• cümə, 26 Aprel, 18:50
  • Baku Bakı 22°C

Lukaşenko Moskvaya “yox” dedi

07.11.18 18:08 571
Lukaşenko Moskvaya “yox” dedi
Belarusda Rusiya hərbi bazasının yaradılması barədə yayılan xəbərlərə bu ölkənin prezidenti Aleksandr Lukaşenkodan özünəməxsus cavab gəlib. Məsələ ondadır ki, Rusiya mediası və siyasiləri neçə gündür ki, ABŞ-ın Polşa ərazisində baza yaradılmasının əvəzində, Belarusda da analoji kontingentin qurulmasını irəli sürür. Bu təşəbbüs hətta o qədər geniş vüsət alıb ki, Qərb dərhal Belarusa amerikalı analitiklərdən ibarət qrupu göndərmək qərarına gəlib. Başlanan isterikaya prezident Aleksandr Lukaşenko amerikalı heyətlə görüşdə nöqtə qoyub: "Siz ekspertlərə, tək xarici siyasətlə bağlı deyil, həm də hərbi-siyasi məsələlərdə Qərb və Şərq arasında qarşıdurmanın nə ilə nəticələnəcəyini başa salmağa lüzum yoxdur. Bizim ölkə qəti şəkildə hər hansı bir münaqişələrdə - istər qaynar, istərsə də dondurulmuş münaqişələrdə iştirakda maraqlı deyil. Nə qonşu dövlətlər, nə də ətraf ölkələrdə. O ki qaldı baza məsələsinə - bu, ümumiyyətlə yolverilməzdir”. Lukaşenko vurğulayıb ki, Belarusun hərbi doktrinası sırf müdafiə xarakteri daşıyır. Onun sözlərinə görə, Rusiya hərbi bazasına zərurətin olması şişirdilmiş məsələdir. "Biz Rusiya ilə hərbi-siyasi ittifaqdayıq. Burada hərbi baza olacaq, olmayacaq - heç bir əhəmiyyət kəsb etmir. Bir də ki, bazanın burada olmasına ona görə razılıq vermirik ki, suveren və müstəqil dövlətik. Yox, ona görə bunu etmirik ki, burada o gərək deyil. Biz Rusiya ilə hərbi müdafiə planını üzərimizə düşən öhdəliklər çərçivəsində həll edirik”, - deyə o bildirib. Belarus prezidenti onu da deyib ki, ölkəsinin ərazisində belə bir bazanın yaradılmasına heç bir zərurət yoxdur. Onun sözlərinə görə, zərurət olanda Rusiya ərazisindən qalxan təyyarə beş dəqiqəyə Belarus ərazisində olur. "Belə olan halda, mümkün işğalçının hücumunun hədəfinə çevrilməyə nə ehtiyac var? Həmin baza dərhal hücum obyektinə çevriləcək”, - deyə o bildirib.
Lakin Rusiya mediası iddia edir ki, Lukaşenkonun özünü bu ajiotaja aidiyyəti var. Məsələn, "Nezavisimaya qazeta” yazır ki, Lukaşenko Polşa ərazisində "əlavə” hərbi bazanın yaradılması barədə təşəbbüsə cavab verəcəyi barədə çılğıncasına bir bəyanat səsləndirib. Dərhal da bu bəyanat, Vaşinqtonda, Belarus ərazisində birgə Rusiya-Belarus hərbi bazasının yaradılmasına cəhd kimi qarşılanmışdı. Nəşr yazır ki, Minsk qəti şəkildə Polşa ərazisində hərbi bazanın yaradılmasına qarşı çıxır. ABŞ isə buna baxmayaraq, bu ölkənin ərazisində tank əleyhinə diviziya yerləşdirmək niyyətindədir. Bir faktı da qeyd edək ki, Belarus ərazisində Rusiyanın iki kiçik hərbi bazası mövcuddur. Lakin bunlar hərbi kontingent deyil. Bunlardan biri raket hücumu barədə xəbərdarlıq edən "Volqa” radiolokasiya stansiyası, digəri isə Hərbi Dəniz Qüvvələrinin rabitə sistemidir.
Bir çox ekspertlər isə bu qənaətdədirlər ki, Vaşinqtonun Polşa ərazisində tank əleyhinə müdafiə bazasının yaradılması barədə təşəbbüsü, Moskva və Minskin hərbi sahədə münasibətlərini möhkəmləndirə bilər. Rusiya və Belarus Kollektiv Müdafiə üzrə Müqavilə Təşkilatında (KTMT) birgə əməkdaşlıq edir, təlimlər həyata keçirirlər. Məsələn, ötən il hər iki ölkə NATO-nun keçirdiyi təlimlərə cavab olaraq "Qərb-2017” irimiqyaslı təlimləri həyata keçirib. Təlimlərdə təxminən 12,7 min hərbçi (Belarusdan təxminən 7,2 min, Rusiyadan təxminən 5,5 min hərbçi) iştirak edib. Döyüş atəşi, gücdən və aviasiya vasitələrindən, hava hücumundan müdafiə qüvvələrindən istifadə ilə bağlı taktiki epizodlar Rusiya ərazisindəki üç, Belarusdakı altı poliqonda və Dretun ərazisində keçirilib. Rusiya o zamanbəyan etmişdi ki, təlimlər sırf müdafiə xarakteri daşıyır, hansısa ölkəyə və ya ölkələr qrupuna yönəlməyib. Lakin buna baxmayaraq, təlimlər Ukraynada və Baltik ölkələrində, o cümlədən Polşada xüsusi narahatlıq doğurmuşdu.Rusiya Federasiyasının bu təlimlərdən hətta Ukraynaya müdaxiləyədək öz məqsədləri üçün istifadə edə biləcəyi haqındakı bəyanatlar hərbi təlimlərə hazırlığın elan edilməsindən ta indiyə qədər bitmək bilmir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibiAleksandr Turçinovbildirmişdi ki, strateji komanda-qərargah təlimləri əslində Rusiya və Belarus silahlı qüvvələrinin birgə strateji təlimləridir. Onun məlumatına görə, söhbət praktiki olaraq Rusiyanın Avropa hissəsinin bütün ərazisində (RF Silahlı Qüvvələrinin "Şimal”, "Qərb” və "Cənub” Hərbi Dairələrinin hərbi-inzibati sərhədləri daxilində) – işğal olunmuş Krımda və digər Ukrayna ərazilərində, Ukrayna sərhədləri boyu, o cümlədən Donetsk, Slobojansk və Polessk istiqamətlərində, Belarusda, həmçinin Aralıq dənizində və Suriyada təlimlərin keçirilməsindən gedir.
Beləliklə, gəlinən qənaət budur ki, Lukaşenko təkzib etsə də, Polşa ərazisində ABŞ hərbi bazası yaradılarsa, Moskva da Belarus ərazisində hərbi baza məsələsini gündəmə gətirə bilər. Deməli, nə vaxtsa Belarus ərazisində yeni və daha irimiqyaslı hərbi bazanın qurulması müzakirə predmeti ola bilər.

Azər
banner

Oxşar Xəbərlər