• çərşənbə, 08 May, 22:10
  • Baku Bakı 18°C

Liderlik yenə Azərbaycandadır

07.02.14 08:04 1117
Liderlik yenə Azərbaycandadır
Xəbər verdiyimiz kimi, fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr haqda danışıb.
Ölkə başçısı bildirib ki, 2004-cü ildə qəbul edilən birinci beş illik proqram regionlarda böyük dönüş yarada bilib: “Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu oldu. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”.
İlham Əliyev qeyd edib ki, son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib, bu müddətdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə başçısının sözlərinə görə, son illərdə bu artım daha çox qeyri-neft sektorunun hesabına baş verir: “Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz artıb”.
Dövlət başçısı bildirib ki, neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın real sektoruna, infrastruktur layihələrinə istiqamətləndirilib. Ölkənin valyuta ehtiyatlarının ildən-ilə artdığını vurğulayan İ.Əliyevin sözlərinə görə, ölkə iqtisadiyyatına böyük investisiya qoyulub. Bu investisiya hesabına sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası mümkün olub: “Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir”.
Görülən işlərin nəticəsi olaraq iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkədə 1 milyon 200 min iş yeri açılıb ki, onların 900 mini daimidir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşüb. İşsizlik 5 faiz təşkil edir. Xarici dövlət borcumuz 8 faiz təşkil edir ki, rəylərə görə, bu da dünya miqyasında ən yüksək göstəricidir: “Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq. Qoyulan investisiyalar ya xaricdən cəlb edilən investisiyalardır, ya da ki, dövlət büdcəsindən ayrılan, o cümlədən Dövlət Neft Fondunun hesabına qoyulan vəsaitdir. Yəni, biz beynəlxalq maliyyə bazarlarından maliyyə resursları cəlb etməmişik. Yəni, onları çox aşağı səviyyədə cəlb etmişik ki, ölkə borclanmasın. Bu gün inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir. Misal üçün, xarici dövlət borcunun 50 faizi ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30 milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə olacaqdır. Yəni, bu, Azərbaycanın iqtisadi potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici borcun aşağı səviyyədə saxlanması hesab edirəm ki, düzgün siyasət olacaqdır”.
İlham Əliyev qeyd edib ki, son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilib. Sərmayənin həcminin daha da artdığını vurğulayan dövlət başçısı əlavə edib ki, ötən il rekord səviyyəyə çataraq Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub: “Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır. Düzdür, daxili sərmayələrin tərkibində dövlət investisiya xərcləri hələ ki, üstünlük təşkil edir. Bu da təbiidir. Çünki infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım olan digər proqramlar icra edilir. Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu artırır”.
Sahibkarlığa göstərilən dövlət qayğısından danışarkən prezident bildirib ki, sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunub, maliyyə resursları cəlb edilib, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondu hesabına 1 milyard 200 milyon manat investisiya qoyulub, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilib, sahibkarlığın inkişafı üçün xüsusi tövsiyə planları tərtib edilib. Ölkə başçısı qeyd edib ki, bir neçə il əvvəldən əsas ərzaq məhsulları ilə özümüzü 100 faiz təmin etmək öhdəliyi qoyulsa da, hələ ki buna çatmamışıq: “Ancaq sahibkarların fəaliyyəti hesabına və düşünülmüş dövlət siyasəti sayəsində bu istiqamətdə də çox ciddi addımlar atılıb”.
İlham Əliyevin sözlərinə görə, ölkənin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılıb. 10 il ərzində 17 elektrik stansiyası tikilib, onların ümumi generasiya gücü 2300 meqavatdır. Prezident qeyd edib ki, əgər bu elektrik stansiyaları tikilməsə idi, bu gün ölkənin təxminən 30 faizi işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə bilməzdi. Bu gün Azərbaycan enerji təhlükəsizliyini artıqlaması ilə təmin edib, hazırda bizim təxminən 600-700 meqavat həcmində ixrac potensialımız var.
“Son on il ərzində qazlaşdırma ilə bağlı böyük işlər görüldü” deyən ölkə başçısı qeyd edib ki, bu, həm sosial, eyni zamanda, iqtisadi məsələdir: “Hazırda ölkəmizin bütün şəhərləri, kəndlərin əksəriyyəti qazlaşdırılıb və ümumilikdə Azərbaycanda təqribən 90 faizə yaxın qazlaşdırma təmin edilib. Ancaq əlbəttə, bəzi kəndlərə hələ ki, qaz xətləri çəkilməyib. Bu, proqramda var. Növbəti beş il ərzində qazlaşdırmanın səviyyəsi 95-96 faizə çatdırılmalıdır”.
Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olub. Bu gün bu proses geniş vüsət alıb. Hər bir rayonda yol layihələri icra edilir. Həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır: “Bu vəsait ayrılmaqda davam edəcək. Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaq”.
Bu gün ölkəmizin hər bir şəhərində içməli su, kanalizasiya layihələri icra edilir. Bir neçə şəhərdə artıq bu layihələr başa çatıb. Növbəti beş il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su xətləri çəkiləcək, kanalizasiya sistemi qurulacaq: “Beləliklə, bütün dövrlərdə Azərbaycan xalqına böyük əziyyət verən su qıtlığı problemi aradan götürüləcək”.
Ölkə başçısı bildirib ki, sözügedən dövr ərzində 2700 məktəb, 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilib, 41 Olimpiya İdman Kompleksi yaradılıb, 8-i hələ tikilir və yenə də tikiləcək. Mədəniyyət ocaqlarımız bərpa edilib: “Regional dövlət proqramlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada əhatə edilir”.
Prezident qeyd edib ki, Azərbaycanın liderliyi ilə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər