Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi
Kremlin iyulun 27-də Rusiya və Türkiyə lideləri
Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan arasında telefon danışığı ilə bağlı
yaydığı məlumatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tarixində yeni səhifə
adlandırmaq olar.
Niyə
məhz yeni səhifə?
Ona görə ki, indiyə kimi heç vaxt Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi rəsmi şəkildə Moskva və Ankara arasında müzakirə mövzusu
olmayıb. Bu, o demək deyil ki, Rusiya və Türkiyə liderləri bu münaqişəni heç
vaxt müzakirə etməyib. Əlbəttə ki, ediblər. Lakin bu haqda heç vaxt rəsmi məlumat
yayılmayıb. Ən azından rəsmi Moskva, Kreml heç vaxt Putinlə Ərdoğan arasında
Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məlumatı təsdiqləməyib.
Türkiyəni Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın 2017-ci
ilin mart ayının 10-da məşhur təyyarə böhranından sonra Moskvaya ilk rəsmi səfərini
işıqlandıran jurnalistlərdən biri də mən olmuşam. Görüşün həm protokol hissəsini,
həm də daha sonra keçirilən Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq
Şurasının iclasını işıqlandırmışam. Həmin iclasda Ərdoğan Türkiyənin Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlı narahatlığını dilə gətirdi, bu məsələnin
rusiyalı həmkarı ilə müzakirə etdiklərini bildirdi. Lakin Rusiya prezidenti
çıxışında bu məqama bir sözlə belə toxunmadı. Görüşdən sonra mətbuat üçün
yayılan press-relizdə də bu haqda bir kəlmə belə yox idi.
Daha sonrakı illərdə, Soçidə Putin-Ərdoğan
danışıqları öncəsi Türkiyə mətbuatı liderlərin Qarabağı müzakirə edəcəkləri barədə
məlumat yaymışdı. Yenə də nə Ankara, nə də Moskva tərəfindən rəsmi məlumat yox
idi, heç olmadı da.
Bu dəfə isə vəziyyət tamamilə dəyişmişdi. Türkiyənin
Yaxın Şərqdəki münaqişələrin, Suriya və Liviya problemlərinin nizamlanmasında müttəfiqi və ya rəqibi olan
Rusiya qarşısında əlini gücləndirməsi Ankaranın Cənubi Qafqaz regionunda
Moskvanın qarşısından geri çəkilməyəcəyini labüd edirdi. Belə də oldu. Sərhəddəki
gərginliyin ilk günlərindən Ankara bütün səviyyələrdə, XİN başçısı, müdafiə
naziri və ən əsası da prezident səviyyəsində Azərbaycana dəstəyini ifadə etmiş
oldu. Məhz bu, rəsmi Moskvanı ən çox qıcıqlandıran məqam oldu. Erməni
lobbisinin təsiri altında olan Rusiyanın ekspert cəmiyyətində Türkiyənin Azərbaycana
dəstəyi bilərəkdən qabardılır, sərhəddə baş verən gərginlikdə və daha sonra
ABŞ, Avropa və Rusiya şəhərlərində diasporlar arasında yaşanan olaylarda güya
ki Ankaranın izinin olduğu müəyyənləşdirilirdi. Ermənilər və ermənipərəst
rusiyalı ekspertlər hər vəchlə baş verən gərginliyin Dağlıq Qarabağ münaqişəsi
ilə deyil, üçücü tərəflə, yəni ki, Türkiyə faktoru ilə əlaqəli olduğunu
qabardırdılar.
Rəsmi Moskva da ad çəkmədən bəyanatlarında Ankaraya
işarə vururdu. Bu məqama ən çox Rusiya XİN-in bəyanatlarında rast gəlmək
olurdu. XİN sözçüsü Mariya Zaxarova və Lavrovun MDB ölkələri əlaqələri kurasiya
edən müavini Andrey Rudenkonun bəyanatlarında münaqişə tərəfləri ilə qonşu olan
və xüsusi ilə də Minsk Qrupunun üzvü olan ölkələrin çıxışlarında diqqətli
olmağa çağırışları buna misaldır.
Moskvanın Ankaranın adını çəkməməsinin səbəbi də bəlli
idi. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun üç həmsədr
ölkəsindən biri olan Rusiya heç vaxt Ankarının bu münaqişəyə müdaxiləsi
arzusunda olmayıb. Rəsmi Moskva hər zaman sözdə Paris və Vaşinqtonun həmsədrliyi
ilə məsələnin nizamlanmasına tərəfdar olduğunu açıqlayıb. Baxmayaraq ki, Türkiyə
ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir.
Kremlin Putinlə Ərdoğan arasındakı telefon danışı
ilə bağlı məlumatının mətni həm də bu cəhətdən diqqətə layiqdir ki, ilk dəfə
olaraq Qarabağ münaqişəsi Moskva və Ankara arasındakı müzakirələrdə ön plana
çıxır, hətta uzun müddət Rusiya-Türkiyə gündəmindən düşməyən Suriyanı, Liviyanı
belə qabaqlayır. Minsk Qrupunun üç həmsədr ölkəsinin, Rusiya, ABŞ və Fransada
erməni lobiisinin güclü olması və bunun Qarabağ nizamlanmasında həmin dövlətlərin
mövqeyinə təsirlərini nəzərə alsaq, təbii ki, Ankaranın bu prosesə birbaşa
qoşulması Azərbaycan üçün arzuolunandır. Uzun illərdir ki, həmsədrlərin fəaliyyətini
haqlı tənqid edən rəsmi Bakı üçün bu məqamı diplomatik qələbə də hesab etmək olar.
Bu məqam rusiyalı ekspertlərin də gözündən
yayınmayıb. Onların qənaətincə Ankaranın Qarabağ danışıqlarına birbaşa qoşulmaq
iddiası, Cənubi Qafqaz regionunda "mən də varam" deməsi Rusiya
diplomatiyasını Qarabağ düyünün açılması ilə bağlı səylərini artırmağa məcbur
edəcək. Bu isə uzun illərdir Cənubi Qafqaz regionu "mənim nəzarətimdədir və
ya nəzarətimdə olmalıdır" deyən Moskvanın rəsmi İrəvana siyasi və iqtisadi
təzyiqini qaçılmaz edəcək.
Fərid
Əkbərov, Moskva
"Atlas”
Araşdırmalar Mərkəzinin eksperti