• cümə, 26 Aprel, 11:17
  • Baku Bakı 12°C

Kremlin Ermənistana və Paşinyana münasibəti dəyişəcəkmi?

14.05.20 18:18 1226
Kremlin Ermənistana və Paşinyana münasibəti dəyişəcəkmi?
Politoloqların fikrincə, faşizmin təbliği Nikol Paşinyanı Rusiyanın gözündən salır

Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı ortaya çıxan təkzibedilməz faktlar tək ölkə daxilində deyil, eləcə də faşizmdən əziyyət çəkmiş dövlətlərdə də birmənalı qarşılanmadı. Paşinyanın bu faktı inkar, eyni zamanda ört-basdır etməsi isə, indiki halda mümkün görünmür. Ermənistanın müttəfiqi olan Rusiya isə hələ Njde məsələsi ilə bağlı da münasibət bildirmişdi.Rusiyanın dünyada faşizmə qarşı mübarizə apardığı bir vaxtda forpostu olan Ermənistan tərəfindən əvvəl Njde və indi isə Nikol Paşinyanın babası ilə bağlı ortaya çıxan faktlar heç də xoş qarşılanmır. Onsuz da Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan-Rusiya münasibətlərində olan sərinlik, görəsən bundan sonra necə olacaq? Rusiya Paşinyanın səmimiliyinə inanacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, Nikol Paşinyanın babasının nasist olması ilə bağlı faktların ortaya çıxarılması Rusiya tərəfindən ola bilər: "Çünki SSRİ arxivlərində faşistlərlə əməkdaşlıq etmiş sovet vətəndaşlarının adları var və bunlar saxlanılır. Əgər bu fakt Paşinyana qarşı qara piar deyil, həqiqətdirsə, çox güman NKVD arxivlərində saxlanılan məlumat ictimaiyyətə açıqlanıb. Ona görə ki, Paşinyanı ifşa etmək, onu nüfuzdan salmaq üçün məlumatlar yayılmasında daha çox Rusiya maraqlı görünür. Baxmayaraq ki, faşistlərlə əməkdaşlıq edən şəxslər barədə Almaniya və digər müttəfiq ölkələrin də arxivlərində məlumatlar ola bilərdi. Bütövlükdə isə, Nikol Paşinyanın babası ilə bağlı ortaya çıxmış faktların Ermənistan və Rusiya arasında münasibətlərə mənfi təsir göstərəcəyinə inanmıram. Çünki Njdeyə abidə qoyulmasına, Ermənistanda faşizmin çiçəklənməsinə Rusiyanın göstərdiyi münasibətdən aydın olur ki, bu dəfə də məsələ dövlətlərarası əlaqələrin pisləşməsinə aparıb çıxarmayacaq”.

N.Məmmədovanın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Paşinyan Ermənistan demək deyil, o, de-yure Ermənistan siyasi hakimiyyətinə rəhbərlik edən, de-fakto hələ də hakimiyyət uğrunda mübarizə aparan bir siyasi fiqurdur: "Paşinyan ən yaxşı halda siyasi hakimiyyətin lideridir. Lakin hakimiyyətin iqtisadi, hərbi və digər sahələri onun yox, Rusiyaya bağlı "Qarabağ klanı”nın əlindədir. Ona görə də Rusiya və Ermənistan arasında əlaqələr Paşinyanın faşist babasına görə pozulmayacaq. 300 ilə yaxındır ki, Cənubi Qafqazda davam edən Rusiya və erməni münasibətləri bir nəfərə görə qurulmadığı kimi, bir nəfərə görə də pozulmayacaq. Bu, strateji müttəfiqlikdir və belə ittifaqlar şəxslər üzərindən yox, maraqlar üzərindən davam etdirilir”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciətində faşizmə qarşı mübarizənin tarixindən danışdı, siyasi-tarixi aspektlərə toxundu: "Nə qədər qəribə və paradoksal səslənsə də, babası II Dünya müharibəsində sovetlərə qarşı döyüşən Ermənistanın baş naziri Nikol Paşinyan da həmin o canlı debatlara qoşulmuşdu. Bu bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi, təkcə Nikol Paşinyan deyil, eləcə də sosial status baxımından erməni cəmiyyətinin ən aşağı fərdinə qədər faşizm ideologiyası ilə yaşayır. Yəni, erməni cəmiyyəti bu ideologiya ilə birgə addımlayır. Biz bunu tarixin müxtəlif dövrlərində dəfələrlə görmüşük. Baxmayaraq ki faşizm dedikdə, Hitler və Mussolini, eləcə də İspaniyadakı faşizm nəzərdə tutulur, amma əslində, ən gerçək ilk faşizm XIX əsrin sonlarında məhz ermənilər tərəfindən azərbaycanlılara, türklərə, o cümlədən Azərbaycanda yaşayan digər xalqlara qarşı törədilmişdir”.

Z.Məmmədovun fikrincə, faktiki olaraq Rusiya-Ermənistan əlaqələri Nikol Paşinyanın siyasəti nəticəsində zərər görür: "Bu da Azərbaycanın maraqları ilə uzlaşan bir məsələdir. Çünki Rusiya bölgənin ən böyük ölkələrindən biridir. Amma indiki halda Rusiyanın Ermənistana münasibəti dəyişmir, sadəcə, Nikol Paşinyana münasibəti dəyişir. Təbii ki, rəsmi Moskva əvvəlki kimi Ermənistanı Cənubi Qafqaz bölgəsində forpostu və müttəfiqi sayır”.

Politoloq Şəbnəm Həsənova bildirdi ki, Ermənistan baş nazirinin babası Nikol Paşinyanın faşistlərə xidməti etməsi ilə bağlı faktların aşkarlanması bir daha sübut edir ki, hələ o vaxtlardan ermənilərin əksəriyyəti faşist rejiminin silahdaşı və tərəfdarı olublar: "Bu, eyni zamanda, onu göstərir ki, bu ideologiya Ermənistanda nəsildən-nəslə ötürülən bir təbliğatdır. Biz bu təbliğin motivlərini indi də açıq şəkildə görürük. Ermənistan və Azərbaycanı, sadəcə, bir-iki faktla müqayisə etsək, sadəcə, onu demək kifayətdir ki, Azərbaycanın böyük zəfərdə əvəzsiz payı var. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu rəqəm bütün Azərbaycan xalqının igidliyidir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi məsələsini MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısına quraşdırılmış xatirə lövhəsi söküldü. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyasi dairələri tərəfindən də pislənilib”.

Ş.Həsənova vurğuladı ki, ümumiyyətlə faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir: "Nəzərə alaq ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub. O zaman bu fakt onu da sübut edir ki, belə ideologiyaya xidmət edən bir xalq faşizm cinayətlərini azərbaycanlılara qarşı yenidən təkrar edib, işğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı amansız divan tutub”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər