• cümə, 10 May, 05:16
  • Baku Bakı 15°C

Kor atın kor da nalbəndi olar

11.04.17 09:30 1355
Kor atın kor da nalbəndi olar
Aprelin 8-də Milli Şura keçirdiyi mitinq gözlənildiyi kimi, biabırçılıqla nəticələndi. Demək olar ki, bu mitinq tam mənada fiaskoya uğradı. Milli Şura rəhbərliyi nə mitinqə ictimai dəstəyi təmin edə, nə də yetərli adam toplaya bildi. Hətta mitinqə gələnlərin bir qismi də bir neçə dəqiqədən sonra "çeynənmiş” çıxışlardan bezərək, meydanı tərk etməyə başladılar.
Milli Şuranın keçirdiyi biabırçı mitinqdən sonra hətta müxalif düşərgənin özündən belə aşağılayıcı açıqlamaların şahidi olduq.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrliyinə keçmiş namizəd Sahib Kərimli mitinq biabırçılığına münasibət bildirərək qeyd edib ki, mitinqə dəstək gəlmədi, aksiyada həmişəki adamlar iştirak edirdi. O, AXCP-nin zəiflədiyini, partiyanın sədri Əli Kərimlinin isə reytinqinin aşağı olduğunu və insanların artıq ona güvənmədiyini diqqətə çatdırıb: "AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar. Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə vaxt nəticə əldə edəcəyinə inanmır. Cəmiyyəti inandırmaq üçün ən əvvəl yaxın çevrəni inandırmalısan. Əli Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlmisinizmi? Ya da ki, mebel fabrikində işlədiyi müddətdə onun seçkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nə isə deyibmi? Hərbi xidmətdə olan Əli Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Hətta Əli Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, heç biri təşkilatda qalmayıb”
S.Kərimli vurğulayıb ki, AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə qədər dostu və ya ona hörmət edən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur. Keçmiş partiya funksioneri Əli Kərimlinin istefasını da tələb edib.
Milli Şuranın keçmiş üzvü, hüquqşünas Aslan İsmayılovun mitinqlə bağlı yanaşması da demək olar ki, eynidir. O, vurğulayır ki, mitinqdən sonra Müsavat, AXCP üzvlərinin biri-birilərinə yönəlik yazıları insanlarda ikrah hissi doğurur: "Məqsədləri eyni olan hər iki tərəfin biri-birilərinin uğursuzluqlarını toy-bayram kimi qeyd edirdilər. Özünə hörmət edən şəxs mitinqdə iştirak etməyənləri təhqir etməz”.
A.İsmayılov mitinqə yüz minlərin yox, minlərin, özü də eyni adamların çıxmasının səbəbinin çox maraqlı olduğunu bildirib: "Başqalarını demirəm, 2013-cü il mitinqlərinin hamısına gedirdim və insanların da getməsi üçün əlimdən gələni edirdim. Hələ o dövrdə həmin mitinqə gələnlər günümü qara etdilər, haqqımda yazmadıqları böhtanlar qalmadı. Onlardan aralanan kimi təhqirlər də yox oldu. Dünənki mitinqdə REAL-çıların iştirakını mən də gözləyirdim. Mitinqdən dərhal sonra onların iştirak etməməsinin səbəbi ilə maraqlandıqda isə Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyevin "İlqar Məmmədov tezliklə azad edilməsə... REAL-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər!" məzmunda yazısına rast gəldim. Bundan sonra REAL-çılardan iştirak etməmələrinin səbəbini soruşmağa belə ehtiyac qalmadı”.
Ənənəvi müxalifət liderlərinin uğursuzluqlarına üzüldüyünü vurğulayan A.İsmayılov qeyd edib ki, kim başqasına nə arzu edirsə, onu da qazanır: "Bu yolda xəyanət, haqsızlıq, təhqir görənlər birinci səbəbi öz etdiklərində axtarsınlar. Hamı bilməlidir ki, intriqalarla, başqalarının uğursuzluqlarında nəsə axtarmaqla, böhtan atmaqla, oyunbazlıqla bu günə qədər heç kim uğur qazanmayıb. Əminəm ki, bundan sonra da qazanmayacaq.
İnsanlar müxalifət inhisarını, müxalifət sülaləsini də görür. 30 il eyni simaları müxalifətdə görürük. Azərbaycan balaca yerdir, nə baş verir hamı bilir və görür”.
A.İsmayılov ötən illər ərzində müxalifət partiyalarında rəhbər dəyişikliyi olmadığını diqqətə çatdırıb: "Şəxsi qənaətim odur ki, son 25 il ərzində müxalifətin öz arasında olan mübarizə hakimiyyətə qarşı olan mübarizədən daha kəskin olub. AXCP, Müsavat, AMİP, ADP-nin öz aralarında olanları bir kənara qoyaq, yeni yaranan siyasi təşkilatlara hücumları kimlər görmədi. REAL, NİDA təşkilatlarına "ya bizimlə olacaqsınız, ya da atdığımız çirkablarda boğulacaqsınız" prinsipini hər kəs gördü. "Birdən onlar irəli düşər” qənaəti ilə hamısını ictimai həyatdan uzaqlaşdırdılar”.
Hüquqşünas vurğulayıb ki, bu xalq 25 il meydanda olanların hamısından, yumşaq desək, yorulub, onlara inanmır, bundan sonra da inanmayacaq və buna da tam haqqı var. Ona görə ki, hamısı bu xalqı aldadıb, onun səmimiliyini öz şəxsi maraqları, ambisiyalarına qurban verib.
Göründüyü kimi, artıq nə Milli Şuraya, nə də ona faktiki olaraq rəhbərlik edən Əli Kərimliyə inam qalmayıb. Çünki AXCP bir siyasi təşkilat olaraq öz gücünü, elektoratını itirib və ancaq Milli Şuranın kölgəsinə çəkilib. Sosial şəbəkələrdə hər şeydən narazı olan Əli Kərimlinin "ordusunu” isə mitinqdə görmək mümkün olmadı. Bu bir daha onu göstərir ki, mitinq üçün internet məkanında "hay-həşir salan”lar saxta profil sahibləridir. Başqa sözlə desək, AXCP-nin heç də virtual aləmdə təqdim olunan kimi sosial bazası, elektoratı yoxdur.
F.QƏHRƏMANLI
banner

Oxşar Xəbərlər