AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirus miqrant bazarını çökdürür

Koronavirus miqrant bazarını çökdürür

Siyasət
06 Aprel 2020, 15:44 315
Rusiyada və Avropa ölkələrində yeri əhali aqrar sahədə işləmək istəmir, işçi miqrantları gətirmək isə problemdir

Koronavirus pandemiyası özü ilə bərabər çoxsaylı problemlər və tənəzzül gətirməkdədir. Sərhədlərin bağlanması və əmək miqrantlarının ölkələrinə geri dönməsi də ən ciddi problemlərdən birinə çevrilib. Bu o deməkdir ki, milyonlarla miqrant artıq ölkələrinə, ailələrinə on milyardlarla dollar göndərə bilməyəcək. Rusiya mediası yazır ki, hakimiyyət orqanları əcnəbi işçilər üçün məşğulluğu saxlamağa cəhd göstərir. Məhz onların göndərdiyi vəsait bir çox ölkələrin iqtisadiyyatının bel sütununu təşkil edirdi. Hətta bəzi dövlətlər faktiki olaraq göndərilən pullardan asılıdır. Məsələn, Rusiya mediası yazır ki, təxminən 2 mln.-a yaxın Özbəkistan vətəndaşı öz ölkələrinə il ərzində 4 mlrd. dollara yaxın vəsait göndərir. Bundan sonra isə bu vəsait olmayacaq. Təqribən 5 mln-a yaxın ukraynalı işçi də ölkələrinə il ərzində təqribən 20 mlr. dollara yaxın vəsait gətirir və yaxud göndərirdilər. Lakin pandemiya başlanandan bəri miqrantların ölkələrinə valyuta göndərilmələri əhəmiyyətli dərəcədə azalacaq. Ukrayna hakimiyyət orqanları vəd edirlər ki, ölkədə yaxın illər üçün xaricdə iş yeri tapmaq iqtidarında olmayan əmək miqrantları üçün 5 mln. yeni iş yeri yaradılacaq. Ukrayna və Özbəkistan ilə yanaşı, digər postsovet ölkələri - Moldova, Qırğızıstan, Tacikistan və Ermənistan da valyuta axınından məhrum olacaqlar. Yəni sərhədlərin bağlanması şəraitində postsovet ölkələri əvvəllər əldə etdikləri minimum 30 mlrd. dollardan məhrum ola bilərlər. Qastarbayterlərin ölkələrinə getmələri işçi qüvvəsini cəlb edən ölkələrin iqtisadiyyatları üçün də təhlükə yaradır. Əsas zərbə də əcnəbi işçi qüvvələrin daha çox cəlb edildiyi istehsal sahələrinə dəyir. Bu daha çox inşaat və kənd təsərrüfatına aiddir. Rusiya hökuməti rəhbərinin müavini Marat Xusnullin artıq mənzil inşaatı sahəsində əksər proqramların dondurulduğunu bildirib. Xusnullin ötən gün bildirib ki, Rusiyada aldadılan və işsiz qalan əmək miqrantlarının sayı koronavirus epidemiyası hesabına arta bilər. "Burada başqa yol yoxdur. Biz hələ bilmirik ki, mövcud vəziyyətdən iqtisadi itkilərimizin həcmi nə qədər təşkil edəcək”, - deyə baş nazirin müavini bildirib. Onun sözlərinə görə, tikinti işləri inersiyalı prosesdir. Müvəqqəti dayanmalar şəraitində isə onu yenidən bərpa etmək çox çətindir. Bütün bunlarla yanaşı, zəruri mövsümi işlərin davam etdirilməsinin vaxtı çatıb. "Hazırda kommunal şəbəkəni təmir və inşa etmək zəruridir, yəni qış dövrünə hazırlaşmaq gərəkdir”, - deyə baş nazirin müavini bildirib. Onun sözlərinə görə, Rusiya hökuməti əmək miqrantlarnın cəlb edildiyi  inşaat obyektlərində işlərin dayandırılmasını məsləhət görmür. "Hesab edirik ki, təqribən 2 milyona yaxın miqrant regionlarda çalışır. Onlar əsas etibarilə keçmiş sovet respublikalarının olan insanlardır. İndiki vəziyyətdə onlar geri dönə bilmirlər. Çünki, sərhədlər bağlıdır, imkanlar məhduddur. Bu səbəbdən də biz təklif edirik ki, belə miqrantların olduğu yerlərdə inşaat işlədi dayandırılmasın. Çünki onlar çox ən pis şəraitdə yaşayırlar”, - deyə hökumət rəsmisi bildirib. Təklif edib ki, "tikinti meydançalarında ayrıca məişət yerləri yaradılsın. Koronavirus xəstələri müəyyən olunan kimi onlar orada yerləşdirilsin. Onların izolə edilmək üçün evləri və mənzilləri yoxdur. Əlbəttə ağır vəziyyətdə olan xəstələr üçün xəstəxanalar mövcuddur”.
O da qeyd edilir ki, mövsümi əcnəbi işçilərin getməsi Avropa ölkələrinin və Rusiyanın aqrar sektorunda da ciddi təsir edəcək. Məsələn, Rusiyanın Həştərxan vilayətində yerli işçilərə əmək miqrantlarının getməsi səbəbindən sahələrə çıxmağı təklif ediblər. Məmurlar vəd edirlər ki, vakansiya yaranan sahələrə işləyənlərə yüksək iş şərait yaradılacaq - iş yerlərinə çatdırılma və geri aparma, yaşamaq üçün yer və ərzaq veriləcək. Bundan əvvəl analoji çağırışlar Fransada da yerli sakinlərə edilib. Lakin tək ölkə vətəndaşlarının hesabına işləri qurmaq hələ ki, mümkün olmur. Məsələn, Almaniya aprel-may ayları üçün ölkəyə 40 minə yaxın müvəqqəti işçinin cəlb edilməsini planlaşdırır. Artıq daxili işlər naziri Xorst Zeexofer və kənd təsərrüfatı naziri Yuliya Klekner bu layihəni açıqlayıblar. Almaniya sərhədini yalnız təşkil olunan qrupların tərkibində keçmək mümkündür. Onlar üçün qrup şəklində izolyasiya və virtual karantin fəaliyyət göstərəcək. Analoji təşəbbüslər digər Avropa ölkələrində də reallaşdırıla bilər. "Bloomberg”in hesablamalarına görə, yalnız Polşa iqtisadiyyatı əmək miqrantlarının itirilməsi üzündən il ərzində 47 mlrd. dollardan məhrum ola bilər. Polyaklar bundan qurtulmaq üçün minlərlə əmək miqrantı cəlb edə bilər. Miqrant tələbatını Finlandiya da ciddi şəkildə hiss edir. Yerli aqrarçıların sözlərinə görə, bir çox ərzaq məhsullarının istehsalı azala, qiymətlərsə qalxa bilər. Bu təhlükə səbəbindən Finlandiya Əmək Nazirliyi Ukraynadan işçiləri gətirmək üçün çarter aviareysləri təşkil etməyə hazırlaşır. Gətirilən əcnəbilər işə başlamamışdan əvvəl ikihəftəlik karantindan keçməli olacaqlar. Bütövlükdə  ölkəyə 1500-ə yaxın əcnəbi işçinin gətirilməsi nəzərdə tutulur.
Beləliklə, gəlinən qənaət budur ki, vəziyyət qənaətbəxş deyil. Mövcud vəziyyət belə davam edərsə, nəinki insanların, hətta ölkələrin iqtisadiyyatları çökə bilər. Ümid isə qalıb  koronavirusun tez bir zamanda başa çatmasına.

Azər NURİYEV