• cümə, 26 Aprel, 22:02
  • Baku Bakı 22°C

Konsert öncəsi konsert verənlər...

04.09.13 10:15 1860
Konsert öncəsi konsert verənlər...
Artıq isti yay aylarını geridə qoyub, yeni mövsümə qədəm qoymuşuq. Bununla əlaqədar olaraq bütün sahələrdə canlanma baş verir. Hər il olduğu kimi, bu il də yeni mövsümə öz maraqlı proyektləri ilə dönəcəklərindən bəhs edən şou nümayəndələri payız mövsümünə silsilə konsert proqramları ilə çıxacaqlarını söyləsələr də, görünən vəziyyət bir az başqadır.
Uzun müddətdir ki, cəsarət sərgiləyib hər il konsert proqramı ilə çıxış edən müğənnilərimiz azlıq təşkil edir. Bu sırada Aygün Kazımova, Röya Ayxan, Elza Seyidcahan və bir neçə başqa müğənninin adını çəkmək olar. Digər müğənnilər isə bu siyahıdan kənarda qalaraq adətən yaxşı təşkilatçıların olmamasından şikayətlənirlər. Onlara bu haqda sual verdikdə, cavabları “mükəmməl konsert təşkil edə biləcək yaxşı təşkilatçı yoxdur” olur...
Müğənnilərimiz heç vaxt dəyişilməyəcək
Bu il isə mövsümü xoş xəbərlərlə açdıq. Belə ki, uzun illərdir əcnəbi müğənnilərin Azərbaycanda konsertlərinin təşkilatçısı olan Nahid Emiloğlu mövsümün açılışı ərəfəsində mətbuata müğənnilərin solo konsert verməyə hazır olmadıqlarından gileylənərək, sosial şəbəkədə sentyabrın 1-10-u arası müğənnilərin konsertlərini təşkil edə biləcəyini söyləmişdi: “Sonra deməsinlər ki, bizdə konsertlər təşkil olunmur. Ən azı 20 müğənniyə təklif göndərmişəm. Hələ də hazır olmadıqlarını deyirlər. Görəsən, bunlar nə vaxt hazır olacaq? Maqazin proqramlarında sual verəndə, “bizə təklif gəlmir, türkləri gətirib burada ciblərini doldururlar” deyirsiniz. Məncə, bunlar heç vaxt dəyişilməyəcək”.
Bir müddət keçdikdən sonra bəlli oldu ki, Nahid Emiloğlu “Yaşıl teatr”da bir sıra sənətçilərin konsertlərini təşkil edəcək. Beləliklə, ilk konsert sentyabrın 1-də Günay İbrahimlinin ifasında “De onun adı nədir” adı ilə təşkil olundu. Bu konsert gənc ifaçının ilk solo konserti olduğu üçün həyəcanı hər halından bəlli idi. Bununla belə, uğursuz keçdiyini söyləmək olmaz.
Növbədəki gənc müğənni Elton Hüseynəliyevin sentyabrın 2-nə təyin olunan konserti isə təxirə salındı. Müğənninin prodüseri Anar Mədətov açıqlamasında bildirdi ki, bu addım onların istəyi ilə atılıb: “Bizə zəng gəldi ki, həmin gün Elton bir dövlət tədbirində çıxış etməlidir. Bu elə bir dəvət idi ki, ondan imtina etmək mümkün deyildi. Biz də konserti təxirə saldıq. Bunu Nahid Emiloğluna bildirdik. O da bizi başa düşdü və dedi ki, həmin tədbir daha vacibdir”. A.Mədətov əslində, biletlər satılmadığı üçün konsertin təxirə salınması haqda söz-söhbətə də aydınlıq gətirdi: “Bizim sponsorumuz var idi. Buna görə də bilet satışı konsertimizə təsir etmirdi. Yüz bilet satılsa da, tədbir baş tutacaqdı. Oktyabrda Heydər Əliyev Sarayında özümüz konsert təşkil edəcəyik. Hazırda maraqlı ideya fikirləşirik. Eltonun son konserti türkiyəli musiqiçilərin iştirakı ilə yüksək səviyyədə keçdi. Bu dəfəki daha da fərqli olmalıdır”.
Dünən isə bu silsilədən konsertləri gözlənilən daha 2 sənətçinin konsertlərinin təxirə salındığı haqda xəbərlər yayıldı. Bunlar meyxanaçı Vüqar və gənc ifaçı Sevda Yəhyayevadır. Meyxanaçı Vüqar konsertin təxirə salınması ilə bağlı məyusl olduğunu bildirdi: “Konsertin niyə təxirə düşdüyünü bilmirəm. Mənə xəbər etdilər ki, proqram baş tutmayacaq. Əsl səbəbin nə olduğunu bilmirəm. Xeyli müddətdir ki, bu konsertə hazırlaşırdım, musiqiçiləri toydan ayırmışdım. Əslində mən yayın sonunda konsert verməyi düşünürdüm. Amma Nahid təklif etdi, mən də razılaşdım. Eşitdim ki, deyib, havalar pisləşəcək və bu səbəbdən konsert təxirə düşüb. Bəziləri isə biletlər satılmadığı üçün belə bir addımın atıldığını iddia edir. Amma bir çox dostum artıq bilet almışdı. Kassadan xəbərim yoxdur. Mən bu işlə maraqlanmıram. Hazırda insanların çoxu istirahətdədir. Ola bilsin ki, biletlər satılmır. Buna baxmayaraq, mən özüm sentyabrın sonunda Rəşid Behbudov adına Mahnı Teatrında konsert verəcəyəm”.
İmtina etmişik
S.Yəhyayevanın konsertinin təxirə salınması ilə bağlı müğənninin prodüseri Tarix Əliyevlə əlaqə saxladıq. T.Əliyev xəbəri təsdiqlədi. Onun sözlərinə görə, sentyabrın 21-də “Yaşıl teatr”da müğənninin konsertini özü həyata keçirəcək: “Sevda Yəhyayevanın konserti gözoxşayan və mükəmməl olacaq. Bu konsert uzun müddət hər kəsin dilində əzbəri olacaq. Biz Nahidlə konsert təşkil etməyəcəyik, onun layihəsindən imtina etmişik. Yəni konserti Sevda Yəhyayeva üçün mən təşkil edəcəm. Ayın 21-də konsertin necə təşkil olunduğunur görərsiniz. Azərbaycanda ikinci elə bir konsert olsa, gəlib mənə deyərsiniz ki, yalan danışırsan”.
Nahid Emiloğlu isə mətbuata açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Bu qərar sənətçilərlə birlikdə verilib. Elton və Vüqarın konsertini təxirə saldım. Sənətçilərlə ortaq razılığımız oldu və belə bir nəticəyə gəldik. Aramızda heç bir problem, inciklik yoxdur. Biletlər satılmadığı üçün konsertlərin təxirə salındığı deyilir. Bu, yalandır. Bütün konsertlərdə belə problemlər olur. Hətta əcnəbi müğənni gələndə də bilet satılmadığı bildirilir. Fərda, “Natiq” ritm qrupu və Nadir Qafarzadənin konsertləri isə əvvəlcədən açıqladığımız tarixdə “Yaşıl teatr”da baş tutacaq”.
Dünən günün sonunda məlum oldu ki, əməkdar artist Mətanət İsgəndərli də sentyabrın 7-də “Yaşıl Teatr”da verəcəyi konsertini təxirə salıb. Müğənni tədbirin təşkilatçısı Nahid Emiloğlu ilə qarşılıqlı razılaşaraq bu addımı atdığını bildirib. M.İsgəndərlinin təkcə “Yaşıl teatr”da baş tutmalı olan konserti yox, rayonlarda həyata keçirməyi planlaşdırdığı “El içində” layihəsi də alınmayacaq. Buna səbəb isə vaxt azlığı olub. Əməkdar artist səviyyəli konsert vermək üçün ona uzun müddət hazırlaşmaq lazım olduğunu deyib.
Göründüyü kimi, əksər yerli müğənnilərimiz konsert proqramı baş tutmadıqda, hər şeyi zaman qıtlığı əlaqələndirir, ya da özlərini hələ konsert verməyə hazır hiss etmədiklərini söyləyirlər. Kənardan hansısa müğənninin dəvət olunduğunu eşitdikdə isə, “bizim üçün də təşkil olunsaydı, oxuyardıq” kimi fikirlər səsləndirirlər. Halbuki xaricdən Bakıya dəvət olunan müğənnilər bir konsertə hazırlaşmaq üçün aylarla vaxt istəmirlər, bəzən balbadal bir neçə gün müxtəlif yerlərdə konsertlər verirlər, uzunmüddətli turnelərə çıxırlar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər