• çərşənbə axşamı, 19 mart, 15:56
  • Baku Bakı 8°C

Kitab, yoxsa planşet?

05.11.16 11:14 5329
Kitab, yoxsa planşet?
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər planşetlərlə təmin olunacaqlar. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Xaçmaz şəhərində şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşündə deyib. Nazir müavini qeyd edib ki, son 10 ildə ölkədə 3 mindən çox yeni məktəb binası tikilib və əsaslı təmir edilib. Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. F.Qurbanov təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəaliyyətin təşkili, təkmilləşdirilməsi, xüsusilə vətənpərvərlik tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı nazirliyin həyata keçirdiyi layihələr haqqında da məlumat verib.
Texnologiyanın günbəgün inkişaf etdiyi bir dönəmdə, şagirdlərin 2020-ci ilə qədər planşetlə təmin olunması bir qədər gec deyilmi? Ümumiyyətlə, planşet uşaqların təhsilinə hansı töhfələri verəcək? Onu da nəzər almaq lazımdır ki, müasir dövrdə valideynlər uşaqların əlindən planşeti, kompüteri alıb, onları təhsilə yönəltməkdə çətinlik çəkirlər. Biz isə şagirdlərə planşet verməyi planlaşdırırq? Gördüyünüz kimi, bir-birini təkzib edən suallar yaranır. Bəs bu sualların ortaya çıxardığı problemlər necə həll olunacaq? Məsələ ilə bağlı təhsil ekspertlərinə müraciət etdik.
"Ümumilikdə, bütün bunlar uşaqların yükünün azaldılması üçün nəzərdə tutulub”
Təhsil eksperti Kamran Əsədov qəzetimizə açıqlamasında bildirdi ki, orta məktəblərin birdən-birə bu prosesə keçməsi çox yaxşı olardı. Lakin faktiki olaraq bu, mümkün deyil: "Keçmiş postsovet dövlətləri arasında Azərbaycanda təhsilə dövlət səviyyəsində ayrılan sərmayə və diqqət heç yerdə yoxdur. İndi orta məktəblərdə bu texnologiyadan istifadə edəcək kadrların hazırlanması prosesinə başlamaq lazımdır. Həmçinin, qeyd etməliyəm ki, burada əsas məsələ təhsildə bir neçə islahatların bir-birini tamamlaması məsələsidir. Ona görə də bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Çünki təhsil elə bir sahədir ki, burada ciddi problemlər ortaya çıxa bilər”.
Ekspert uşaqların həmin planşetlərdən yalnız dərs vəsaiti kimi istifadə edə biləcəyini vurğuladı: "Hər kəs fikirləşir ki, uşağa planşet verilsə, onlara sərbəstlik veriləcək ki, internetdə istədiyi videoya baxsın, yaxud bütün günü oyun oynasın. Əslində bu, heç də belə deyil. Həmin planşetlər uşaqların müəyyən informasiyalardan yararlanması üçün nəzərdə tutulub. Bu gün elektron dərslik layihəsi həyata keçirilir. Bu planşetlər imkan verəcək ki, uşaqlar elektron dərslikləri planşetin köməkliyilə oxuya bilsin. Mütəxəssislər tərəfindən həmin planşetlərə müəyyən qadağa və məhdudiyyətlər qoyulacaq. Bu qadağalar planşetlərin internetə çıxışı zamanı yalnız elektron dərsliklərdəki informasiyanı öyrənməsini təmin edəcək”.
Sonda ekspert bəzi problemlərdən də söz açdı: "Heç kim inkar etmir ki, bu gün ucqar dağ kəndlərində internetə çıxış baxımından ciddi problemlər var. Planşetlərdəki materiallar isə sürətli internet tələb edir. Həmçinin, həmin planşetlərin texniki servis müəssisələri də kifayət qədər azdır. Rayonlarda texniki xidmət göstərə biləcək şərait yoxdur. Ona görə də bu üç il ərzində texniki baza formalaşdırılacaq. Təəssüflər olsun ki, bu gün müəllimlərin əksəriyyətinin adi kompyuterdən istifadə bacarıqları çox aşağı səviyyədədir. Belə bir problemin olduğu müddətdə, bu layihə qısa müddətdə ölkənin bütün orta məktəblərinə tətbiq olunsa, effekti olmayacaq. Təhsil Nazirliyinin Azərbaycan hökuməti ilə başladığı bu layihənin uğurlu olacağına inanıram, hesab edirəm ki, bəzi problemlər öz həllini tapmaldır. Peşəkar mütəxəssisləri cəlb etməklə, Azərbaycan təhsilində inqilab etmək olar. Bu gün bir çox valideynlər məktəblilərin dərsliklərinin ağır olmasından şikayətçidirlər. Artıq bu sistem qonşu ölkə Gürcüstanda da tətbiq olunur. Şagirdlər məktəbə dərs kitablarını aparıb-gətirmirlər. Dərslik kitabları uşaqların yalnız evdə oxuması üçün nəzərdə tutulub. Uşaqlar məktəbə ağır kitablar əvəzinə planşet aparacaqlar. Onlar evdə oxuduqları dərslikləri dərsdə planşet vasitəsi ilə nəzərdən keçirəcəklər. Ümumilikdə, bütün bunlar uşaqların yükünün azaldılması üçün nəzərdə tutulub. Həmin planşetlərə müəyyən məhdudiyyətlər tətbiq edilsə və normal qaydada istifadəsi təmin olunsa, ən əsası, müəllim kontingenti bu sistemə uyğunlaşdırılsa, təhsildə müsbət nəticələr əldə etmək olar”.
Şagirdlərin bilikləri mənimsəmələrini asanlaşdırmış olarıq
Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrət deyir ki, texnologiyanın inkişafı təhsildə daha böyük uğurların yaranmasına təkan olur: "Son illlərin göstəricisinə əsasən, bir çox orta məktəblərdə informasiya kommunikasiya texnologiyalarının tədrisdə tətbiqinə geniş yer verildiyi göz önündədir . Məktəblərdə kompüterləşmə, ən əsası da hər uşağa bir kompüter və planşetlərin verilməsi prosesi birdən deyil, addım-addım gedən prosesdir ki, bu günə kimi də həmin proses davam edir. Yəni artıq bu avadanlıqlarla təchiz edilmiş bir sıra pilot məktəblərimiz var. Bu hal birdən- birə olmur, tədricən baş verib və davam olunur. Müasir tədrisdə yeniliklər sayəsində təlimdə də inkişafa doğru gedən sürətli biliköyrənmə prosesi yaranıb. Şagirdlər biliklərinin artırılması üçün planşetlərdən istifadə edərək, mövzuları daha asan və daha yaddaqalan səviyyədə mənimsəyirlər. Dərslərin internetin köməkliyilə keçirilməsinin də bir sıra üstün cəhətləri vardır. Misal üçün, mövzuya dair verilən tapşırıqların yerinə yetirilməsində, əlavə maraqlı məlumatların alınmasında, onlayn testlərin yerinə yetirilməsində, onlayn şagird nəzarəti və şagird nailiyyətlərinin qiymətləndirilməsində internetin rolu əvəzsizdir”.
A.Həsrət deyir ki, şagirdlərlə çalışmağın daha operativ və fəaliyyətlərinin daha qısa müddətdə qiymətləndirilməsində texnologiyanın çox böyük səmərəsinin olduğunu xüsusi vurğulamaq yerinə düşərdi: "Bunun davamlı olaraq nöqsansız istifadəsi üçün müəllimlərə və şagirdlərə internetdən də, İKT avadanlıqlarından da düzgün istifadə etmək istiqamətində mühüm işlər aşılanmalıdır. Müəllimlər öncə özləri internetdən daha düzgün istifadə edilməsi yollarını öyrənməlidirlər. Sonra şəxsi metodikalarından istifadə etməklə, şagirdlərin virtual məkanda davranışlarının doğru istiqamətə yönəldilməsində uğurlu işlərə imza atmış olarlar. Planşetlərdən və xüsusilə də dərs zamanı internetdən istifadə etməklə dərslərin keçirilməsi, şagirdlərin müasir qavrama tələbindən irəli gələn bir haldır. Ona görə də bu cür təlimlərin aparılması müasir zamanədə təhsil alan şagirdlərin marağına daha çox uyğun gəlir. Marağa uyğun gələn mövzuların məhz müasir təlim üsulu ilə keçirilməsi nəticəsində, şagirdlərin bilikləri mənimsəmələrini asanlaşdırmış olarıq. Nəticədə, ənənəvi tədrisdən fərqli olaraq, dərslərin mənimsənilməsində böyük nailiyyətlər əldə etmiş olacağıq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər