• şənbə, 27 Aprel, 02:56
  • Baku Bakı 14°C

Konstitusiya Məhkəməsi də Paşinyana qarşı çıxdı

04.09.19 17:21 1186
Konstitusiya Məhkəməsi də Paşinyana qarşı çıxdı
Ermənistan yenidən hamını təəccübləndirməyə "müvəffəq” olub. Həbsxanada cəza çəkən sabiq prezident Robert Koçaryan barəsində Ermənistan Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul edib. Məhkəmə Cinayət Məcəlləsinin, ölkənin sabiq prezidenti Robert Koçaryanın konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq həbs olunduğu 35-ci maddəsini konstitusiyaya zidd elan edib. Qərarı Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyan oxuyub. "Müzakirələrdən sonra ölkənin Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 35-ci maddəsinin konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Bu qərar qətidir və ondan şikayət verilə bilməz”, - deyə Tovmasyan vurğulayıb. Koçaryanın vəkili Aram Vardevanyan da qeyd edib ki, 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu o deməkdir ki, Robert Koçaryanın Konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüququ pozulub. Yeri gəlmişkən, bundan əvvəl Koçaryanın digər vəkili Hayk Alumyan jurnalistlərə demişdi ki, Konstitusiya Məhkəməsi müdafiənin bütün dəlillərini qəbul edərsə, müvəkkili dərhal azadlığa buraxılmalı və cinayət təqibi dayandırılmalıdır. Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsi binasının qarşısında Robert Koçaryanın həm tərəfdarları, həm də əleyhdarları toplaşıblar. Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının sayı, təxminən hər iki tərəfdən olanların ümumi sayına bərabərdir.
Yeri gəlmişkən, oktyabr ayında Rusiya prezidenti Vladimir Putinin Avrasiya İqtisadi İttifaqının iclasında iştirak etmək üçün Yerevana səfəri planlaşdırılıb. Səfər Rusiya liderinin, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk səfəri ola bilər. Səfər qeyri-rəsmidir və bu da onun statusunu xeyli aşağı salır. "Moskva-Baku” portalı yazır ki, erməni rəhbərliyi mütəmadi olaraq Rusiya ilə münasibətdə ziddiyyətli bəyanatlar səsləndirir - gah bəyan edir ki, etibarlı strateji tərəfdaşdır, gah da bildirir ki, müəyyən problemlər mövcuddur. Ekspertlər də dəfələrlə bildiriblər ki, Ermənistanda Nikol Paşinyanın yeni hakimiyyəti Rusiyanı tənqid etməyə cəhd göstərib, ikitərəfli münasibətlərdə ölkəsinin xüsusi müstəqilliyinin olduğunu qabartmağa çalışıb. Məsələn, bu günlərdə Fransanın "Nouvelle d'Arménie” jurnalına açıqlamasında bəyan edib ki, Ermənistanın Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən azad olması zəruridir. "Məxməri inqilab”dan sonra Moskvanın Yerevana münasibətinin dəyişdiyi barədə fikirlərə gəldikdə, baş nazir bildirib ki, Rusiyanın öz tərəfdaşına münasibətdə şübhələnməsi onun hüququdur.
Ümumiyyətlə, Paşinyan tərəfindən səslənən bəyanatları Moskvaya növbəti mesajı kimi qəbul etməyin mümkünlüyünü portala müsahibəsində rusiyalı politoloq İqor Korotçenko şərh edib. Paşinyanın bəyanatını ətraflı tədqiq etdiklərini bildirən politoloq "Baş nazir bu bəyanatı ilə açıq şəkildə dişlərini göstərmiş olub. Necə deyərlər əlinə bayraq alıb. Ermənistan həqiqətən suveren dövlətdir” deyib. Əlavə edib ki, bu səbəbdən də hesab edirəm ki, Rusiya ona sponsorluq etməməlidir: "Qoy Paşinyan "beşilliyi” üç ilə başa çatdırsın. Ölkə iqtisadiyyatının sürətli uçuşunu təmin etsin. Sürətli templərlə ümum daxili məhsulun inkişafını təmin etsin. Bizlərə ona uğur və nailiyyətlər arzulamaq qalır və gözləyək görək hansı nəticələr nümayiş etdirəcək. Belə bəyanatlardan sonra bizim mövqeyimiz praqmatik olacaq. Əgər Paşinyan deyirsə ki, hər şeyi özü bacarar, qoy onda Boltonun yanına getsin. Bolton ona tam müstəqil dövlət verəcək”. Onun sözlərinə görə, belə olan halda Moskva Yerevana güzəştli şərtlərlə kredit, aşağı qiymətə qaz verməli deyil. Politoloq hesab edir ki, əgər Ermənistan suverenlik prinsiplərini reallaşdıra bilərsə, qoy onda dünya qiymətlərinə qaz, beynəlxalq bazarda müəyyən olunmuş qaydalarla kredit alsın: "Bax, o zaman öz tərəfdaşımızla onun suverenliyinə hörmət etməklə işləyəcəyik. Axı bizim nəyimizə gərəkdir ki, Ermənistana öz büdcəmizdən sponsorluq edək? Əgər Ermənistana kredit verməkdə davam etsək, bu, onun suverenliyinə zərbə olacaq. Paşinyanın məntiqi ilə belədir. Təbii ki, Ermənistan baş nazirinin Rusiyanın ünvanına dost olmayan bəyanatları diqqətə alınacaq. Bizə dişlərini nümayiş etdirən şəxslərə, yumşaq desək, sponsorluq etməli deyilik. Əgər Paşinyan bizi nə iləsə şantaj etmək istəyirsə, qoy etsin”. Paşinyanı "Soros yuvasının balası” adlandıraraq, ora Amerika səfirliyi tərəfindən salındığını vurğulayıb. Onu bir növ hər şeyi dağıtmağa cəhd edən, qurmaqla arası olmayan "erməni Navalnı” adlandırıb. "Bu qüvvələrin Rusiyanı dağıtmaq cəhdləri alınmadı, Yerevanda isə bu cəhdləri alındı. Çünki, Ermənistan Rusiya ilə müqayisədə çox zəifdir. Bir də ki, bizdə buradakı kimi böyük ştatlı ABŞ səfirliyi mövcud deyil. O ki qaldı Paşinyana – bu şəxs öz xalqına şüarlardan başqa bir şey təklif edə bilməz. Ermənistan baş naziri təcrübəli demaqoq, cəld, hiyləgər, hakimiyyət vaqonuna seçki yolu ilə deyil, çevriliş yolu ilə tullanmağa müvəffəq olub. Ermənistan xalqı isə görünür, Ukrayna xalqı kimi kordur. Poroşenkonu hakimiyyətə gətirdi, indi də bağırır ki, onu nə vaxt tutub həbsxanaya salacaqlar. Əgər Ermənistanda belə bir lider seçiblərsə, nə etmək olar. Paşinyanın Ermənistanı geosiyasi və iqtisadi baxımından fəlakətə apardığı göz önündədir. Yalnız vəd edir, uğurlar isə belə bir liderlə üfüqdə belə görünmür. İqtisadi yüksəliş gözləməyinə dəyməz”, - deyə rusiyalı politoloq vurğulayıb.
"Bəs Paşinyanın belə bir ritorikasında rəsmi Moskva özünü necə aparacaq” sualına politoloq "çox güman ki, Rusiya öz maraqlarından çıxış edərək addımlar atacaq” deməklə kifayətlənib. "Təkrar edirəm, bu isə o deməkdir ki, əgər Paşinyan Moskvanı şantaj etməkdə davam edəcəksə, aşağı faizli kredit təqdim etməyinə dəyməz”, - deyə bəyan edib.
Politoloq Putinin Koçaryanı təbrik etməsinə də toxunub. Onun sözlərinə görə, bu təbriklə Putin bir daha nümayiş etdirmiş oldu ki, Koçaryanın həbsi Moskvada siyasi məsələ kimi nəzərdən keçirilir: "Paşinyan Moskvadakı etirazları tədqiq etməkdənsə, ölkəsində demokratiyanın səviyyəsini tədqiq etsə yaxşı olardı. Biz Ermənistanın daxili işlərinə qarışmırıq, lakin öz nöqteyi-nəzərimizin olmasını heç kim bizə qadağa qoya bilməz. Rusiya prezidenti təbriki ilə bir daha mövqeyini ortaya qoymuş oldu”.
Rusiyalı ekspert Paşinyanın Dağlıq Qarabağ münaqişəsi il də bağlı mövqeyini şərh edib. O bildirib ki, baş nazirin bütün bəyanatları onu deməyə əsas verir ki, münaqişəni həll etmək niyyəti yoxdur: "Baş nazir üçün bu gün müharibə, hakimiyyətdə qalmağın yeganə vasitəsidir. Və bu səbəbdən də münaqişənin yeni mərhələsinin güclənə biləcəyini istisna edə bilmərik. Paşinyan da burada əsas fiqur kimi çıxış edə bilər”, - deyə politoloq bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər