• çərşənbə, 08 May, 21:28
  • Baku Bakı 18°C

KTMT-nin rəhbəri erməni yox, Bakıda hərbi təhsil alan belaruslu olacaq

05.11.18 17:14 714
KTMT-nin rəhbəri erməni yox, Bakıda hərbi təhsil alan belaruslu olacaq
Rusiya ilə Ermənistan arasında yaşanan "soyuq” müharibə davam edir. Paşinyan hakimiyyətinin üzdə olmasa da, altdan-altdan Kremlə qarşı çıxması, anti-Rusiya fəaliyyəti qarşı tərəfin özünəməxsus formada sərt addımlar atmasına gətirib çıxarır. Çox böyük ehtimalla Paşinyan dekabr seçkilərindən sonra Kremlə qarşı çıxışlarını daha açıq müstəviyə keçirəcək. Yeri gəlmişkən, artıq gərginlik mətbuat səhifələrindən, ekspert və politoloqların qarşılıqlı ittihamlarından çıxıb daha geniş vüsət almağa başlayıb. Bu dəfə Kreml Yerevanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə vurmaq qərarına gəlib. Ermənistanın hazırkı hakimiyyəti gözləyirdi ki, ötən həftə vəzifəsindən azad edilən Xaçaturovun yerinə başqa bir erməni nümayəndə təyin ediləcək. Lakin 2008-ci ilin martında yaşanan qətliamda aktiv iştirakı ilə yadda qalan Xaçaturov vəzifəsindən azad edildikdən sonra Moskva onun yerinə başqa birisini tapıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın "Kommersant” qəzeti iddia edib ki, bu posta Belarusun Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zasyanın təyin olunması müzakirə edilir.
Qeyd edilib ki, iştirakçı ölkələr tərəfindən yekun qərar noyabrın 8-də veriləcək.
"Ermənistanın yeni hakimiyyət orqanlarının öz gücünü və müstəqilliyini göstərmək arzusu bu ölkə üçün KTMT baş katibi postunun itirilməsi ilə nəticələnə bilər”, - deyə qəzet yazır. Qəzet informasiyanı üç ölkədəki mənbələrinə istinadən dərc etdiyini də yazıb. Məsələn, mənbədən biri bildirib ki, əvvəlcə bu posta indiki müavin Yuri Semerikovun təyin olunması nəzərdə tutulurdu. Lakin sonradan bundan imtina edilib. Onu da qeyd edək ki, Paşinyan da baş katib postuna Xaçaturovun yerinə başqa erməninin təyin olunmasına çalışırdı. "Baş katibin hansı soyadı daşıyacağını əhəmiyyət kəsb etmir. Bu şəxs bütün müddət ərzində Ermənistan nümayəndəsi olmalıdır”, - deyə Paşinyan "Kommersant”a müsahibəsində bildirib. Sonda isə 54 yaşlı Stanislav Zasın üzərində dayanılıb. Məlumata görə, Rusiya və Qazaxıstan baş katib postuna Belarusun nümayəndəsinin təyin olunmasına çalışırlar. Məlumatda o da deyilir ki, Ermənistanın bu posta iddia etməsi mübahisəli vəziyyət yaradıb. Özü də Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib. Ermənistanın baş nazir əvəzi N.Paşinyanın mətbuat katibi Arman Yeqoyan deyib ki, baş katib məsələsi Qazaxıstanda "mütləq müzakirə olunacaq”. Y.Xaçaturov geri çağırıldıqdan sonra, yəni 2 noyabrdan etibarən baş katib səlahiyyətlərini Rusiya nümayəndəsi Yuri Semernikov icra edir. Ermənistandan sonra qurumda əlifba sırası ilə növbəti ölkə olan Belarusdur. Belarusun KTMT-dəki namizədinə gəldikdə, 54 yaşlı general-mayor S.Zas 4 noyabr 2015-ci ildən Belarus Təhlükəsizlik Şurasına rəhbərlik edir və öz fəaliyyəti ilə KTMT-də yaxşı tanınır. O, həm də qurumun Təhlükəsizlik Şurasının komitə sədridir. S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin 1996-cı ildə Belarus Hərbi Akademiyasında, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb. Silahlı qüvvələrdə müxtəlif vəzifələrdə xidmət keçən Zas 2008-ci ilin avqustunda Belarus Dövlət Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Rusiya-Ermənistan münasibətlərindən söz düşmüşkən, Paşinyana yaxınlığı ilə seçilən "1in.am” saytı Rusiyanı "əlləri qana batan canilərə qucaq açmaqda” ittiham edib. Qeyd edilir ki, erməni tərəfi KTMT baş katibi postuna sabiq müdafiə naziri Vaqarşak Arutunyanın təyin olunmasına çalışırdı. Lakin görünür, Paşinyan komandasının səyləri nəticəsiz qalıb. Saytda dərc olunan məqalədə bildirilib ki, Xaçaturova qarşı cinayət işi qaldırılanda rusiyalı ekspertlər birmənalı şəkildə proqnoz vermişdilər ki, Moskva Ermənistanı KTMT-nin imicinə vurduğu ziyana görə bağışlamayacaq. Müəllif açıq şəkildə yazır ki, Moskvan heç bir halda mart hadisələrinin üstünün açılmasını istəmir. "Xaçaturov və 1 mart hadisələrində əli olanların hamısı məsuliyyətə cəlb olunmalıdır və burada ikinci variant ola bilməz. Ermənistan mart hadisələri ilə bağlı heç nə əldə etməməklə yanaşı, KTMT sədri postunu da itirir. Artıq aydındır ki, Xaçaturov Moskvadan dönməyəcək. Ən əsası, Rusiya qanlı cinayəti törədənlər üçün sığınacaq yerinə çevrilir. Moskva bir tərəfdən baş katib məsələsində Ermənistanı müdafiə etmir, digər tərəfdən də Robert Koçaryanın məsuliyyətə cəlb olunması məsələsini qəlizləşdirir, ona qarşı ifadə verə biləcək şəxsləri öz əlində tutub saxlayır”, - deyə məqalədə vurğulanır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər