• cümə axşamı, 02 may, 01:52
  • Baku Bakı 15°C

Ölkəmiz NATO-nun yeni fəaliyyət planını qəbul edə bilərmi?

03.04.14 09:03 1352
Ölkəmiz NATO-nun yeni fəaliyyət planını qəbul edə bilərmi?
Rusiyanın Krımı ələ keçirməsindən sonra NATO Şərqi Avropada mövqelərini gücləndirmək üçün fəaliyyət planı qəbul edib. Bu barədə Virtualaz.org saytı məlumat yayıb. Bildirilir ki, Almaniyanın “Spiegel” jurnalının redaksiyasına NATO-nun Tərəfdaşlıq Komitəsi tərəfindən ötən həftə qəbul edilən, Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın gücləndirilməsinə dair praktiki tədbirləri müəyyən edən “məxfi” qrifli sənəd daxil olub.
Jurnalın yazdığına görə, Qərblə Rusiya arasında “yeni buz dövrünün” başlaması NATO-ya yeni impuls verib. Şimali Atlantika Alyansı Şərqi Avropada daha böyük nüfuza malik olmaq və bununla kifayətlənməyərək Şərqə doğru irəliləməyə can atır. Yeddi səhifədən ibarət məxfi sənəddə deyilir ki, NATO regiondakı müttəfiqlərinə hansı yolla daha yaxşı dəstək vermək yollarını diqqətlə öyrənməlidir.
Sənədə görə, NATO Azərbaycan, Ermənistan və Moldovanı alyansın smart-müdafiə layihələrində iştiraka həvəsləndirəcək. Bura həmin ölkələrə silah satılması, hərbi potensialdan daha yaxşı istifadə olunması üçün bu potensialın birləşdirilməsi və xüsusiləşdirilməsi daxildir. Hər ölkə üzrə ayrıca fəaliyyət planı hazırlanıb. Sənədə görə, Moldovada NATO-nun iştirakı gücləndiriləcək. Azərbaycanla kiber və energetika təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndiriləcək, Ermənistanda isə NATO silahlı qüvvələrə hazırlıq keçəcək. NATO-nun bu planlarının həmin üç ölkə ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil.
Bu xəbər mətbuatda sürətlə yayılıb və maraqla qarşılanıb. Lakin sənədin reallaşdırılacağı çoxlarında şübhə doğurur. Məsələyə politoloqların münasibətini öyrəndik.
Politoloq Mübariz Əhmədoğlu qəzetimizə açıqlamasında söylədi ki, bu cür fəaliyyət planının baş tutması mümkün deyil: “Azərbaycan çox ciddi siyasi xətti olan dövlətdir və yalnız düşünülmüş addımlar atır. Biz gəlir-çıxarı düzgün hesablayıb yaxşı və pis məqamları götür-qoy edirik. Sonra isə buna müvafiq addımlar atırıq. Qeyd etməliyəm ki, NATO üzv qəbul etməklə bağlı bir həftə ərzində iki dəfə mövqe dəyişir. Özü də bu cür fikirləri təsadüfi adamlar səsləndirmirlər. Əvvəlcə ABŞ prezidenti Obama dedi ki, NATO-ya yeni üzvlərin qəbulu dayandırılıb. Ukrayna da üzv olmaq üçün ərizə verməyib. Yəni, heç bir dövlət NATO-ya üzv kimi qəbul oluna bilməyəcək. Mənə elə gəlir ki, Obama Rusiya ilə qarşıdurmaya getməkdən çəkinir. Buna görə də belə mövqe sərgiləyirdi. Amma sonra NATO-nun baş katibi Rasmussen əvvəlcədən nəzərdə tutulmuş dövlətlərin NATO-ya üzv ola biləcəkləri barədə bəyanat verdi. Daha sonra isə ABŞ dövlət katibi Con Kerri elan etdi ki, istənilən Avropa dövləti NATO-ya üzv ola bilər. Göründüyü kimi, ortada belə ziddiyyətli mövqelər var”.
M.Əhmədoğlu vurğuladı ki, Qərb Ukrayna ilə bağlı heç yekun qərara gəlməyib. Bilmirlər onlara hərbi kömək etsinlər, ya yox: “Əslində, onlar Ukraynaya «quru pay» verdilər. Ruslar buna «suxoy payok» deyir. Ölkəmizlə bağlı sənədə gəldikdə isə, düşünürəm ki, bunlar hamısı ortalığa atılan ideyalardır. Azərbaycan, Moldova və Ermənistanın söylənilənlərə nə cür reaksiya verəcəyini yoxlamaq istəyirlər. Belə demək olar ki, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O, Azərbaycanın rolunu dərk edən çox mühüm Qərb strukturundan biridir. Tutaq ki, Avropa İttifaqına nisbətən vəziyyətimizi daha yaxşı başa düşür. Amma NATO da hələ deməyib ki, Dağlıq Qarabağ məsələsi qısa müddət ərzində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır. İndi isə sənəd hazırlayır ki, Azərbaycanla Ermənistan birləşib Rusiyanın bir növ, üstünə getsin. Belə hal baş verə bilməz. Onlar illər öncə birləşərək torpaqlarımızı işğal etdilər. Biz onların arzuladığı kimi davrana bilmərik. 20 ildən çox zaman keçib. Hələ də dərk etmirlər ki, Ermənistanla dərin inteqrasiyaya gedə bilmərik. Əgər NATO fərdi əməkdaşlıq planı təklif edirsə, bu ayrı məsələdir”.
Rusiyanın nə cür reaksiya nümayiş etdirə biləcəyi məqamına da toxunan politoloq qeyd etdi ki, ölkəmiz üçün heç bir qonşu dövlət təhlükə yarada bilməz: “Azərbaycanın yürütdüyü siyasət kifayət qədər hərtərəflidir. Ölkəmiz ölçülüb-biçilmiş, düşünülmüş qərarlar verir. Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla hər hansı bir hərbi bloka qoşulmayacağını və istər regional, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə sülhsevər yanaşma ortaya qoyacağını elan edib. Biz nə şimal tərəfdən, nə də Qərbdən gələn bloklara qoşulmaq niyyətində deyilik. Ölkəmiz blokdan kənar, neytral siyasətini davam etdirir”.
Politoloq Elxan Şahinoğlu da NATO-nun bu istiqamətdə genişmiqyaslı addımlar atacağına inanmadığını bildirdi. Söylədi ki, deyilənlərin baş tutması üçün ilk növbədə adıçəkilən ölkələr bununla bağlı öz razılıqlarını verməlidirlər: “Təbii ki, qarşı tərəfin istəyi olmadığı təqdirdə, hazırlanan sənəd baş tutmayacaq. Sadalanan ölkələr arasında Moldova NATO ilə əməkdaşlığın genişləndirilməsində xüsusi maraqlıdır. Hətta ola bilər ki, onlar bu istiqamətdə müəyyən addımlar atsınlar. Düzdür, Azərbaycanın özü də müəyyən qədər tərəfdaşlıq etməkdə maraqlıdır. Müdafiə naziri dəyişdikdən sonra yeni müdafiə nazirimiz NATO ilə əməkdaşlığa önəm verib Brüsselə səfər etmişdi. Çox yaxşı haldır ki, NATO-nun “Fərdi tərəfdaşlıq planı” çərçivəsində əməkdaşlıq inkişaf etməkdədir. NATO da ölkəmizlə yaxşı münasibətlərinin olmasını istəyir. Amma bu o demək deyil ki, Azərbaycan NATO-nun hər istədiyini edəcək. Ona da inanmıram ki, NATO və Ermənistan arasında geniş əməkdaşlıq inkişaf edəcək. Çünki işğalçı ölkə BMT-də Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməklə Qərbi narazı salıb. Bundan sonra aydındır ki, Ermənistan özü də NATO ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olmayacaq. Ermənistana müttəfiq kimi baxılması mümkün deyil. Rusiyanın mövqeyinə qaldıqda isə, Azərbaycanın NATO ilə münasibətlərinə görə hər hansı təzyiq göstərəcəyinə inanmıram. Çünki ölkəmiz o quruma üzv deyil, sadəcə əməkdaşlıq edir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər