• cümə, 26 Aprel, 10:28
  • Baku Bakı 12°C

Kremlin cavabı olacaqmı?

12.04.19 20:15 533
Kremlin cavabı olacaqmı?
Ermənistanda mövcud hakimiyyət dəyişikliyindən sonra həm hökumət təmsilçiləri, həm də parlament üzvləri tərəfindən Rusiya əleyhinə səsləndirilən fikirlərin sayı durmadan artmağa başlayıb. Düzdür, baş naziri Nikol Paşinyan Ermənistanın Rusiya kimi bir dövlətdən imtina edə bilməyəcəyini yaxşı anlayır və rəsmi Moskva ilə münasibətləri "isti” saxlamağa çalışır. Lakin son günlər yenidən Ermənistan daxilində Rusiya əleyhinə səsləndirilən ittihamlar öz kəskinliyi ilə seçilməyə başlayıb. Belə ki, bu günlərdə Ermənistanın hakim partiyasının üzvü, baş nazirin yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan bəyan edib ki, 1999-ci ilin 27 oktyabrında Ermənistan parlamentinə törədilmiş gülləbaran hadisəsi ilə bağlı cinayətin üstü açılıb. Onun fikrincə, sifarişçilər məlumdur və bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib.
Paşinyanın rəhbərlik etdiyi partiya mənsubu tərəfindən belə bir ittihamın səsləndirilməsi haradan qaynaqlanır? Görəsən, Kremlin bu ağır ittihama cavabı necə olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, indiyədək bu məsələyə Kremlin reaksiya verməməsi çox təəccüblüdür: "Hələlik bir cavab da yoxdur. Digər tərəfdən, belə bir bəyanatın Ermənistan tərəfindən səsləndirilməsinə gəlincə, ola bilsin ki, bu Paşinyanın başçılıq etdiyi partiyanın mövqeyidir. Sadəcə olaraq, Paşinyan bu yanaşmanın üzərindən hamar çəkir ki, bir o qədər də qabarıq görünməsin. Amma bütün bunlar onu göstərir ki, Paşinyan və komandası öz aralarında bu mövqedədirlər. Onlar hesab edirlər ki, 1999-cu ildə Ermənistan parlamentində olan gülləbaranı Putin başda olmaqla, rəsmi Moskva törədib. Bu, özü-özlüyündə çox ciddi bir ittihamdır və şübhə etmirəm ki, bu bəyanat Ermənistan-Rusiya münasibətlərinə də çox mənfi təsir edəcək. Düzdür, Paşinyan hakimiyyətə gələndən sonra bir az yumşaq mövqe nümayiş etdirir. Çünki başa düşür ki, ölkəsinin Rusiyadan uzaqlaşması reallığa uyğun deyil. Rusiya Ermənistanı öz əhatə dairəsindən kənarlaşdırmayacaq və bunun mümkünlüyündən söhbət gedə bilməz. Təsəvvür edin ki, Paşinyan Rusiyanın Gümrüdəki hərbi bazasına gedir, hərbiçilərlə görüşür və orada köməklik edəcəyinə dair söz verir. Lakin onun komandasında olan bir deputatın Rusiya əleyhinə fikir səsləndirməsi iki ölkə arasındakı münasibətlərə zərbə vurur. Hesab edirəm ki, Moskva bu bəyanata ciddi reaksiya verməlidir və müvafiq addımlar atmalıdır. Əks halda, belə bəyanatların tez-tez səslənməsinin şahidi olacaqlar”.
F.Sadıxov qeyd etdi ki, Kreml əgər Ermənistanla münasibətləri davam etdirmək istəyirsə, bu zaman Koçaryanın, Sarkisyanın və ya Paşinyanın fikirləri onu maraqlandırmır: "Rəsmi Moskvanın əsas məqsədi odur ki, Ermənistan təsir dairəsindən çıxmasın, forpost rolunu itirməsin. Eləcə də düşünürəm ki, burada iqtisadi, humanitar və hərbi əməkdaşlıq məsələləri var. Ermənistan zəngin dövlət deyil ki, özü özünü dolandırsın. Onlar açıq şəkildə Rusiyadan asılıdırlar. Əgər Rusiya enerji, hərbi-texniki və digər istiqamətdə təzyiq göstərərsə, Ermənistan çox bərbad vəziyyətə düşə bilər. Heç şübhəsiz ki, rəsmi Moskvanın əlində geniş imkanlar var. İndi görünür ki, Moskva gözləmə mövqeyindədir, durumu təhlil edir və heç şübhəsiz Ermənistana cavabı olacaq”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Paşinyan müəyyən dairələrin köməyi ilə hakimiyyətə gəlib: "Onun kimi bir insan şəxsi keyfiyyət və bacarıqlarına görə hakimiyyətə gələ bilməzdi. Təbii ki, Paşinyan və onun komandasının formalaşmasında da müəyyən dairələrin təsiri olmuşdur. Hətta Ermənistanın özündə Paşinyana müxalif olan qüvvələr deyirlər ki, parlament indiki baş nazir tərəfindən təyin olunub, yəni seçilən parlament deyil. Bu baxımdan hesab edirəm ki, Ermənistan parlamentində konkret şəxslərin Rusiyaya qarşı fikirlər səsləndirməsi haradasa gözlənilən haldır. Təbii ki, bu, həmin insanların hər şeydən öncə səriştəsizliyi kimi də qəbul olunmalıdır. Rusiya kimi bir dövlətin regionda kifayət qədər təsir gücü var və eləcə də qlobal proseslərə nüfuz imkanı mövcuddur. Ermənistan parlamentində açıq şəkildə belə fikirlərin səsləndirilməsi hesab edirəm ki, bütövlükdə Rusiya ilə rəsmi Yerevanın münasibətlərinə təsir göstərə bilər. Məsələ ondadır ki, 1999-cu ildən bu yana 20 il keçib, amma ötən illər ərzində ciddi şəkildə Rusiyanı Ermənistan parlamentinin gülləbaran edilməsi ilə bağlı açıq şəkildə ittiham edən olmamışdır. Birdən-birə Paşinyanın tam nəzarətində olan parlamentdə belə bir fikrin formalaşması düşünürəm ki, bütövlükdə Rusiya ilə Ermənistan arasında münasibətlərin korlanmasına hesablanmış bir addımdır. Bir daha vurğulayım ki, Paşinyanın komandası da kənardan idarə olunur və tam olaraq özünün nəzarətində deyil. Bu baxımdan da düşünürəm ki, əsas məqsəd artıq ardıcıl xarakter almış bir strategiyanın həyata keçirilməsidir. Bu da Ermənistanla Rusiya arasında münasibətlərin maksimum korlanmasına hesablanıb”.
E.Mirbəşiroğlu Kremlin səsləndirilən ittihamlara ciddi cavab verməyəcəyini düşünür: "Təbii ki, rəsmi Moskva səsləndirilən ittihamları təkzib edəcək. Əgər lazım gələrsə, bu, bütövlükdə Ermənistanla Rusiya arasındakı münasibətləri soyuqlaşdıran hal kimi qiymətləndiriləcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər