Mahiyyəti, təkcə saymaqdan ibarət olmayan proses
"Evdən çölə çıxmaq qadağandır. Çünki evə biri gələcək və bizə suallar
verəcək. Həyəcanlı gözlənti qapının zənginin çalınması ilə sona çatırdı. Bir
yetkin adam üçün bəlkə də sıxıcı sayıla biləcək o anlar, 6 yaşında bir uşaq
üçün müdhiş idi. Yetkili şəxs stolda əyləşib evdəkilərə siyahıyaalma ilə bağlı
müxtəlif suallar verdi, amma mən qısa boyumla heç bir şey görə bilməmişdim”.
Bu, 90-cı illərdə Türkiyədə əhalinin siyahıyaalınması prosesini
xatırlayan bir şəxsin fikirləridir. O vaxt uşaqların beyninə həkk olunan
informasiya küçəyə çıxmağın qadağan olunması ilə bağlı verilən göstəriş olub. Çünki
küçəyə çıxanlar haqqında cəza tədbirləri görüləcəyi söylənilirmiş. Bir də evə
qonağın gəlməsi sevinci...
Düzdür, bizdə o cür rejimli
siyahıyaalma prosesi olmayıb, amma artıq 9-cu gündür ki, ölkədə əhalinin
siyahıyaalınması gedir. Bu prosesdə əvvəllər iştirak edənlər də olub, etməyənlər
də. Ancaq siyahıyaalma ilə bağlı insanlarda fərqli suallar yaranır.
- "O gün 10 milyonuncu sakin dünyaya gəldi də, indi nəyi siyahıya
alırlar ki?”
- "Mən əhalinin siyahıyaalınmasında iştirak etməsəm, olar?”
- "Əhalinin siyahıya alınması üçün bizim də qapımızı döydülər. Mənim,
yoldaşımın və uşağın ad, soyad və təvəllüdünü soruşdular, sonra ev haqqında
suallar verməyə başladılar. Dedim kirayə qalıram. Deyir, olsun, neçə otaqlıdır?
Neçə kvadratdır? Maraqlıdır, əhalinin siyahıya alınmasında mənzil və otaqların
sayının qeydə alınması nəyə lazımdır?”
Bu və digər suallara cavab tapmaq üçün siyahıyaalma davam etdiyi bir ərəfədəDövlət Statistika Komitəsində olub
Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyevlə söhbətləşdik.
Ölüm
sayı çıxılır, doğum sayı üzərinə gəlinir
Söhbətə, siyahıyaalmanın məqsədinin yalnız əhalinin sayını müəyyənləşdirmək
olması kimi fikirlərin formalaşması ilə başladıq. A.Abbasəliyev bildirdi ki,
siyahıyaalmanın bir vəzifəsi əhalinin sayını dəqiq müəyyənləşdirməkdir: "Düzdür, siyahıyaalma əhalinin sayını müəyyən edir.
Hər 10 ildən bir keçirilən siyahıyaalmadan əhalinin sayına dair məlumat əldə
olunur. Sonrakı dövrlərdə Dövlət Statistika Komitəsi tərəfindən əhalinin sayına
dair verilən açıqlamalar məhz bu məlumatlar əsasında tərtib edilir. Ölümün sayı
həmin rəqəmdən çıxılır və doğum sayı üzərinə gəlinərək hesab aparılır. Eyni
zamanda, miqrasiya saldosu da - ölkəyə gələnlər və ölkədən gedənlər - həmin
sayda nəzərə alınır”.
A.Abbasəliyev
deyir ki, lakin siyahıyaalma təkcə sayı müəyyənləşdirmək üçün deyil, əhali barəsində
ətraflı, dolğun məlumatların əldə edilmə məqsədilə keçirilir: "Siyahıyaalma və
sorğu vərəqələrinin suallarının cavablandırılmasından əldə edilmiş məlumatlardan,
ölkənin perspektiv inkişaf proqramlarının, proqnozların hazırlanmasında, hər
bir yaşayış məntəqəsi üzrə əhalinin yaşayışının planlaşdırılmasında istifadə
olunacaq. Məsələn, tələb olunan məktəblərin, bağçaların, tibb müəssisələrinin,
mədəniyyət ocaqlarının sayı, iş yerlərinin açılması, əhalinin məşğulluq vəziyyətinin
yaxşılaşdırılması istiqamətində işlər görülməsi üçün o məlumatlar gələcək 10
ildə istifadə olunacaq. Mahiyyət, təkcə saymaqdan ibarət deyil”.
Sorğu
kitabçasındakı suallara gəlincə, A.Abbasəliyev bildirdi ki, siyahıyaalma və
sorğu vərəqələri Azərbaycan Respublikasında müəyyən edilmiş sosial-iqtisadi
siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat
nəzərə alınmaqla hazırlanıb: "Siyahıyaalma vərəqləri
280-ə yaxın göstərici əsasında qurulub. Siyahıyaalma vərəqəsi ölkə üzrə
ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış
üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına
imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi,
yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst
danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya
müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin
ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər
üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində
isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub”.
Yanlış cavab verilərsə...
Ötən
siyahıyaalmada 35 sual olub. Siyahıyaalma qrupunun rəhbəri sual sayının
artırılmasının səbəblərindən də danışdı:
"Əlavələr bəzi göstəricilər üzrə daha dəqiq məlumatların əldə edilməsi
üçündür: "Eyni zamanda ilk dəfə olaraq əlilliyə dair suallar da əlavə edilib.
Bu da öz növbəsində nəyə xidmət edir? Müxtəlif qurumlarda əlillərin sayına dair
kifayət qədər məlumat var. Onları saymağa bir o qədər də ehtiyac yoxdur. Burada
məqsəd onların sosial-iqtisadi vəziyyəti, təhsil, məşğulluq səviyyəsi, mənzil-məişət
şəraitinə və s. dair məlumatların əldə edilməsidir”.
Bəzən sorğulara doğru şəkildə deyil, candərdi, həqiqəti
əks etdirməyən formada cavab verənlər də olur. A.Abbasəliyev deyir ki, bununla
bağlı iki istiqamətdə tənzimləmə mexanizmi qurulub: "Belə hallar
mövcud olur və təbii ki, işimizə mənfi təsir göstərə bilər. Ancaq burda iki məqamı
diqqətə çatdırmaq istəyirəm. Birincisi, sualların qoyuluşu, onların keçidi elə
qurulub ki, candərdi cavab veriləndə, sayıcı bunu artıq yerində tuta bilir.
Çünki sayıcılar elə təlimatlandırılıb ki, bir sualdan digərinə keçəndə, cavabda
uyğunsuzluq olanda, bunu artıq yerində tənzimləməyə çalışır. Burda sual doğuran
məqam yaranır. Yəni sorğu vərəqi elə qurulub ki, sayıcı ilkin mərhələdə belə,
uyğun olmayan cavabları tuta bilir.
Əgər o mərhələdə
gözdən qaçan nüans olursa, bu zaman emal prosesində o cavablar tutuşdurulur.
Siyahıyaalma başa çatdıqda sonrakı mərhələdə 2020-ci ildə siyahıyaalma zamanı əldə
olunan məlumatların elektron məlumat sistemində daxil edilməsi prosesi baş verəcək
və sonra o məlumatların emalı prosesi gedəcək. Bu emal prosesində həm də
suallara cavabların məntiqi yoxlanılması da aparılır.
Düzdür,
bu məsələ bizdə nəzarət altındadır, amma vətəndaş məsuliyyətini özü də hiss etməlidir.
Siyahıyaalmanın məhz vətəndaşlar üçün olduğunu və bu məlumatların onun
sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün lazım olacağını bilməlidir”.
O məlumatlar əldə
olmasa...
A.Abbasəliyevin
sözlərinə görə, 2020-ci ildən sonra emal prosesi başlayacaq. 2022-ci ilin
sonunda siyahıyaalma məlumatları məcmuə şəklində nəşr olunub istifadəçilərə
çatdırılacaq: "Bu siyahıyaalma ilə 10 ildən bir, əhaliyə dair bütün statistika
yenilənir. Hamısına olmasa da, əksər statistik göstəricilərə siyahıyaalmanın təsiri
var. İstər elmi təşkilatlarda, istər müxtəlif
dövlət qurumlarında, istər hökumət tərəfindən qəbul edilmiş qərarlarda
siyahıyaalmadan əldə olunmuş materiallardan geniş istifadə olunur”.
Ölkəmizdə indiyə qədər əhalinin 9 dəfə siyahıyaalınması baş tutub.
1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 1999, 2009 və hazırda 9-cu keçirilir.
Bu, müstəqillik dövründə keçirilən sayca üçüncü siyahıyaalmadır. Əvvəlki
siyahıyaalınma zamanları arasında çox vaxt keçdiyi hallar da olub. Ancaq son
illər 10 ildən bir keçirilir. BMT-nin tövsiyəsinə görə, ölkələr bunu 10 ildən
bir keçirməlidirlər. Bəs vaxtında keçirməmək bir ölkə üçün nə deməkdir? A.Abbasəliyev
deyir ki, bu, artıq ölkənin reytinqi üçün mənfi haldır: "BMT tövsiyə edir ki, 10 ildən bir əhalinin
siyahıyaalınması keçirilsin. Burada
məqsəd ölkələr üzrə müqayisəliliyin təmin edilməsi, hər bir ölkənin inkişaf
templəri, onların əhalisi barədə məlumat əldə edilməsidir. BMT ölkələrin əhalisi
ilə bağlı bu məlumatları əldə edəndən sonra həmin məlumatları dərc edir. Hansı
ölkədə vəziyyət necədir? Məsələn, MDB ölkələrindən elələri var ki, sovet dönəmindən
sonra indiyə qədər siyahıyaalma apara bilməyib. Bu, heç də yaxşı hal deyil.
Beynəlxalq təşkilatlar ölkələrə mütəmadi sorğular göndərirlər. Elə məlumatlar
var ki, onları ancaq siyahıyaalma zamanı əldə etmək mümkündür. O məlumatlar əldə
olmasa, təşkilatlara təqdim edə bilmirsən və bu da ölkənin reytinqi üçün mənfi
hal kimi qiymətləndirilir”.
"Evdə çətin
tapılan şəxslərə məktub”
"Sayıcılar
hələ bizim evə gəlməyiblər” tipli cümlələri bugünlərdə çox adamdan eşidirik.
A.Abbasəliyev qeyd etdi ki, hər bir ev təsərrüfatına gedilməlidir, sadəcə
olaraq, burda gün məsələsi var: "Ola bilər ki, kiminsə evinə siyahıyaalmanın
1-ci günü gedirlər, kiminə də 10-cu günü. Digər məqam odur ki, sayıcı ev təsərrüfatına
gedir, ancaq o getdiyi vaxt evdə heç kimi tapmır. Bizim belə bir sənədimiz var:
"Evdə çətin tapılan şəxslərə məktub”. Əgər sayıcı bir dəfə ev təsərrüfatına gəlirsə,
həmin ünvanda heç kimi tapmırsa, həmin məktubla ev təsərrüfatına müraciət edir,
xahiş edir ki, sayıcı ilə əlaqə yaradılsın, uyğun vaxtda sayıcı həmin ünvana gələrək
onları siyahıyaalmadan keçirsin”.
A.Abbasəliyev
sonda bildirdi ki, bu, məcburi proses deyil: "Heç kimi siyahıyaalmada iştiraka
məcbur etmək olmaz. Bu proses heç bir sənəd tələb edilmədən, şifahi sorğu əsasında
aparılır. Şifahi formada əldə edilən məlumat əsasında sayıcılar sorğu vərəqələrini
doldururlar. Ancaq digər tərəfdən, siyahıyaalmada iştirak hər bir azərbaycanlının
vətəndaşlıq borcudur. Hər bir ölkə sakini siyahıyaalmada iştirak etməlidir ki,
burda tam əhatəli statistik məlumat əldə edilsin. Ölkə başçısı özü
siyahıyaalmanın birinci günü iştirak etdi, bu özü də siyahıyaalmanın əhəmiyyətindən
xəbər verən amildir. Bu prosesdə iştirak hər kəsin vətəndaşlıq borcudur”.
Aygün
Asimqızı
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir