“Ləzzətli yeməklərdən imtina etmişəm” - Fotolar
Bu dəfə "Məşhurların gözəllik sirləri” rubrikamızın
qonağı sevilən aparıcı, səsi, siması və şarmı ilə tamaşaçıları televiziya
qarşına cəm edən Leyla Quliyevadır. Leyla xanımı hər zaman efirdə formada,
səliqəli geyimdə və sadə makiyajda görmüşük. Onunla söhbətimizə elə bu
məsələlərdən başladıq. Onu bu qədər şarmlı göstərən sirləri xanımlarımızla
bölüşməsini istədik. Müsahibimiz qeyd etdi ki, daima formada qalmağın tək sirri
var, o da...
- Leyla xanım, hər
zaman fit və formadasınız. Buna necə nail olursunuz?
- Formada qalmaq üçün xüsusi bir sirrim yoxdur. Özümü
mükəmməl bədən formasına malik biri hesab etmirəm. Gözəllik hər hansı bir
nailiyyət deyil. Bacardığım qədər özümə qulluq etməyə və çəki almamağa çalışıram.
Bunun üçün qida rasionuma nəzarət edirəm. Əslində çəki almağa meylli biriyəm.
Buna görə də yeməyimə çox nəzarət edirəm. Hansı saatda nələri yemək lazım
olması ilə bağlı peşəkarların məsləhətlərindən yararlanıram. Bir müddət dietoloqlardan
məsləhətlər alırdım. Bunun üçün bir neçə mütəxəssisə müraciət etmişəm. Ancaq
belə qənaətə gəlmişəm ki, insan birinci növbədə özü özünün həkimi olmalıdır.
Bədən formamızı özümüzdən yaxşı kimsə tanıya bilməz. Hər insan öz orqanizmini
tanımalıdır.
- Dietoloqlardan
məsləhət aldığınızı qeyd etdiniz. Bəs
onlara əməl edirsinizmi?
- Deməzdim ki, dieta həyat tərzimə çevrilib. Bir çoxlarının
qida rasionunda olmazsa olmazları var ki, mən gündəlik qidamda onlardan imtina
etmişəm. Yediyim qidaları seçirəm.
- Məsələn nəyi?
- Misal üçün, şirniyyat, yağlı yeməklərdən və çörəkdən
imtina etmişəm. Sağlam şəkildə qidalanıram.
Yağda qızardılmış yeməklərdən imtina etməyə çalışıram. Bir sözlə, bizim milli mətbəximizdə "ləzzətli təamlar” dedikdə
ağlınıza nə gəlirsə, onları qida rasionumdan çıxarmışam.
- Bədən quruluşunuzu
qorumaq üçün idmanla məşğul olursunuzmu?
- Təəssüf ki, idmanla məşğul olmaq üçün zamanım
yoxdur. Ancaq bunu da bəhanə kimi qəbul edirəm. İnsan nəyəsə can atanda və onu
ürəkdən etmək istədikdə mütləq ona vaxt tapır, az da olsa onunla məşğul olur.
Ancaq məndə alınmır. Tip olaraq idman üslubunda olan biri deyiləm. Gün ərzində
hərəkətdə oluram və məşğul olduğum sahə də
buna imkan verir. Təəssüf ki, heç bir idman növü ilə məşğul ola bilmirəm. Bəlkə
də idmanla məşğul olsaydım, daha da yaxşı olardı. Hazırda öz bədən ölçülərimi
qoruyub saxlamağa çalışıram. Bir vaxtlar özüm də çox kilolu idim. Təbii ki, bu
məndən asılı olan səbəblərdən qaynaqlanmırdı. Müəyyən fizioloji proseslərlə
bağlı idi ki, bu da hər xanımın həyatında baş verir.
- Hər zaman dəbli
və sizə yaraşanı geyinirsiniz. Geyim seçərkən nəyə daha çox üstünlük
verirsiniz?
- Geyim seçərkən ən çox özümə yaraşanı seçməyə
çalışıram. Özümün geyim zövqüm və geyim hissiyyatım var. Əgər seçəcəyim hər
hansı bir geyim çox dəblidirsə, ancaq mənim üzərimdə çox süni görünürsə və onu
mənə təqdim edən şəxs təkidlə "bu sizə yaraşır” deyirsə, mən onu geyinmirəm. Əgər
bir geyim mənim ruh halımla uyuşmursa, heç zaman onu istifadə etmirəm. Daha çox
özümü rahat hiss etdiyim geyimlərdən istifadə etməyə çalışıram.
- Geyimdən söz
düşmüşkən, heç zaman sizi açıq-saçıq geyimlərdə görməmişik. Belə geyimləri
geyinməkdə nə qədər cəsarətlisiniz? Açıq geyimə qarşı kompleksləriniz varmı?
- Açıq-saçıq geyimlərə qarşı hər hansı kompleksim
yoxdur və bunun əleyhinə də deyiləm. Dekolteli geyimlərdən çox nadir hallarda
istifadə edirəm. Bu daxildən gələn bir şeydir. Hər insan özünü nə qədər açıq
görmək istəyirsə, o qədər açıq geyinir. Bu bir az da cəsarət məsələsidir. Mən o qədər də cəsarətli deyiləm. Cazibədarlıq
və cəlbedicilik geyimin açıq olması ilə bağlı olan bir şey deyil. Bəzən elə bir
qapalı geyim ola bilər ki, yüzlərlə açıq geyimləri kölgədə qoya bilər. Bir çox tanınmış modellərin, aktrisaların
əynində biz bunu daim görmüşük. Hər şey xanımın o geyimi təqdim etməsindən, geyimin
ona yaraşmasından asılıdır.
- Xanımların
çoxunda olmayan şarm deyilən bir anlayış var ki, onu sizdə görmək mümkündür.
- Təşəkkür edirəm. Deyirlər ki, fransız xanımları
şarmlı olur. Şarm əsasən davranışdan, tərzdən, özünü təqdim etmək bacarığından asılıdır.
Heç bir geyimlə şarmı əldə etmək mümkün deyil. Bəzən də abartılı makiyajla
şarmlı görünmək istəyən xanımlar olur. Şarm xanımın yerişindən, gülümsəməsindən,
davranışından, cəmiyyətdə özünü aparmasından, daxildən gələn hissiyyatdır.
- Sizi heç zaman
abartılı makiyajdan istifadə edən
görməmişik. Makiyaj edərkən nələrə diqqət edirsiniz?
- Makiyaj mənim üçün insanın üz cizgilərinin
aksentlənməsi, yəni vurğulanmasıdır. Bəzən makiyajla qrimi səhv salırıq. Bunlar
tamam başqa şeylərdir. Makiyajın olunduğu məkandan da çox şey asılıdır. Çəkilişdə,
gündəlik getdiyim məkanda, xüsusilə televiziya çəkilişlərində bunlara önəm
verirəm. Hər zaman çalışmışam ki, verilişlərimə gələn qonaqlara deyim ki,
televiziya qabarıq parıltılı rəngləri sevmir. Daha çox səliqəli və sakit
tonlarını sevir. Təkcə televiziya verilişlərində deyil, gündəlik həyatımızda qatıldığım
tədbirlərdə də hər zaman üz cizgilərinin vurğulanması vacibdir.
- Sizcə, efir üçün
gözəllik daha vacibdir, yoxsa istedad?
- Efir bilavasitə görüntülü olduğu üçün siz kanalı
çevirəndə ekranda gördüyünüz sima sizi cəlb edir. Hələ siz onun danışığına,
daşıdığı məna yükünə nəzər yetirməmiş, efirdəki aparıcının vizual olaraq
görüntüsünü görürsünüz. O görüntü ya çox gözəl olmalıdır ki, diqqəti cəlb etsin,
ya da çirkin olmalıdır ki, siz ona baxasınız. Bu iki təzad çox önəmlidir ki, televiziyada
audiovizual məhsullarda özünü büruzə verir. Mənim üçün birinci növbədə
görüntüdür. İnsan gözəl olmaya bilər. Belə olan halda, şarm nüansı qabarır, üzə
çıxır. Gözəllik standartlarından baxsaq, özümü gözəl hesab etmirəm. Mənim üçün gözəl tamamilə
başqa üz cizgilərinə malikdir. Aparıcı üçün ilk dəqiqələrdə baxımlı olması
yetər. Səliqəli, verilişin ruhuna uyğun görünməsi yetərlidir. İkinci planda
onun intellekti, müzakirəyə çıxardığı mövzuya nə qədər bələd olması göz önünə
gəlir. Televiziya məsələsində bunlar ikisi də paralel olmalıdır.
- Bəzən də xasiyyət
insanı gözəlləşdirir deyirlər. Siz xasiyyətə önəm verənlərdənsinizmi?
- Əlbəttə. Deyirlər ki, üzü gözəldirsə, demək
daxili də gözəldir. Mən bu fikirlə razı deyiləm. Bəzən o qədər qəddar, kinli, xəbis ürəkli
gözəl insanlar olur ki... Baxırsan ki, insanın üzü o qədər gözəldir ki, o kin
üzünü qəddarlaşdırır, cizgilərini kəskinləşdirir və sən onu gözəl adlandıra
bilmirsən. Xasiyyət bilavasitə insanın üzünə yansıyan bir məsələdir. Birinci
dəfə insana baxanda, ayırd edə bilməzsən ki, onun xasiyyəti necədir. Birinci
növbədə insanın üz cizgiləri görünür. Gözəllik nisbi anlayışdır. Hərə onu bir
cür qəbul edə bilər.
- Özünüzdə
bəyənmədiyiniz hansısa xüsusiyyət varmı?
- Bu hər insanda var. Dünyanın ən gözəl qadınına da
bu sualı versəniz, özündə o qədər mənfi xüsusiyyətlər tapar ki. Siz onları heç
hiss etmirsiniz. Təbii ki, mənim də komplekslərim var. Qeyd edim ki, bu
komplekslər heç də az deyil. Mənim də gizlətmək istədiklərim var. Bunlar mənim özümün
özümlə olan konfliktim və həlli yollarımdır.
Xəyalə Rəis