Qədimova bizimlə söhbətində müğənnilər kimi, özünün də toyların hansı aylarda daha çox olduğunu bildiyi üçün qazandığı pulu toplamağa çalışdığını qeyd etdi: “Bundan başqa gəlir sahəm olmadığı üçün bu üsuldan istifadə edirəm. Pulu ancaq sənətimdən qazanıram. Mən həm də Asəf Zeynallı adına musiqi kollecində müəllimə kimi çalışıram. Bu ay tələbələrimi imtahana hazırlayacağam. Belə çıxır ki, mayda ancaq maaşa baxacağam (gülür)”.
İstedadlı ifaçı Leyla Babayeva indi yaz fəslinin ən gözəl çağı olduğunu, təbiətin oyandığını bildirdi: “Mayda hər tərəf yaşıllaşır, ağaclar çiçək açır, insanın ruhu təzələnir. Ancaq nədənsə mayda toy etməzlər deyirlər. Guya mayda evlənənlər xoşbəxt olmurlar. Əgər belədirsə, bəs nə üçün bu qədər boşanmalar, ayrılıqlar, bədbəxt ailələr var? Axı onlar mayda ailə həyatı qurmayıblar, nə üçün xoşbəxt deyillər? Məsələ orasındadır ki, bunu tək mən deyil, hamı gözəl başa düşür. Amma çox vaxt soyuq aylarda toy etməyə çalışırlar. Gəlinlərimiz soyuq havada donaraq, titrəyərək yağışın, qarın altında tarixə düşürlər. Ondan sonra da 1 həftə xəstə yatırlar. Ancaq nədənsə arxayındırlar ki, soyuq havada toy ediblərsə, deməli xoşbəxt olacaqlar. Vay o günə ki, həmin havada fotoqraf həyətdə fotosessiya eşqinə düşə...”
Mayda toy etməyənləri cahil hesab etdiyini deyən L.Babayeva gələcəkdə bu kimi düşüncələrin olmayacağına inandığını qeyd etdi: “Mayın gəlişinə ən çox sevinənlərdən biri də mənəm. Naşükürlük etmək istəmirəm. Bizim biznes toy biznesi olduğu üçün təbii ki, toylara da gedirəm. Toylarda ifa etmək sizə asan gəlməsin. Bütün toylar da ideal olmur, bəzən məcbur qalıb, heç sevmədiyimiz mahnılar da oxuyuruq. Ona görə də dincəlməyə ehtiyacımız var. Hərdən düşünürəm ki, mayda toy olmaz deyənlər yəqin bizlərdən biri olub (gülür). Sizin vasitənizlə oxuculara demək istəyirəm ki, xoşbəxtlik ayların, fəsillərin deyil, Allahın əlindədir. O, istəsə verər, istəsə alar. Hər kəs layiq olduğu həyatı yaşayır. Buna inanın və mayda toy etməkdən qorxmayın”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər