AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Küllücə”nin ilk “Bahar”ı

“Küllücə”nin ilk “Bahar”ı

Mədəniyyət
22 Fevral 2020, 10:30 3071
Kukla Teatrında əngəlləri səhnədə aşdılar 
 
Uşaqların mənəvi-estetik zövqünün formalaşması, dünyagörüşlərinin artmasında teatrların xüsusi əhəmiyyəti var. Çünki məhz onun sayəsində həyati gerçəklərin teatrallaşdırılmış formaları ilə tanış olan azyaşlılar, rastlaşdıqları fərqli situasiyalara, ətraflarında baş verən proseslərə həssaslıqla yanaşmağı bacarırlar. Bu mənada istər sağlam, istərsə də fiziki  məhdudiyyətli uşaqlara sənətin, teatrın, səhnənin imkanları baxımından ifadə sərbəstliyi verən və bununla onların ünsiyyətini kütləviləşdirməyə yönələn sosial-mədəni layihələrin artması vacibdir.

Qeyd etdiyim maraqlı yaradıcılıq aksiyalardan birini də 17-18 fevral tarixlərində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı reallaşırdı. Cari repertuar tamaşaları ilə yanaşı, sosial aksiyalarını, xeyriyyə tədbirlərini də ənənəyə çevirən yaradıcı kollektiv  növbəti  musiqili tamaşasının premyerası ilə sənətsevərləri yenidən öz ətrafına topladı. "Əngəlləri səhnədən aşaq...” şüarını əsas götürən yaradıcı heyət bu dəfə Abdulla Şaiqin "Gözəl Bahar” adlı mənzum pyesinin motivləri əsasında hazırlanan "Bahar” tamaşasını təqdim etdi. Teatrın nəzdində yaradılan azyaşlı həvəskar aktyorlardan ibarət "Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi "Küllücə”  teatr-studiyalarının bu birgə işi sözün əsil mənasında təqdirəlayiq hal idi.

 MədəniyyətNazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi bu sosial layihənin məqsədi istedadlı uşaqları bir araya gətirməklə, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.

Uşaqlara təbiəti, fəsilləri, insanları sevməyi təlqin edən, onları ətraf mühitin qorunmasına səsləyən birhissəli musiqili uşaq tamaşasında rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı, Aydan Əhmədova, Fuad Atayev  və başqaları ifa edirdilər.

Tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir.

Tamaşa müddətində istər özünün istedad və bacarığını, səhnə, sənət sevgisini nümayiş etdirən balaca həvəskar aktyorlar, istərsə də müxtəlif təyinatlar üzrə əlilliyi olan azyaşlılar bacarıqlarını nümayiş etdirməklə, tamaşaçıların sürəkli alqışlarını qazanmış oldular.  

Uzun sürən gərgin məşqlərin nəticəsi olan uğurlu iş, özünün məqsədinə çatmış oldu. Hər bir uşağın fiziki imkanlarına uyğun edilən plastik həllin, ümumi ideyanın ifadəsinə yönələn seçkin mahnıların və obrazlar vasitəsilə cəmiyyətə ötürülən mesajların hər birində təlqin olunan bir ideya var idi: bütün uşaqlar sevgi və diqqətə layiqdir. 

Uşaq teatr-studiyası kimi özünəməxsus ənənəsi olan, bir sıra yerli və xarici beynəlxalq yaradıcılıq festivallarında uğurlara imza atan "Oyuq”, bu layihə sayəsində sənətin, teatrın, musiqinin insanları birləşdirmək, onları xoşbəxt etmək gücündə olduğunu bir daha göstərmiş oldu.

Tamaşada iştirak edən fiziki məhdudiyyətli uşaqların həmin gün sevincinin həddi-hüdudu yox idi. Üzlərindəki sevinci duymaq  o qədər də çətin deyildi. Elə bir sevinc ki, uzun müddətdir bunun həsrətini çəkdikləri hər halından bəlli idi.  Onların həyatına sözün həqiqi mənasında yeni bir bahar gəldi. Tamaşada 20 nəfər uşaq iştirak edirdi. 20 fidan, gələcəyə boylanan böyük ümidlərdən xəbər verirdi. 

Layihənin rejissoru Səidə xanım isə o uşaqların hər birinin onun üçün necə dəyərli olduğunu deyir və onlarla bir çox layihələrdə iştirak edəcəyini vurğulayırdı: "Bu layihənin uşaqların həyatında xüsusi bir səhifə açacağına ümid edirəm.   "Küllücə” fiziki əngəlli uşaqlar üçün nəzərdə tutulub. Bu  tamaşa "Küllücə”nin ilk tamaşası idi. Burada 5 yaşından 15 yaşına qədər fiziki əngəlli uşaqlar iştirak edirdi. Bu uşaqlar aktyor kimi səhnəyə çıxdılar və arzularına bir addım yaxın oldular”.  
 
 Xəyalə Rəis