AZE | RUS | ENG |

KTMT-də baş katib müəmması

KTMT-də baş katib müəmması
Politoloqların fikrincə, baş katib seçkisinin təxirə salınması Ermənistana güzəşt kimi qiymətləndirilməməlidir

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin seçiləcəyi 6 dekabrdakı Sankt-Peterburq sammitini təxirə salıb. Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan deyib ki, Rusiya prezidentilə telefon əlaqəsi zamanı sammitin təxirə salınmasını təklif edib: "Sonuncu telefon söhbətimizdə Rusiya prezidenti yaranmış vəziyyətlə əlaqədar 6 dekabrda KTMT-nin sammitini keçirməməyimizi, işçi qaydada məsələnin həllinin müzakirəsini və yalnız bundan sonra hazır qərarlarla sammitə getməyimizi təklif etdi. Mən də razılaşdım, çünki düşünürəm ki, bu məsələni işçi prosedurlarla həll etmək daha düzgündür. Biz konsensusa gəlməmişik və bu səbəbdən Astana sammitini təkrarlamağın mənası yoxdur. Putinlə razılaşmamız da budur ki, konsensusa gələnədək işçi müzakirələrini davam etdirəcəyik”.
 
Xatırladaq ki, Ermənistan KTMT baş katibi postu ətrafında yaratdığı problemə görə təşkilatın daxilində təklənib. Paşinyan bu postu tutan Yuri Xaçaturovu vaxtından əvvəl geri çağırmasına baxmayaraq, baş katib vəzifəsinə yenidən erməni namizədin seçilməsində israrlıdır. Lakin 8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən N.Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər.
KTMT-nin baş katibi seçkisinin təxirə salınması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəs görəsən, bu məsələnin təxirə salınması nəyn göstəricisidir?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi seçilməsi məsələsinə baxılması gözlənilirdi: "Lakin Astana sammiti göstərdi ki, bu məsələ ətrafında çox ciddi fikir ayrılığı var. Fikrimcə, bu təşkilat çərçivəsində Ermənistana etimad olduqca aşağı səviyyədədir. Xüsusilə, Belarus və Qazaxıstan dövlət başçılarının bu təşkilatın baş katibi seçimində Ermənistanın mövqeyinə tamamilə fərqli mövqe ortaya qoyublar. Bu həm də Ermənistan üçün olduqca acınacaqlı vəziyyət idi. Ona görə də Paşinyan belə ifadələr işlədirdi ki, nə baş verdiyini anlamıram. O, "təşkilat çərçivəsində Ermənistana üzv ölkə olaraq etimad göstərilmir, lakin digər üzvlər Azərbaycana silah satışını həyata keçirirlər və bizim üçün artıq aydınlaşdırmaq lazımdır ki, kimə güvənmək olar, kimə güvənmək olmaz”, deyə ittihamlar irəli sürüdü. Onu da qeyd edim ki, baş katibin seçilməsinin təxirə salınması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Lakin görünür ki, keçən müddət ərzində Paşinyan Rusiya prezidentindən bu məsələ ilə bağlı çox xahişlər edib. O, ən azı Ermənistanda parlament seçkilərinə qədər bu məsələyə baxılmamasını, təxirə salınmasını istəyib. Çünki 6 dekabrda sammit çərçivəsində Belarus nümayəndəsi KTMT-nin baş katibi seçiləcəyi təqdirdə Paşinyan və onun tərəfdarları üçün seçkiqabağı çox ciddi zərbə olacaqdı. Bu vəziyyət seçkilərin nəticələrinə Paşinyanın əleyhinə təsir göstərə bilərdi. Mənə elə gəlir ki, burada Paşinyan nəticələrin necə olmasından asılı olmayaraq, parlament seçkilərinə qədər baş katib seçilməsi məsələsinin təxirə salınmasını çox xahiş edib. Yəqin ki, Rusiya hökuməti ilə bu istiqamətdə razılaşma əldə edilib”.
 
 
 
E.Nəsirov vurğuladı ki, hazırda KTMT-yə erməni yox, rus generalı rəhbərlik edir: "Müəyyən keçid dövrü üçün rus generalı bu vəzifəni icra edəcək. İstisna deyil ki, artıq 2019-cu ildə vaxt müəyyən ediləcək ki, baş katib məsələsinə yenidən baxılsın. Böyük ehtimalla baş katib vəzifəsinə məhz Belarus nümayəndəsi seçiləcək”.
 
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, KTMT-nin baş katibinin seçilməsinin təxirə salınmasında əsasən Rusiyanın mövqeyi rol oynayıb: "Yəni, bu, Ermənistana güzəşt kimi qiymətləndirilməməlidir. Çünki belə bir versiya var idi ki, Ermənistanın nümayəndəsi qəbul olunmayacaq və Belarus nümayəndəsi baş katib seçiləcək. Hesab edirəm ki, Rusiyanın baş katib seçkilərinin təxirə salmasına razılaşması Moskvanın təşkilatda təşəbbüsü öz əlində saxlamaq niyyəti ilə bağlıdır. Bildiyimiz kimi, hazırda KTMT-də baş katib vəzifəsini Rusiya nümayəndəsi icra edir. Bu baxımdan, təxirəsalmanı Rusiyanın kiməsə güzəşti kimi dəyərləndirmək doğru deyil. Sadəcə olaraq, Rusiya öz diqtəsini etdi və təşkilatda əsas söz sahibliyini əlində saxlamağa nail oldu”.
 
 
 
E.Mirbəşiroğlunun sözlərinə görə, təbii ki, Paşinyan Putinin bu istəyinə qarşı çıxa bilməzdi: "Yeri gələndə hesab etmək olar ki, bu, Paşinyanın özünə də xeyir edir. Çünki Paşinyan Ermənistan nümayəndəsini baş katib vəzifəsinə keçirə bilməyəcəkdi. Bu haradasa, seçki öncəsi Paşinyana sərf etmirdi. Amma heç bir halda, verilən qərar Paşinyana dəstək kimi dəyərləndirilməməlidir. Bir daha qeyd etmək istəyirəm ki, Putin təşkilatda söz sahibliyini öz əlində saxlamaq istəyir. Onu qeyd edim ki, 2019-cu ildə KTMT-nin baş katibi vəzifəsinə Belarus nümayəndəsi seçilə bilər. Çünki əlifba sırası ilə Ermənistandan sonra Belarus nümayəndəsinin namizədliyinin irəli sürülməsi mümkündür və bu, tam qanunauyğun şəkildə olacaq”.
 
BƏXTİYAR      

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157