• cümə, 26 Aprel, 18:38
  • Baku Bakı 22°C

Kremlin Ermənistanın baş nazirinə münasibəti dəyişməyib

03.10.19 16:54 1282
Kremlin Ermənistanın baş nazirinə münasibəti dəyişməyib
Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin Yerevan sammitini Rusiya mediası ən müxtəlif prizmadan şərh etməkdə davam edir. Bu ölkənin nüfuzlu "Rosbalt” nəşri yazır ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanı "incik” salmamaq üçün Yerevana səfər edbi. Müəllif yazır ki, sammitdə Avrasiya İqtisadi İttifaqı daxilində problemlər, uğursuzluqlar barədə də çox danışılıb. "Rusiya prezidenti gördüyümüz kimi, Ermənistana gəldi. Lakin şayiələr gəzirdi ki, bu səfər baş tutmayacaq. Çünki prezidentin təhlükəsizlik xidməti erməni tərəfindən tələb etmişdi ki, Putinin Koçaryanla görüş üçün islah-əmək müəssisəsinə getməsi ilə bağlı təhlükəsizliyi təmin etsin. Lakin bu istək etirazla qarşılanıb. Nəticədə Putin Rusiyanın bu ölkədəki səfirliyində Koçaryanın xanımı ilə görüşüb. Erməni mediası yazır ki, uzun çəkən danışıqlarda əsas müzakirə mövzusu Koçaryanın həbsi və onun ətrafında yaranmış gərginlik olub. Maraqlıdır ki, Putin Bella Koçaryanla görüşə Paşinyanla görüşdən daha çox vaxt ayırıb Bu randevu barədə başqa heç bir məlumat yoxdur. Başqa bir görüş – Paşinyanın Putinlə aeroportda saat yarımlıq görüşü barədə də heç bir məlumat yoxdur. Bu görüş barədə sosial şəbəkədə baş nazirin özü status yazıb. Paşinyan bildirib ki, erməni-rus münasibətləri etibarlı və müsbət axarda gedir və heç bir əlavə məlumat yoxdur”, - deyə nəşr yazır.
Müəllif yazır ki, Putinin Yerevana səfəri zamanı, çox güman, əsas məsələlərdən biri Rusiyanın satdığı qazın qiyməti olub. Hazırda bu qiymət min kub metrə görə 165 dollardır. Eləcə də, Rusiya Dəmir Yollarının konsessiyasında olan Ermənistan dəmir yollarının idarə edilməsi də problem kimi qalır. Məlumatlara görə, Rusiya tərəfi ermənilərin yaratdıqları problem üzündən idarəetmədən imtina edə bilər. Nəşr yazır ki, məsələnin bu həddə yüksələcəyi bir qədər şübhəli görünür. Başqa bir məsələ - Ermənistan AŞPA-da deputat Ovanes İgityanı əvəz edəcəkmi? Baş nazir Nikol Paşinyanın lideri olduğu "Mənim addımım” Partiyasından deputat olan bu şəxs Rusiyanın AŞPA-ya qayıtması ilə bağlı keçirilən səsvermədə qərarın əleyhinə səs verib.
Müəllif yazır ki, Avrasiya İqtisadi İttifaqına gəldikdə, Rusiya prezidenti bildirib ki, üzv dövlətlər 2025-ci ilə kimi energetika və karbohidrogenlər üçün ümumi bazarın yaradılması üçün baza yaratmalıdırlar. Ümumi elektroenergetika bazarının yaradılması barədə razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək. Sammit zamanı qurum daxilində yaşanan problemlərə də toxunulub. Məsələn, erməni baş nazir Aİİ ölkələri daxilində əmək miqrantlarının hərəkəti məsələsini qabardıb. Onun qənaətincə, bu baryer vahid əmək bazarının yaradılmasına mane olur. Bundan əlavə Aİİ daxilində qarşılıqlı milli valyutalara keçilməsi məsələsi qabardılıb. Bildirilir ki, erməni baş nazir hər vəchlə sammitdə İran prezidentinin iştirakını istəyib. Paşinyan istəyir ki, İran qazının ölkəsinə ixracı artsın. Lakin "Qazprom” İran qazının ölkə ərazisinə daxil olmasına qarşıdır. Ermənistanın İrana marağı Meğridə iqtisadi zonanın yaradılması ilə də bağlıdır. Nəşr yazır ki, Ruhaninin əsas marağı heç də sammitdə iştiraka yox, daha çox Putinlə görüşə köklənib. Onunla Hörmüz boğazında yaranmış vəziyyəti müzakirə etmək, eləcə də, nüvə proqramı ətrafındakı gərginliyi müzakirə etmək istəyib. Müəllif yazır ki, Paşinyan İran prezidentinin səfəri ilə bağlı çətin duruma düşüb. Ruhani ilə hər hansı bir polemikaya, xüsusən də ABŞ məsələsində girməyib - hər iki ölkə ilə münasibətlər onun üçün vacibdir.
Başqa bir mühüm məsələ odur ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyə güclənir. Sonda isə müəllif bu qənaətə gəlir: "Paşinyan hakimiyyəti üç - Rusiya, İran və ABŞ istiqamətində balanslaşdırılmış siyasət aparmalı olacaq. Necə deyərlər, xizəkdə əylənmək istəyirsənsə, onu sürüməyi də yaddan çıxarmamalısan. Elə etməlisən ki, onlar aşmasın”. Sammitlə bağlı erməni nəşrlərdə daha çox belə bir fikir var ki, Paşinyanın liderlərlə görüşü bir növ tələbə tamaşasını – mətni tez-tez unudan iştirakçıları xatırladırdı. Erməni mediası yazır ki, Paşinyan tez-tez bəyan edir ki, sammitin keçirilməsi onun təşəbbüsüdür. Lakin heç də belə deyil. Sosial şəbəkədə yazdığı statusunda Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan da bildirib ki, sammit təşəbbüsü Serj Sarkisyandan gəlib. Nikol Paşinyan Ruhani ilə Serj Sarkisyanın dövründə buraxılan Ermənistan-İran qaz kəməri ilə "qaz əvəzinə elektrik enerjisi” proqramını gündəmə gətirib. Rusiya prezidenti ilə görüşündə isə uğursuz formada Rusiya ilə Ermənistan arasında münasibətləri bərpa etməyə cəhd göstərib. Bundan əlavə, qonaqlar Sarkisyan dövründə açılan TUMO mərkəzinə gediblər, Koçaryanın zamanında inşa edilən aeroportdan yola düşüblər. Diqqət çəkən məqam həm də odur ki, Putin sammitdə daha çox Qazaxıstan və Belarus prezidentləri ilə ünsiyyətə üstünlük verir, ev sahibliyi edən Paşinyan arxa planda qalırdı. Putin-Paşinyan görüşündə bir məsələ də maraqlıdır. Belə ki, Paşinyan Putinlə mətbuat qarşısında açıqlama verərkən Rusiyanı "strateji tərəfdaşı” adlandırdı, ondan öncəki liderlər isə "başlıca müttəfiq” deməklə kifayətlənirdilər. Bir çox erməni ekspert hesab edir ki, Putinin Paşinyana soyuq münasibəti Ermənistan-Rusiya münasibətlərinin daha da korlanmasına səbəb olacaq.
Azər
banner

Oxşar Xəbərlər