• cümə, 26 Aprel, 11:39
  • Baku Bakı 12°C

Küçə itləri, avtobus oturacaqları, səhər yeməyi qısqanclığı və “mavilər”

22.04.15 05:15 2015
Küçə itləri, avtobus oturacaqları, səhər yeməyi qısqanclığı və “mavilər”
İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ciddi irad tapmayan məlum dairələr indi bu cür qeyri-ciddi mövzulara əl atmaq məcburiyyətində qalıblar
Artıq Bakıda keçiriləcək ilk Avropa Oyunlarına sayılı günlər qalmaqdadır. Azərbaycan hamının səbirsizliklə gözlədiyi bu əhəmiyyətli idman yarışına hazırlıqları yekunlaşdırmaq üzrədir. Hökumət oyunların təşkili ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri tam dəqiqliyi ilə yerinə yetirməkdədir. Oyunların keçiriləcəyi idman kompleksləri, məkanlar bir-birinin ardınca istifadəyə verilir, açılış mərasimləri keçirilir. Bu möhtəşəm turnirdə iştirak edəcək ölkələrin Bakıya hansı heyətlə gələcəkləri dəqiqləşir.
Bütün bunlarla paralel olaraq Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrin “fəaliyyəti” də davam edir. Hamımıza məlum olan “şər maşını” öz işindədir. Yenə də Azərbaycanın hansısa problemlərini üzə çıxarmağa, bu oyunları keçirməyə haqqının olmadığını əsaslandırmağa çalışırlar. Ənənəvi mexanizm çoxdan işə salınıb: həmişəki kimi əllərinin altında olan beynəlxalq təşkilatlardan, QHT-lərdən, media qurumlarından istifadə edirlər.
Əslində bütün bunlar bizə tanış mənzərədir. İki il əvvəl “Avrovizion” mahnı yarışması ərəfəsində də “Demokratiya naminə oxu” layihəsi təsis edib, əllərindən gələni etmişdilər. Amma o vaxt heç olmasa bir az ciddi arqumentlərdən yapışmağa cəhd edirdilər. İnsan hüquqları, media azadlığının pozulması, “siyasi məhbus” məsələləri gündəmdə idi. Bu mövzular ətrafında ən müxtəlif müzakirələr, etirazlar təşkil edirdilər. Bu dəfə isə arqumentləri bir az da cılızlaşıb.
Diqqət yetirək, görək Avropa Oyunları ərəfəsində Azərbaycanı nədə ittiham edirlər? İlk olaraq Azərbaycanda sahibsiz itlərin durumu ilə bağlı kampaniya başlatmağa cəhd göstərdilər. Bəlkə də bunu qeyri-ciddi adamların qeyri-ciddi bir zarafatı kimi qəbul etmək olardı. Amma nəzərə alsaq ki, bu kampaniyanın tirajlanmasında BBC kimi bir ciddi kanalın imkanlarından istifadə edildi, onda vəziyyət dəyişir. Heç kimə sirr deyil ki, BBC heç də hər mövzunu gündəminə daşımır. Amma necə oldusa, Azərbaycanda küçə itlərinin durumu ilə bağlı problem onlara maraqlı gəldi.
Amma bu kampaniya ilə istədikləri nəticəni əldə edə bilmədilər. Daha sonra Azərbaycanda guya əlillərin hüquqlarının qorunmadığı görüntüsünü yaratmağa çalışdılar. Əsas arqument kimi də Bakıdakı avtobuslarda guya oturacaqların sökülməsinə istinad etdilər. Hətta arqumentlərini materiallaşdırmaq üçün Bakıdakı əlaltılarının vasitəsilə bir video da çəkməyə çalışdılar, bunu tirajladılar, sosial şəbəkələrdə kampaniya başlatmağa çalışdılar. Bu məqsədlə hazırda qardaşı İsveçrənin Azərbaycandakı səfirliyində gizlənən bloqqer Mehman Hüseynovdan istifadə edildi. O, əlil arabasında olan dostu ilə əlillər üçün də nəzərdə tutulmuş yeni avtobusları yoxlamaq qərarına gəldi və bunu şouya çevirməyə çalışdı. Dərhal Avropanın ən müxtəlif saytları vasitəsilə bu cəhdin ətrafında yaradılan şouya şahidlik etdik. Ən müxtəlif müəlliflər saytlarda bununla bağlı yazılar yazmağa başladılar. Haray saldılar ki, qoymayın, Avropa Oyunlarına ev sahibliyi etmək istəyən Azərbaycanda əlillərin hüquqları kobud şəkildə pozulur.
Amma yenə də heç bir effekt ala bilmədilər. Xüsusilə də ölkə daxilində bu cəhdlər ironiya ilə qarşılandı. Çünki heç kimə sirr deyil ki, Azərbaycanda əlillərin hüquqları ciddi qanunvericilik bazası ilə qorunur. Azərbaycan mentalitetində də əlillərə münasibət çoxdan oturuşubdur. İnsanlarımız hər hansı bir əlilə kimlərinsə münasibətinə görə deyil, içdən gələn səmimiyyətlə hörmət edirlər.
Azərbaycanı gözdən salmağa yönələn daha bir qeyri-ciddi cəhd isə mətbəximizlə bağlı edildi. Soros Fondunun maliyyələşdirdiyi EurasiaNet.org saytında gürcü müəllifin dili ilə Azərbaycanın səhər yeməyini patentləşdirmək istəyinə qarşı “üsyan qaldırıldı”. Məqalədə iddia edildi ki, guya mülki azadlığa sədd qoyan Azərbaycan hökuməti indi də qastronomik azadlığa hüdud qoyur. Mətbəxini məşhurlaşdırmaq istəyən turizm rəsmiləri ölkənin bütün otellərinə xidmət üçün ənənəvi qəlyanaltı yeməyini məcburi etməyi qərara alıblar. Lakin ilk növbədə onlar Azərbaycanın milli qəlyanaltısının patentləşdirilməsi qərarına gəliblər. Müəllif Giorgi Lomsadze bu addımın Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarında öz mətbəxini tanıtmaq missiyası daşıdığını qeyd edib. O, həmçinin Azərbaycanın milli qəlyanaltısının patentləşdirmək üçün elə də qeyri-adi olmadığını yazıb. Müəllif bildirib ki, hökumətin baxışlarını təşviq etmək üçün otellərdə televizorlar ancaq yerli xəbərləri göstərir. O, yalnız bundan sonra insan hüquqları, həbsdə olan Xədicə İsmayılova, Rəsul Cəfərovun məsələsinə toxunur. Halbuki Azərbaycanın “Azerbaijani breakfast” hazırlamasında qeyri-adi heç nə yoxdur axı. Nazirlik rəsmilərinin də mətbuata bildirdikləri kimi, niyə dünya təcrübəsində “English breakfast” kimi nümunələr ola bilər, “Azerbaijani breakfast”ı yox.
Mədəniyyət və Turizm Nazirliyinin istəyi kifayət qədər anlaşılandır. Nazirlik istəyir ki, dünya miqyasına çıxsın və Azərbaycan mətbəxinin özəlliyi səhər yeməyi formasında təqdim olunsun. Nazirlik rəsmisi Vüqar Şıxməmmədov “Azadlıq” radiosuna açıqlamasında xüsusi olaraq vurğulayıb ki, hazırda layihə üzərində iş gedir və onlar bunu Bakıdakı iri otel sahibləri ilə birgə müzakirə edəcəklər: “Xahiş edirəm, bunu xüsusi qeyd edin ki, layihə məcburi yox, tövsiyə xarakterlidir. Yəni otel sahibləri özləri qərar verəcəklər ki, bu layihədən istifadə etsinlər, ya yox”. Amma nədənsə, nazirlik rəsmisinin bu xəbərdarlığı Sorosun saytında məsələni gündəmə gətirən müəllifin diqqətini cəlb etməyib. O iddia edib ki, bütün otellərdə qonaqlara məcburi “Azerbaijani breakfast” yedizdiriləcək. Əslində isə burada təəccüblü heç nə yoxdur. Çünki EurasiaNet.org müntəzəm olaraq Azərbaycan hakimiyyətinin tənqidinə həsr olunmuş məqalələr dərc edir. Bu ilin yanvarında Corc Soros Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdü və ondan “Soros Fund Management LLC” şirkətinin Azərbaycanın neft pullarının idarə edilməsi biznesində yenidən iştirakına razılıq verilməsini, həmçinin Soros Fondunun Azərbaycana qayıtmasına icazə verməsini xahiş etmişdi. Amma Sorosa Azərbaycanın daxili işlərinə qarışmaq icazəsi verilməyəcəyi çatdırılmışdı. Nəticədə görüş başa çatandan dərhal sonra Sorosun fondu Azərbaycan hakimiyyətini insan haqlarını pozmaqda ittiham edən bəyanat yaymışdı.
İstəkləri nəzərə alınmadığından indi də Azərbaycana qarşı bu cür cılız vasitələrlə qərəzli kampaniya aparmaq qərarı veriblər. Ən sonda isə əlləri hər yandan kəsilib, “mavilər” məsələsini gündəmə gətirməyə cəhd edirlər. Belə ki, Nəfəs LGBT Azərbaycan Alyansı Avropa Oyunlarının kontekstində “Bərabərlik üçün mübarizə et” kampaniyasına başlayıb. Azərbaycanda heç kimin diqqətini cəlb etməyən bu kampaniya necə olubsa birdən-birə xaricdəkilərin marağına səbəb olub. Bu maraq çərçivəsində OutAroundProject.com saytının əməkdaşı Bakıda Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyevdən müsahibə götürüb. Bu müsahibədə C.Nəbiyev deyib ki, Avropa oyunları kimi tədbirlər Azərbaycandakı insan hüquqlarının vəziyyətini dünyaya göstərmək üçün onlara fürsət yaradır. O, “mavilər”in Azərbaycanda təzyiqlərə məruz qaldığını, özünün isə hazırda Almaniyadan sığınacaq istədiyini deyib.
Fikrimizcə, hər şey göz qabağındadır. Artıq məlum dairələr Azərbaycanı, keçiriləcək Avropa Oyunlarını gözdən salmaq üçün ciddi əsaslar tapa bilmirlər. Amma tənqid üçün hansısa əsaslar tapmaq lazımdır axı... Bu əsaslar isə indiki halda sahibsiz itlər, sökülən avtobus oturacaqları, patentləşdirilən səhər yeməyi və “mavilər”in pozulan hüquqlarıdır.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər