• cümə, 26 Aprel, 19:34
  • Baku Bakı 22°C

Koronavirusun siyasətə gətirdiyi ünsiyyət forması dəyişəcəkmi?

19.05.20 16:22 946
Koronavirusun siyasətə gətirdiyi ünsiyyət forması dəyişəcəkmi?
Politoloqların fikrincə, onlayn konfransların üstünlüyü olsa da, diplomatiyada ənənəvi ünsiyyət metoduna qayıdış müşahidə ediləcək

Koronavirus pandemiyası ilə əlaqədar olaraq dünya ölkələri arasında sərhədlər bağlandı, beynəlxalq münasibətlər sistemində bir süstlük yarandı. Çünki beynəlxalq konfranslar, tədbirlər, zirvə görüşləri dayandırıldı, hökumət və dövlət başçılarının səfərləri təxirə salındı. Bütün bunların fonunda beynəlxalq münasibətlər sistemində ənənəvi ünsiyyət forması demək olar ki, mümkünsüz oldu. Xüsusilə, nəzərdə tutulan beynəlxalq konfransların keçirilməsi ilə bağlı suallar yarandı. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Türk Şurasının fövqəladə Zirvə görüşü və ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfranslar keçirildi. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu videokonfrnaslar daha sonra digər dövlətlər və beynəlxalq qurumlar tərəfindən təkrarlandı. Düşünmək olarmı ki, postpandemiya dövründə də beynəlxalq əməkdaşlıq bu formatdan istifadə ediləcək? Yaxud da, belə bir formatın ənənəvi formatdan hansısa üstünlüyü varmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, post pandemiya dövründə yəqin ki, beynəlxalq görüşlər, konfranslar ənənəvi qaydada davam etdiriləcək: "Çünki bu, beynəlxalq protokolda qəbul olunmuş, norma halına gəlmiş bir üsuldur. Dövlət rəsmilərinin üzbəüz, əyani görüşlərinin öz əhəmiyyəti var. Digər tərəfdən, bəzən diplomatiyada elə məxfi məsələlərin müzakirəsi olur ki, bunu yalnız üzbəüz müzakirə etmək zərurəti yaranır”.
N.Məmmədova qeyd etdi ki, videokonfrans, virtual ünsiyyət bu zaman o qədər də etibarlı vasitə hesab olunmur: "Ona görə ki, marağı olan ölkələrin radio əks-kəşfiyyatı efir məkanına müdaxilə edib dövlət rəsmilərinin söhbətini dinləyə bilərlər. Tutaq ki, Azərbaycan və Türkiyə prezidentləri, yaxud müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıq məsələsini müzakirə edirlər. Kim təminat verə bilər ki, Rusiya, İran, Ermənistan radio əks-kəşfiyyatı bunu dinləməyəcək?! Yaxud, Ərdoğanla Putinin Suriyada birgə kəşfiyyat aparmaq və digər məsələlərə dair danışığını virtual yolla həyata keçirmək mümkün deyil. ABŞ, İsrail kəşfiyyatları dərhal hərəkətə keçə bilərlər. Doğrudur, dövlət rəsmilərinin söhbətləri ən müasir texnika ilə aparılır və onların təhlükəsizliyi təmin edilir. Lakin müdaxilə etmək həmişə mümkündür. Ona görə də, bundan sonra vacib beynəlxalq tədbirlərin ənənəvi qaydada davam etdiriləcəyini demək olar. Biz bilirik ki, Azərbaycan beynəlxalq münasibətlərdə yeni bir metodun - virtual diplomatiya ənənəsinin əsasını qoydu. Yəqin ki, əyani beynəlxalq tədbirlər təşkil etmək imkanı olmayanda, bu vasitəyə müraciət olunacaq”.
Politoloq Əhməd Əlili bildirdi ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq dövlət başçılarının əksəriyyəti öz aralarında onlayn şəkildə ünsiyyətlərini davam etdirməyə məcbur idilər: "Xüsusilə, koronavirus dövründə bir çox sahələrdə əməkdaşlığa ehtiyac yarandı. Belə ki, sərhədlərin bağlı olduğu halda, yükdaşımaların təmin olunmasına və yaxud da ölkələrin biri-birinə tibbi ləvazimatla kömək etməsinə, eləcə də müəyyən bir fikir mübadiləsinə ehtiyac yaranmışdı. Bu baxımdan videokonfransların keçirilməsi özü-özlüyündə çox vacib element idi. Düşünürəm ki, Azərbaycanın, Türkdilli ölkələrin dövlət başçıları, həm də Qoşulmama Hərəkatının zirvə toplantısı ilə bağlı keçirdiyi videokonfransla liderliyini ortaya qoyması ölkəmiz adına böyük bir bonusdur. Yəni əgər dünya üzrə pandemiya dövründə beynəlxalq əhəmiyyətli 5 böyük konfrans baş tutubsa, onun ikisi məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən konfranslar oldu. Nəzərə almaq lazımdır ki, hələ pandemiya bitməyib və davam etməkdədir. Sadəcə olaraq, ölkələr o qədər təcrübə toplayıblar ki, bu istiqamətdə daha çox işlər görə biləcəklərini düşünürlər. Onlar daha yüngülləşdirilmiş karantin şərtləri ilə fəaliyyətlərini davam etdirə bilərlər. Həmin ölkələr tibbi resurslara arxayındırlar ki, xəstələrin sayı hədsiz artsa belə, bunun qarşısını alacaqlar”.
Ə.Əlili vurğuladı ki, belə olan halda iqtisadiyyata vurulan zərərin qarşısını almaq üçün bütün ölkələr koronavirus pandemiyası ilə bağlı karantin şəraitində müəyyən güzəştlər etmək qərarına gəliblər: "Onlardan biri də Azərbaycandır. Düşünürəm ki, hətta növbəti il yarım ərzində beynəlxalq münasibətlər sistemində bu cür onlayn konfransların keçirilməsi aktiv olacaq. Əlbəttə ki, Azərbaycanın bu istiqamətdə, artıq təcrübəsi var. Postpandemiya dövründə bu formada beynəlxalq əməkdaşlığın davam etdirilməsinə gəlincə, onu deyim ki, bu, mümkündür. Bu cür ünsiyyət göstərdi ki, müəyyən məsələləri bu formatda təşkil etmək olar. Amma düşünürəm ki, diplomatiya heç də hər zaman onlayn olacaq bir məsələ deyil. Diplomatik görüşlər zamanı eyni ortamda olmaqla müəyyən informasiyalar əldə edilir. Hətta deyərdim ki, Avropanın bir çox siyasi institutlarının qərarları çox zaman kuluarlardakı müzakirələr zamanı qəbul olunur. Kuluarlardakı iştirak diplomatlar üçün çox vacibdir. Düşünürəm ki, onlayn konfransların üstünlükləri çox olsa da, bir müddətdən sonra diplomatiyanın ənənəvi ünsiyyət metodlarına qayıtmasını müşahidə edəcəyik”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər