• şənbə, 27 Aprel, 06:22
  • Baku Bakı 12°C

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib

17.01.18 13:00 1080
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2017-ci il ərzində də uğurla davam etdirib.

Qeyd olunub ki, hesabat dövründə Baş İdarə rəisi və digər vəzifəli şəxslər tərəfindən ümumilikdə 1635 vətəndaşın qəbul edilməsi təmin edilib. Ötən il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.

K. Əliyev qeyd edib ki, insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı, humanizm prinsiplərinə də söykənir: "Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, cənab Prezidentİlham Əliyevtərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv Sərəncamları, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır. Hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi olmuşdur”.

Tədbirdə iştirak edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirildiyini bildirib. Qeyd edib ki, açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı 2017-ci ildə dövlət orqanları tərəfindən 86% icra edilib.
"Elektron hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91-ə, elektron xidmətlərin sayı isə 437-yə çatdırılıb. İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi neqativ hallarının qarşısının alınması məqsədilə Azərbaycan Mülki Məcəlləsinə dəyişikliklər edilib. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Məclisi deputatlarının və bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanunlar qəbul edilib.

K. Cəfərov həmçinin bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində "ASAN xidmət” mərkəzlərinin sayı 12-yə çatdırılıb və fəaliyyət istiqamətləri genişləndirilib. Bu günə qədər "ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olmuş və vətəndaş məmnunluğu əmsalı isə 100 faizə yaxın olub. Bütün dövlət xidmətlərinin "ASAN xidmət” standartlarına uyğunluğunu yoxlamaq məqsədilə dövlət orqanlarının xidmətləri "ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilib və indeksin nəticələri, mövcud problemlər və onların təkmilləşdirilməsi istiqamətində təkliflər aidiyyəti dövlət orqanlarına verilib. Korrupsiyanın qarşısının alınması sahəsində sistemli təlim və maarifləndirmə tədbirləri həyata keçirilib.Avropa ŞurasıvəAvropa İttifaqıilə birgə əməkdaşlıq şəraitində dövlət qulluqçuları və tələbələr üçün etik davranış qaydaları və anti-korrupsiya mövzuları üzrə tədris proqramı hazırlanıb, yerli təlimçi bazası formalaşdırılıb, regionlarda müxtəlif hədəf qrupları üçün təlimlər keçirilib.

Bundan başqa, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq dövlət orqanlarının bu sahədə fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institusional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrində mühüm nailiyyətlərin əldə edilməsini qeyd edilib.

Tədbirdə prezident İlham Əliyevin ölkədəhəyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəyi vurğulanıb.
banner

Oxşar Xəbərlər