• cümə, 26 Aprel, 09:19
  • Baku Bakı 12°C

Leyla Yunus özü barəsində əzabkeş hüquq müdafiəçisi obrazını yaratmaq istəyir

01.05.14 10:32 1823
Leyla Yunus özü barəsində əzabkeş hüquq müdafiəçisi obrazını yaratmaq istəyir
Bir müddət öncə “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, siyasi təhlilçi Rauf Mirqədirov Türkiyədən deportasiya edildi. Azərbaycana qayıdan jurnalist dəfələrlə Ermənistana səfər etməkdə, orada yerli xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçildi. Onun öz izahatında Leyla və Arif Yunusovların adını çəkməsi isə həmin şəxslərin də istintaqa çağırılmasına səbəb oldu. Lakin hər iki şəxs istintaqdan yayınmaq məqsədilə ölkəni tərk etmək istəyərkən aeroportda saxlanıldılar. Cəmisi bir neçə gün ərzində baş verən bu hadisələr Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Qərbin, xüsusən də ABŞ-ın dəstəyi ilə reallaşdırılan “Xalq diplomatiyası” layihəsini yenidən gündəmə gətirdi. Bu və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə cavablandırır.
- Çingiz müəllim, Qərbin də dəstək verdiyi “Xalq diplomatiyası” layihələrini necə qiymətləndirirsiniz?
- Vaxtilə bizim bəzi görkəmli incəsənət xadimlərimiz də Rusiyaya, Ermənistana gedib “Xalq diplomatiyası” çərçivəsində müəyyən görüşlər keçirdilər, danışıqlar apardılar. Hesab edirəm ki, ermənilərlə hər hansı formada “Xalq diplomatiyası” müsbət nəticə verə bilməz. Çünki, burada savaş xalqlar arasında getmir. Ermənistanda bir qrup adam - Azərbaycan ərazilərinin bilavasitə işğalında, Xocalı soyqırımı kimi neçə-neçə faciənin törədilməsində iştirak edən şəxslər siyasi dvident və kapital əldə etmək üçün Qarabağ kartı üzərindən siyasi hakimiyyətə yiyələnib. İndi isə hakimiyyətdə qalmaq üçün hər hansı “diplomatiya”ya gözdən pərdə asmaq üçün razılıq verə bilərlər. Amma fakt budur ki, məsələ bu cür həll oluna bilməz. ABŞ və digər Qərb ölkələrinin səfirlikləri tərəfindən ortaya atılan “Xalq diplomatiyası” Qarabağ problemini həll etmək iqtidarında deyil. Əslində münaqişəni torpaqların işğal altında olmasını gündəmə gətirməklə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləməklə, beynəlxalq hüququn diqtə etdiyi şərtlərə istinad etməklə həll etmək olar. Artıq dünyanın siyasi xəritəsi tanınıb. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması həmin dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Belə olan halda problemin həlli yolu işğalçıya “çıx” deməkdir. Yaxud, işğalçını Azərbaycan ərazilərini boşaltmağa məcbur etməkdir. Necə ki, Krımın zəbt edilməsindən və Rusiyaya birləşdirilməsindən sonra bu ölkəyə çox ciddi siyasi-iqtisadi-maliyyə sanksiyalar tətbiq edilir, eyni münasibət Ermənistana qarşı da tətbiq edilməlidir. Bununla yanaşı, Krım hadisəsindən sonra Qərb dövlətləri Ukraynaya necə dəstək olurlarsa, müxtəlif maliyyə yardımları edirlərsə, bu, Azərbaycana münasibətdə də özünü göstərməlidir. Yəni, hadisələrə ikili, üçlü, dördlü standartlarla yanaşılmamalıdır.
- Sizcə, jurnalistlərin, QHT nümayəndələrinin, eləcə də digər vətəndaş cəmiyyəti təmsilçilərinin “Xalq diplomatiyası” adı altında Ermənistanla təmasları münaqişənin həllinə təsir edə bilərmi?
- Öncə bildirim ki, “Xalq diplomatiyası”nın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsir edəcəyinə inamım yoxdur. Mən uzun illərdir QHT-yə rəhbərlik edirəm. Bir çox beynəlxalq tədbirlərdə, həmçinin müxtəlif xarici ölkələrdə səfərlərdə oluram. Özüm üçün, öz təşkilatım üçün bir şüar müəyyən etmişəm. Mən bu halda erməni ilə eyni masa arxasında əyləşib hansısa layihəni müzakirə edərəm ki, görüşdən əvvəl onun rəhbərlik etdiyi təşkilat Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən bəyan etsin. Özü də şəxsən belə bir etirafda bulunsun. Əgər ortada belə bir mövqe yoxdursa, onlarla hər hansı formada əməkdaşlıq etmərəm. Bu günə qədər də belə əməkdaşlıqdan çəkinmişəm. İndiyə qədər də elə bir erməni QHT-si, erməni QHT rəhbəri tanımıram ki, o, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın həmin əraziləri işğal etdiyini dilinə gətirsin. Belə olan halda, yəni, qarşımdakının düşmən, Azərbaycan ərazilərinə iddialı olduğunu, beynəlxalq hüququ tanımadığını bilə-bilə onunla hansı məsələni müzakirə etmək olar? Bu səbəbdən bəzi jurnalist və QHT rəhbərlərinin qrant xətrinə Ermənistana səfərlər etməsi, müxtəlif layihələr çərçivəsində qarşılıqlı əməkdaşlığa getməsi, mənim üçün qəbul olunmazdır.
- Yeri gəlmişkən, bir neçə gün bundan qabaq jurnalist Rauf Mirqədirov Türkiyədən deportasiya edilib, Azərbaycana döndükdə şübhəli şəxs qismində saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Bu həbsi də “Xalq diplomatiyası” ilə əlaqələndirirlər.
- Rauf Mirqədirova qarşı irəli sürülən ittiham olduqca ciddidir. Bir hüquqşünas kimi, hələlik rəsmi açıqlamaları gözləyirəm. Hesab edirəm ki, bunlar olmadan hər hansı fikir yürütmək istintaqın gedişinə mane olmaq kimi qiymətləndirilə bilər. Amma Raufun saxlanmasından dərhal sonra Leyla Yunus onun dəfələrlə Ermənistana getməsini mətbuata bildirdi. Bundan sonra Leyla Yunus jurnalistlərə açıqlama verərək, bu haqda danışmaq istəmədiyini bildirdi. Sonra isə məlum oldu ki, o, ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Fikrimcə, bu cür hərəkətlər Azərbaycana baş ucalığı gətirmir. Adi bir jurnalist, QHT təmsilçisi kimdir ki, Dağlıq Qarabağ probleminin həllini təmin etmək üçün harasa səfər etsin? Bu, bilirsiniz nəyə bənzəyir? Bəzi radikal dindarları hüquq-mühafizə orqanları həbs edərkən, onlar özlərini müdafiə etmək üçün çıxış yolunu “vətənpərvərlikdə” görürlər. Bildirirlər ki, qeyri-qanuni yollarla əldə etdikləri silah-sursatı Dağlıq Qarabağı işğalçılardan azad etmək məqsədilə, ermənilərə qarşı partizan müharibəsi aparmaq üçün toplayıblar. Təbii ki, hüquq-mühafizə orqanları ətraflı araşdırma aparıb buna düzgün hüquqi qiymət verirlər. İndi bəzi jurnalist və QHT təmsilçiləri də öz əsas niyyətlərini pərdələmək üçün “Xalq diplomatiyası”ndan istifadə edirlər. Nəzərə alınmalıdır ki, ölkənin birinci şəxsinin yürütdüyü siyasi kurs beynəlxalq hüquqa, ərazi bütövlüyünə hörmət prinsipinə söykənir. Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xarici işlər nazirlərinin, həmçinin Rusiya, Ermənistan rəsmilərinin iştirakı ilə çoxsaylı görüşlər keçirir, müxtəlif məsələlər ətrafında müzakirələr aparır, ölkəmizin milli maraqlarını güdür. Əgər bu, ciddi bir nəticə vermirsə, bəzi jurnalist, yaxud da QHT təmsilçiləri “Xalq diplomatiyası” adı altında hansı uğura imza ata bilərlər? Bu, absurddur!
- R.Mirqədirovun saxlanmasının ardınca Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun da sözügedən məsələ ilə bağlı şahid qismində dindirilməsi nəzərdə tutulub. Lakin onlar səbəb gətirmədən istintaqdan yayınıb, hətta aprelin 28-də gecə ölkədən qaçmağa cəhd ediblər. Sizcə, özünü hüquq müdafiəçisi adlandıran şəxsin belə hərəkətləri nə dərəcədə düzgündür?
- Mən Baş prokurorluğun açıqlaması ilə də tanış oldum. Məlum olub ki, Leyla və Arif Yunusovlarla telefon vasitəsilə əlaqə saxlanılıb, həm şifahi şəkildə, həm də yazılı şəkildə onlara bilgi verilib, bildiriş göndərilib. Onlar şahid qismində Respublika Prokurorluğunun Ağır Cinayətlərin İstintaqı üzrə İdarəyə dəvət olunublar. Lakin hər iki şəxs istintaqdan yayınıb. Hətta Arif Yunus bu məqsədlə özünü xəstəxanaya salıb, ardınca həyat yoldaşı ilə birgə tələm-tələsik Fransa səfirliyindən 5 illik viza alıb ölkədən çıxmağa cəhd ediblər. Fikrimcə, istər hüquq müdafiəçisi, istərsə də digər kateqoriyaya aid şəxslər olsun, qanun qarşısında hər kəs bərabərdir. Kimliyindən asılı olmayaraq, hər bir şəxsi hüquq-mühafizə orqanları istintaqa dəvət edə, dindirə bilər. Bütün hallarda bundan yayınmaq yolverilməzdir. İstintaqdan yayınmaq məqsədilə ölkədən qaçmaq, bu zaman xarici səfirlik nümayəndələrini öz yanında gəzdirmək isə xüsusilə yolverilməzdir, qanunlara hörmətsizlikdir. Leyla Yunus həmişə bar-bar bağırır ki, qanunlara hörmət edilməlidir və sair. Amma bu onun özünə tətbiq ediləndə qanunlara arxa çevirib ölkədən qaçmağa çalışır. Hesab edirəm ki, Leyla və Arif Yunuslara qarşı qanundan kənar, insanlığa yaraşmayan hər hansı hərəkət edilməyib. Onlar istintaqa vaxtında gəlməli, izahat verməli idilər. Bununla da məsələ yekunlaşacaqdı. Amma Leyla Yunusa vəziyyətin bu həddə çatması lazım idi. O, özü barəsində əzabkeş hüquq müdafiəçisi obrazını yaratmaq üçün vəziyyəti bilərəkdən gərginləşdirdi, vəziyyətdən öz xeyrinə yararlandı. Hadisələrin gedişində müəyyən çəkilişləri, şəkil və video görüntüləri internetə yerləşdirib əlavə dvident qazandı. Hətta onun Yasamal rayonu ərazisində polis rəisini təxribata çəkməyə cəhd etməsi, polis əməkdaşlarını hansısa qanunsuz hərəkətə yol verməyə məcbur eləməsi halları da oldu. Videolardan da göründüyü kimi öz qanuni vəzifəsini icra edən polis zabitinin baş geyimini götürüb yerə atır. Bu, ən azından Azərbaycana, onun dövlət rəmzlərinə, vətəndaşına qarşı hörmətsizlikdir. Polisin başındakı papağın üzərində Azərbaycanın gerbi var. Leyla Yunus həmin papağı yerə atmaqla, dövlət rəmzlərimizi ayaqlar altına atmış olur, onlara hörmətsizliyini nümayiş etdirir. Bununla Leyla Yunus üz-gözündən nur yağan polisimizi məcbur edirdi ki, ona qarşı zorakılıq tətbiq olunsun. Şükürlər olsun ki, polis emosiyaya qapılmadan öz vəzifəsini icra etdi. Yenə də deyirəm, bütün bu şoular Leyla Yunusa lazım idi. O, bundan lazımınca istifadə etməyə çalışdı və bundan sonra da bu istiqamətdə çalışacaq.
- Yayılan məlumatlara görə, Leyla və Arif Yunusovların ölkədən qaçmasına yardımçı olmaq məqsədilə, Fransanın Azərbaycandakı səfirliyi iki saat ərzində onlara 5 illik viza açıb. Hətta ABŞ və Fransa səfirliklərinin nümayəndələri onları aeroporta qədər müşayiət ediblər. Ümumiyyətlə, xarici ölkə səfirlərinin Azərbaycanın daxili işlərinə qarışması, bu kimi məsələlərdə tərəf kimi çıxış etməsinə münasibətiniz necədir?
- Çox mənfi. Səfirliyin özünün funksiyaları var və bu diplomatik korpus müəyyən missiyaları yerinə yetirir. Səfirliyin əməkdaşlarının hansısa bir hüquq müdafiəçisini, yaxud da fərdi müşayiət edərək onun ölkədən çıxmasına şərait yaratması yolverilməzdir. Hadisələrin gedişi sübut edir ki, onlar əvvəlcədən bu situasiyadan xəbərdar olublar. Bəlkə də müəyyən məsələlərdə onlar arasında hansısa bağlılıq var. Mən o səfirliyik əməkdaşlarına üzümü tutub deyirəm ki, onlar bütün güclərini Azərbaycanın haqq səsini dünyaya çatdırmağa, işğal altında olan torpaqlarımızın azad olunmasına yönəltsinlər. Onlar qəsbkarın üzünə işğalçı deməkdən çəkinməsinlər, münaqişənin həllinə mane olanların qarşısına çıxmağı bacarsınlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər