• şənbə, 27 Aprel, 06:15
  • Baku Bakı 12°C

Ölüm, qətl, zorakılıq… - Sorğu

28.01.14 09:52 1830
Ölüm, qətl, zorakılıq… - Sorğu
Zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların ölüm saçan xəbərlərinin sosial mediada və KİV-də işıqlandırılmasını psixoloqlar cəmiyyətdə aqressiyanın başlanğıcı hesab edirlər. “Bəd xəbərlər cəmiyyəti cinayətə sürükləyir” deyən psixoloqlar və sosioloqların fikirləri isə “xəbər hər şeydən önəmlidir” deyən KİV və yeni media tərəfindən birmənalı qarşılanmır.
İctimai diskussiya yarada bilən informasiyalar

Xəbərlərin mahiyyətinin fərqli olduğunu bildirən media eksperti Ələsgər Məmmədli hesab edir ki, hər hansı bir əsgərin zorakılığa məruz qalması və ya öldürülmə faktı, xüsusilə komandir-əsgər münasibətindən doğan ölüm səbəbi varsa, bu, ictimai əhəmiyyət daşıyır və bu cür xəbərlərdən cəmiyyət xəbər tutmalıdır: “Ancaq davamlı olaraq hər hansı bir sayt yalnız ölüm xəbərlərini paylaşırsa bu, cəmiyyətdəki real vəziyyəti əks etdirə bilməz. Normalda hər on min və ya yüz min nəfərə ölüm sayı bir nəfərdirsə, xəbərlərdə bu, bəzən 3-5 faizə gəlib çatırsa, demək burada disbalans var. Nəticə etibarı ilə biz elə etməliyik ki, bu xəbərlər cəmiyyətdəki bütün informasiyaları əhatə edən xəbərlər kateqoriyasında olsun və ictimai əhəmiyyət daşısın. O xəbərlər ictimai əhəmiyyət daşıyır ki, orada ya ölüm səbəbləri mübahisəlidir, ya ölümə təhrik və təşviq edilən məqamlarda kimlərsə suçludur. Bunlar hadisə kimi də önəm daşıyır”.
Ekspertin fikrincə, sıradan olan hər ölüm hadisəsini xəbərə çevirmək düzgün deyil. Belə ki, bir çox insanlar bu tip xəbərləri oxuduğu və ya seyr etdiyi zaman bəzən psixoloji təsirə düşüb həmin zəncirə qoşula bilər: “İntihar xəbərləri bəzən bu cür baş verir. Bəzi intiharların səbəbi də maraqlıdır. Məsələn, ana körpə dünyaya gətirir və dərhal intihar edir. Bunun səbəblərini tapmaq üçün ictimai diskussiya etmək lazımdır. Yəni bu hadisələrin hamısını gizlətmək olmaz. Media toplum mühəndisliyi deyil. Nəyi necə verəcəyini də qabaqcadan planlaşdırıb verə bilməz. Media aktual olduğunu, ictimai əhəmiyyət daşıdığını bildiyinə görə “xəbər” deyə hər şeyi ölçərək verməlidir. Əgər media «Cəmiyyət yalnız xoşbəxt olsun, orada heç vaxt bəd xəbər olmasın» - deyərsə, öz vəzifəsini yerinə yetirə bilməz və toplum mühəndisliyinə başlamış olar”. Ekspertin fikrincə, heç bir anlam daşımayan, cəmiyyətə heç bir mesaj verməyən məqamları media özü seçməli və xəbər kimi cəmiyyətə təqdim etməməlidir. Belə ki, bu seçimdə çox şey peşəkarlıq üzərində nöqtələnir: “Media hər informasiyanı informasiya kimi təqdim edə bilirmi, yoxsa yalnız kriminallara yönələ bilir? Media hər məqamda diskussiya predmeti ola biləcək məqamı işıqlandıra bilmir, daha çox hüquq-mühafizə orqanlarının kriminal xronikasına yönəlir. Bu zaman kriminal xəbərlərin gündəmdəki yeri şişirdilmiş olur. Bu da ciddi şəkildə görüntü fərqliliyi yaradır. İnsanlar fərqli psixoloji duruma sahibdirlər. Hər xəbər hər insanı fərqli nəticəyə aparıb çıxarır. Bu həmçinin ölümün adi bir hadisə olması anlamına səbəb olur. Kiminsə psixoloji problemi varsa, o da əlinə bir alət götürür, ya özünə, ya da başqasına xətər yetirir. Ona görə burada medianın peşəkarlığı önəmlidir ki, gerçək dəyəri olan, ictimai diskussiya yarada bilən informasiyaları ictimaiyyətə açsın”.
Qadağa ilə yox, peşəkarlıqla

Bütün dünyada qətl hadisələrini ən çox oxunan və baxılan xəbərlər siyahısına daxil olduğunu qeyd edən Yeni Media Jurnalistləri İctimai Birliyinin rəhbəri Xəqani Səfəroğlu hesab edir ki, kriminal xəbərlər cəmiyyətin özündən qaynaqlandığı üçün həmişə böyük marağa səbəb olur: “Bu, bir növ real hadisə olduğu üçün insanlar ona daha çox diqqət yetirirlər. Bütövlükdə baxanda ölkənin yeni mediasında, mətbuatda, elektron mediada və sosial şəbəkələrdə ilk baxışdan elə bir təəssürat yaranır ki, qətl hadisələri, intiharla bağlı xəbərlər və s. ilkin sıralarda yer alır. Bu da müəyyən narahatlıqlar doğurur”. Ekspertin fikrincə, ən böyük narahatlıq kriminal xəbərlərin təsiri altında aqressiv mühitin və ovqatın formalaşmasından ibarətdir. Belə ki, bunun müəyyən amillərindən biri xəbər proporsiyasının düzgün bölünməməsidir. “Bizim ölkəmizdə bəzi xəbərlərin - sosial, siyasi müstəvidə olan xəbərlərin arxa plana keçməsi ilə bağlıdır. Nəticədə kriminal və şou xəbərlər daha üstünlük təşkil etməyə başlayır. Avropa ölkələrində, hətta Rusiyada belə kriminal xəbərlərlə bağlı xüsusi saytlar, jurnallar fəaliyyət göstərir və informasiyalar təhqiq olunur. Hadisə baş veribsə məhkəmə işi araşdırılır, şahidlərlə bağlı məqalələr yazılır, proses haqda məlumat verilir və qətlin baş verməsinin sosial aspektləri göstərilir. Həmçinin hadisə ilə bağlı maarifləndirmə xətti də üstünlük təşkil edir. Azərbaycanda isə cinayət hadisələri ilə bağlı yalnız hüquq-mühafizə orqanlarından alınan xəbərlər təqdim olunur. Bəzən bu xəbərlər həqiqəti əks etdirmir. Sosial şəbəkələrin və yeni medianın fəaliyyət göstərdiyi şəraitdə bu cür xəbərləri bir dəfə paylaşmaq kifayət edir ki, hər tərəfə yayılsın. Bəzən hadisə baş verir, ancaq 10-15 dəqiqədən sonra təkzib olunur. Və artıq xəbər yayıldığı üçün bunun qarşısını heç cür almaq olmur. Bu da internet medianın özəlliyidir”.
İB rəhbəri hesab edir ki, bütövlükdə cəmiyyətdə kriminal xəbərlərin payının çox olması müəyyən bir narazılıq yarada bilər. Xüsusən yeni qəzet oxumağa başlayan, sosial şəbəkələri izləyən gənclər həssas dövrlərini yaşadıqlarından psixoloji narahatlıq keçirə bilərlər: “Ən çox narahatlıq doğuran məsələlərdən biri də qətllərlə bağlı fotoların paylaşılmasıdır. Bu ciddi şəkildə peşə etikası qaydalarını pozur. Ölən adamın üzü, qan izləri, meyitin doğranmış hissələri göstərilməməlidir. Qətl hadisələrini şərti bir foto ilə və ya həmin insanın üzü və ya müəyyən hissələrini örtülmüş formada göstərmək olar. Bu, həm sosial şəbəkələrə, həm də KİV-ə aiddir. Sanki bir yarış gedir. «Kim daha canlı göstərir, kim daha detalları ilə təsvir edə bilirsə” sanki özünü həmin xəbərin mənbəyi kimi təqdim edir. Bu da cəmiyyətdə aqressiv bir mühitin formalaşmasına səbəb ola bilər”. Ekspertin fikrincə, televiziyalardakı kriminal verilişlərdə də uzun-uzadı diskussiyaların aparılması məqbul deyil: “Medianın vəzifəsi xəbəri vermək və ya ictimai əhəmiyyəti varsa onunla bağlı detalları açmaqdır. Amma adi bir kriminal olayı xüsusi bir vurğuyla, baş xəbər kimi təqdim etmək düzgün deyil. Çünki bu, ən çox uşaqlara təsir edir. Belə ki, indi onlar da internetin aludəçisinə çevriliblər». Ekspert qətllərlə bağlı xəbərlərin və ya fotoların KİV-də və sosial şəbəkələrdə yer alması üçün hər hansı bir qadağanın tətbiq olunmasını əhəmiyyətsiz hesab edir. Belə ki, sadəcə Mətbuat Şurasının qəbul etdiyi peşə kodeksinə əməl etmək lazımdır: “Özünə hörmət edən hər KİV peşə etikasını gözləməyə borcludur. Bunun üçün sadəcə işin başında peşəkarlar olmalıdır – ən vacibi də budur. Problemin qarşısını qadağa ilə yox, peşəkarlıqla almaq olar”.
Bu yazılmalı, göstərilməlidir...

Müsavat.com saytının redaktoru Xalid Kazımlı dəqiqləşməyən materialların KİV-də yer almasını yolverilməz hesab etsə də baş verən hadisələrin gizlədilməsinı də bir o qədər yolverilməz sayır: “Yəni bir hadisə baş veribsə bu artıq sosial hadisədir. Kriminal hadisə olub-olmamasından asılı olmayaraq bu yazılmalı, göstərilməlidir. İctimaiyyət bundan xəbərdar olmalıdır. Çünki bu kimi hadisələr gizlədilərsə onun nə qədər xroniki və ya kütləvi olması ortaya çıxa bilməz. Nəticədə həmin hadisələri ortaya çıxaran mühit barədə müzakirə açılmaz və problem həll olunmaz. Tutaq ki, dalbadal intihar hadisələri baş verirsə və bu artıq ictimailəşirsə mütəxəssislər dərhal bu barədə öz fikirlərini açıqlayırlar, bu, ictimai müzakirəyə səbəb olur. İntiharları doğuran səbəblər müəyyənləşir, səlahiyyətli orqanlardan və ya vətəndaş cəmiyyətindən tələb olunur ki, bu problemin həlli ilə məşğul olsunlar. Əgər biz bunu mətbuatdan gizlədiriksə ictimaiyyətdən də gizlətmiş olacağıq və bu problem həzin-həzin yanan ocaq kimi uzun müddət davam edəcək”.
Bununla belə redaktor hesab edir ki, toydan hansısa gəlinin qaçması və ya hansısa bir müğənninin öz ailəsi ilə konfliktdə olması ictimai müzakirə olunası məsələ deyil, sarı xəbərdir: “Bu, lokal məsələdir, bu xəbəri hansısa sarı mətbuat verə bilər. Ancaq ölkənin ən ciddi saytları bu xəbərləri verirsə, buna silsilə məqalələr həsr edirsə, bu, anormallıqdır”. Kriminal hadisələrin cəmiyyətdə aqressivlik yaratmasını iddia edən psixoloqların fikrinə gəlincə, X.Kazımlı bunu yanlış hesab edir: «Baxaq görək, qətl törədənlərin 99 faizi ömründə bir dəfə qəzet oxuyubmu? Qətl törədənlərin, cinayətkarların dünyası ayrıdır. Qəzet oxumaq, televiziyada xəbərləri izləmək onların dünyasına aid deyil. Bu gün hətta, ölkənin bir faizi belə qəzet oxumur. “Hansısa mətbuat orqanı bu mövzuda yazdı deyə, qətllər çoxaldı” fikri isə inandırıcı deyil. Ola bilər, televiziyanın müəyyən təsiri olsun, amma bu, qəzetlərin yazmasından asılı deyil”.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevin fikrincə, kriminal hadisələr və faciələrə KİV-də məhz bu mövzuya olan marağa görə geniş yer verilir: “Bu yanaşma təkcə Azərbaycanda yox, digər dövlətlərdə də mövcuddur. Xüsusilə internet saytlarında və informasiya portallarında kriminal xəbərlərə geniş yer verilir. Bunun düzgün və ya səhv olduğunu müəyyən etmək çətindir. Çünki bir qrup bunu normal hesab edir və bu tipli xəbərlərin mətbuatda yer almamasını jurnalistikanın obyektiv və şəffaflıq prinsiplərinə zidd sayır. Digər bir qrup isə əksinə bu tipli xəbərlərə geniş yer verilməsinin sonda insanların psixologiyasına təsir etməsi kimi fəsadlar yaratdığını iddia edir”. İB sədrinin fikrincə, bu tip xəbərlərin neqativ mövqe ilə üzləşməsi onların auditoriyaya çatdırılmasında yol verilən sırf jurnalistika standartlarına əməl olunmaması ilə bağlı problemlərdir. “Misal üçün, cinayət baş verib, bu faktı araşdıran müxbirlər isə faktı dəqiqləşdirməmiş məlumat yayır, saxlanılan şəxsi cinayətkar adlandırır, halbuki həmin şəxsin rəsmi olaraq cinayəti törətdiyi təsdiqlənməyib. Cinayət ərazisindəki qanlı və ya digər xoşagəlməz görüntülər heç bir zəruri montaj olmadan, ilkin variantda efirə verilir. Əlbəttə bütün bunları ciddi qüsur saymaq olar. Digər tərəfdən, kriminal və faciə xəbərlərinin mətbuata çıxmasının yalnız istisna hallarda qarşısını almaq münasib olar. Dövlət maraqlarına zidd bir hal yaranarsa və ya hadisənin baş verdiyi ailənin fərdlərinin tələbi ilə bu məlumatların KİV-də yayılmasına müəyyən məhdudiyyətlər qoymaq olar. Amma digər hallarda bu xəbərlərin istənilən halda peşəkar jurnalistika standartlarına uyğun formada yayılmasında heç bir problem görmürəm”. Bu cür hadisələrin mətbuatda yer almasının cəmiyyəti aqressivləşdirməsinə gəlincə, ekspert hesab edir ki, bu fikirdə müəyyən qədər həqiqət var: “Amma təsəvvür edin, hadisə baş verir və heç bir media orqanı bu hadisəni işıqlandırmır. Bu tamaşaçılarda təəccüb və narazılıq hissi doğura bilər. Mən hadisənin insanlara düzgün çatdırılmasının tərəfdarıyam. Bu zaman maarifləndirməyə xüsusi yer verilməlidir. Yəni hadisə baş verməsinin səbəbləri ciddi araşdırılmalı, bu tipli hadisələrin bir daha baş verməməsi üçün təkliflər səsləndirilməli, çıxış yolları göstərilməlidir. Bu zaman cəmiyyətdə xüsusi çəkiyə malik şəxslər, ictimai xadimlər, dövlət adamları və psixoloqların məsələ ilə bağlı mövqelərinə geniş yer verilməlidir. Bütün bu deyilənlərə düzgün riayət olunsa biz bu sahədə ciddi problemlərlə üzləşmərik”.
Ekspertlərin fikirləri haçalansa da, hələ ki, hər gün baş verən qətl və qəza hadisələri, dəhşətli cinayətlər haqqında efir, mətbuat və sosial şəbəkələrdən xəbər tuturuq. Hələlik bəd xəbərlərin KİV-də və sosial mediada yer alması ilə bağlı hər hansı nəzarətin olub-olmayacağını qabaqcadan deyə bilmərik. Ancaq əgər məsələ artıq bütün dünyada narahatlıq doğurmağa başlayıbsa, demək düşünməyə dəyər...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər