AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusla mübarizədə infrastrukturun önəmi

Koronavirusla mübarizədə infrastrukturun önəmi

Siyasət
07 İyul 2020, 19:00 499
Millət vəkilləri deyir ki, modul tipli xəstəxanalar vaxtında tikilməsəydi, xəstələrin yerləşdirilməsində ciddi problemlər ola bilərdi

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib. Dövlət başçısı sualları cavablandırarkən bir sıra vacib məsələlərə diqqət çəkib. O bildirib ki, gələcəkdə də belə sağlıq mərkəzlərinin yaradılması  nəzərdə tutulur: "Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq”.
Prezident bildirib ki, əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərar, virusun yayılması o qədər də geniş vüsət almazdan əvvəl verilib: "Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda, biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə, o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır. Ümumiyyətlə, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.
Millət vəkili Musa Quliyev pandemiya dövründə vətəndaşlarımıza vaxtında tibbi xidmət göstərmək üçün modul tipli xəstəxanaların əvəzsiz rol oynadığını söylədi: "Hazırda 45-dən çox xəstəxanamız stasionar şəraitdə koronavirusla mübarizə aparır. Bu xəstəxanlardan onu modul tipli xəstəxanadır. Xəstəxanaların tikilməsi haqda sərəncamı dövlət başçısı hələ aprel ayında verib. Onlardan 6-ı dövlət vəsaiti hesabına, 4-ü isə özəl sektorun hesabına tikildi. Pandemiya şəraitində kütləvi xəstələnmə halları baş verir. Mövcud stasionar xəstəxanlar belə məqamda kifayət etməyə bilir. Virusa yoluxan şəxslərin vaxtında müalicə alması üçün modul tipli xəstəxanaların tikilməsi olduqca zəruri idi və tam vaxtında, düşünülmüş bir addım oldu. Bu xəstəxanaların tikilməsi zəruri ehtiyacdan doğdu. Orada iki mindən çox xəstənin müalicəsi təmin edilir. Bu xəstəxanalar olmasaydı, iki minə yaxın xəstə məcbur olub ev şəraitində mülaicə almalı olacaqdı. Modul tipli xəstəxanalar layihələndirilərək bütün tibbi avadanlıqlarla təmin olunub. Tiklməsi qısa müddətə başa gəldiyi kimi, lazım gəldiyi təqdirdə bir yerdən başqa bir yerə daşına bilir. Pandemiya bitdikdən sonra bu xəstəxanalar hərbi səhra hospitalı kimi də istifadə oluna bilər. Yəni bu xəstəxanalar üçün çəkilən xərc sonradan hədər olmayacaq. Biz həqiqətən də pandemiyanın pik vaxtında çətin vəziyyətdə qala bilərdik. Bu xəstəxanalar məhz bu məqamın qarşısını aldı. Xəstələrimizin müalicəsi tam təmin olunur. Açılışı olan modul xəstəxana bir gündə 600-ə yaxın xəstə qəbul edə bilir. Bu da səhiyyə infrastrukturunda gərginliyi aradan qaldırır. Bu mənada pandemiya dövründə vətəndaşlarımıza vaxtında tibbi xidmət göstərmək üçün modul tipli xəstəxanalar əvəzsiz rol oynayır”.
Millət vəkili Azər Badamov deyir ki, koronavirus pandemiya elan olunduqdan sonra ÜST ilə əməkdaşlığa keçən ilk ölkələrdən biri Azərbaycan oldu. Koronavirusa qarşı Azərbaycan uğurlu və inamlı mübarizə aparır: "Bu gün pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır. Modul tipli xəstəxanaların tikilməsi də uzaqgörən siaysətin göstəricisidir. Dövlət başçısı bu xəstəxanaların tikilməsi haqda sərəncam verəndə yoluxma halları elə də çox deyildi. O vaxtı bu xəstəxanaların lazım olacağını bilmək olmurdu. Vəziyət elə gətirdi ki, biz düşünülmüş bu qərarın faydasını görürük. İndi gündəlik yoluxma halları 500-dən çoxdur. Əgər bu xəstəxanalar vaxtında tikilməsəydi bu gün xəstələrin yerləşdirilməsində ciddi problemlər ola bilərdi. Prezident yenidən 10 bu tipli xəstəxananın tikilməsinə dair tapşırıq verib. Bu da koronavirusla mübarizədə qısa müddətdə uğurlu nəticə əldə etməyimizə imkan yaradacaq. Təbii ki, bu xəstəxanaların tikilməsi iqtisadi potensial tələb edir. Azərbaycan güclü dövlətdir. Ölkəmizin iqtisadi, sosial sferadakı uğurları, məhz düşünülmüş qərarların nəticəsidir”.

Şəbnəm Mehdizadə