“Kişi ol”u mənəvi qazanc üçün çəkdik” - Fotolar
Son bir neçə ildə ölkə kino industriyamızda gedən
inkişafı görməmək mümkün deyil. Kinoteatrlarımızda yerli filmlərimiz nümayişə
görə hətta xarici filmlərlə rəqabət aparır və bir çox hallarda qalib də gəlir. Di
gəl ki, yerli kinoteatrlarımızda nümayiş olunan Azərbaycan filmləri komediya
janrında çəkilir və onların bir çoxunda qurşaqdan aşağı zarafatlar, söyüşlər və
sair öz əksini tapır. Bütün bunlara baxmayaraq, həmin filmlərin kifayət qədər
tamaşaçısı var.
Daxili bazarda komediya filmləri tutarlı olduğu
üçün bu sahəyə axın daha çoxdur. Belə bir rəqabət bazarında dram janrında
çəkilən filmlər bir qədər kölgədə qalır. Bu rəqabəti, kino bazarını gözə alaraq
nümayişə yeni bir dram filmi daxil oldu. Hər nə qədər bu janra maraq, diqqət az
olsa da, ssenarist, aktyor Valeh Əhmədov yeni bir ssenari yazaraq kinosevərləri
ətrafına topladı. Xəzər televiziyasında nümayiş olunan bir çox serialların,
hazırda isə "Ata ocağı” serialının ssenaristi olan tanınmış yazar rejissorluq
sahəsində öz debütünü etdi. Valeh Əhmədov ssenaristi olduğu seriallarda daha
çox gündəmi tutaraq, dövrümüzə uyğun şəkildə cəmiyyətdə yaşadığımız problemləri
göstərməyə çalışır və qələm qrupu ilə birlikdə illərdir ki, bu mövzuda
ssenarilər üzərində işləyir.
Sevgi, xəyanət, dələduzluq...
Xəzər televiziyasında keçirilən qala gecəsində
nümayiş olunan filmdə Valeh Əhmədov gündəmin əsas mövzularından olan "reket
jurnalist”lərdən bəhs edir. Mətbuatda müzakirə səbəbi olan məsələni film halına
gətirməyi düşünmüş ssenarist, buraya insanların peşə sevgisini də daxil edib.
Mübariz adlı qəhrəmanın dili ilə qələmi iti olan, daim həqiqəti yazan, harama
əl vurmadan həqiqətləri söyləyən bir jurnalist tipi yaradıb. Jurnalist adından
istifadə edənlərin isə bu peşəyə ziyan vurmalarını və insanları aldadaraq
dələduzluq etmələrini açıb göstərməyə çalışıb. Təqdimatı keçirilən "Kişi ol” filmində,
bundan başqa, sevdiyi qadına xəyanət edən, imkanlı şəxslərin övladlarının gənc
qızlardan hansı məqsədlə istifadə etməsi və bu məsələdə mətbuatın rolu, əsil
dostluq, eyni məhəllə sakinlərinin bir-birlərinin haqqında olub-olmazları
danışmaları, hər gün üz-üzə gəldiyi qonşularının bacısı, həyat yoldaşı haqqında
iftiralar yer alıb.
Filmi izləyərkən ona nə üçün məhz belə bir ad
verilməsi də sual doğururdu. Bütün məsələlər sonluqda açılır və aydın olur.
Rejissor demək istəyir ki, hansı peşədə çalışırsınızsa-çalışın, əsas odur ki,
işinizi vicdanla görün. Çünki vətənpərvər olmaq üçün təkcə səngərdə döyüşmək,
düşmənlə üz-üzə gəlmək gərəkmir. Hər insan gördüyü işdə peşəkar, qərəzsiz,
vicdanlı olarsa, bunun özü belə vətənpərvər olmağa kifayət edir. Filmdən
ötürülən bu mesajla rejissor tamaşaçıları vicdanları ilə üz-üzə qoyur. Sağlam
gələcəyimizin məhz valideynlərdən asılı olduğunu və onların yetişdirdiyi
övladların gələcəyimizi xilas edə biləcəyini qeyd edir.
Fərqli baxış
Rejissor filmdə təkcə ötürülən mesajlarda deyil,
eyni zamanda çəkiliş sistemində də fərqlilik etməyə çalışıb. Baş verən
hadisələrlə bərabər, kadr dili ilə xüsusi məqamlar da yer almışdı. Belə ki, çəkilişlər
adi qaydada deyil, üst və alt məkanda aparılır, konfliktlərin baş verdiyi
məqamda su effektinin, ayrılıq səhnələrində tərəflərin uzaqlaşdığı məqamları kadrla
vermək kimi nüanslar gözə çarpır. İzlədiyimiz filmin çəkilişləri Bakıda,
Novxanıda və İsmayıllıda aparılıb. Seçilən
kadrlarda təbiət mənzərələrinə xüsusi önəm verilib.
Filmin nümayişindən sonra Valeh Əhmədov
təəssüratlarını "Kaspi” ilə bölüşdü. Bildirdi ki, dövri mətbuatdan bu tip
xəbərləri tez-tez oxuyur və insanların beynindəki "pul yığan jurnalist” anlayışını
dəyişdirməyə çalışıb. O bir neçə işbaza görə hər hansı peşəni pisləməyin heç də
doğru olmadığını qeyd etdi: "Əslində bu problem hər zaman olub. Sadəcə olaraq
indiki dövrdə sənətini, peşəsini bu tip əməllərə həsr edənlərin sayının günü-gündən
artdığını görüb, belə bir layihəyə başladıq. Eyni zamanda dövlətimizin də bu
tip insanlarla mübarizə apardığını və mətbuatda hər ay belə məsələlərin
müzakirə olunduğunun şahidi olduq. Biz də bu məsələyə öz münasibətimizi bu
şəkildə bildirməyə çalışdıq. Bu da bizim mübarizə yolumuz idi. Hər hansı
dələduza görə peşənin adına xələl gətirilməsinin əleyhinəyik. Filmi çəkməklə yetişən
gənclərə hansı peşənin sahibi və harada olmaqlarından, hansı situasiyaya
düşmələrindən asılı olmayaraq, vicdanlı olmağı aşılayırıq. Bu mənim rejissor
olaraq çəkdiyim ilk filmim idi. Ümid edirəm ki, tamaşaçılar da bəyənər”.
Söhbətimiz zamanı aydın olur ki, filmdə rol alan
aktyorlar rejissordan heç bir qonorar tələb etməyib. Çünki filmi ərsəyə
gətirmək üçün sponsor olmayıb. O, 2 il müddətində öz maaşından qənaət edərək
vəsait toplayıb və çevrəsindəki dostlarından bu layihədə iştirak etmələrini
xahiş edib. Filmdə rol alan xalq artistindən tutmuş, yeni simalara qədər hər
kəs qonorarsız çəkilib. Rejissor deyir ki, dram janrına müraciət etmək və bu
filmi ərsəyə gətirməkdə məqsədi böyük pullar qazanmaq olmayıb: "Qazanc məqsədi
güdsəydim, başqa janra üstünlük verərdim. İnsanın mənəvi qazancı hər şeydən
üstündür”.
Müsahibimiz bu filmi trilogiya formasında hazırlamaq
niyyətindədir: "Filmin adının məhz belə olmasının xüsusi bir anlamı yoxdur. Ad qəbul
edilsin və maraqlı olsun deyə məhz "Kişi ol” adlandırdıq. Bundan sonrakı filmlərə
"Qadın ol” və "Adam ol” adlarını qoymaq niyyətindəyik. Orada tənqid etdiyimiz
kişilər həqiqətən də kişi adına layiq deyillər. Bir kişi ki sevdiyini yarıda
qoyur, qonşusunun bacısına, həyat yoldaşına sataşır, ona kişi demək olmaz. Kişi
üçün bunlar qəbulolunmazdır”.
Sevgi ilə ərsəyə gələn komanda işi
Valeh Əhmdəov tamaşaçıların seriala olan sevgisini
filmlə bağlı da gözlədiyini deyir: "Bizim seriallarda ailə, tərbiyə kimi mövzular
yer alır. Getdiyimiz bölgədən, məkandan asılı olmayaraq, serialı izləyən
vətəndaşlar bizə təşəkkürünü bildirir ki, ailəvi olaraq oturub, izləyə biləcəkləri
bir film çəkirik. Onlar bizim haqqımızda xoş sözlər səsləndirirlər. Çox
istərdim ki, o insanlar bu filmə də o reaksiyanı versinlər. Belə kinolara
dəstək versinlər ki, biz də daha artığını çəkək. Və mənə iki il lazım olmasın
ki, yenidən pul yığım, belə bir film çəkim”.
Premyera sonrası təəssüratlarını bizimlə bölüşən
rejissor sonda Xəzər televiziyasının
rəhbərliyinə təşəkkürünü bildirdi: "Mənim ilk çəkdiyim filmdə öz
dəstəyini əsirgəməyən Xəzər televiziyasına və onun rəhbərliyinə öz
minnətdarlığımı bildirirəm. Çətinlikdə olan bir filmə arxa durub böyük bir
media dəstəyi verdilər. Bu da bizdə böyük bir ruh yüksəkliyi oyatdı”.
Filmdə baş rola çəkilən Həmidə Ömərova Valeh
Əhmədovun debütündə iştirak etməyi özünə borc bildiyini dedi: "Valeh mənə zəng
edəndə, Türkiyədə istirahət edirdim. İstirahətimi yarımçıq qoyub, bu filmdə rol
almaq üçün gəldim. Çünki bu komandaya və Valehə çox etibar edirəm. Uzun
müddətdir ki, onlarla birlikdə çalışıram və bilirəm ki, onların imzası olan
bütün layihələr bizə, vətənimizə faydalıdır. Mən Valehə və bütün komandamıza
uğurlar arzu edirəm”.
Qeyd edək ki, "Kişi ol” filmi hazırda şəhərimizdəki
bir çox kinoteatrlarda, o cümlədən Nizami Kino Mərkəzində nümayiş olunur.
Xəyalə Rəis