• cümə, 26 Aprel, 18:08
  • Baku Bakı 22°C

Kinonun əsrarəngiz janrları

29.07.19 15:00 7848
Kinonun əsrarəngiz janrları
Böyük kinostudiyaların qızıl dövründə "Hollywood” klassik kinonun janrlarını müəyyənləşdirdi. Onların çoxu dəyişkənliyə məruz qalaraq dövrümüzə qədər yaşadı. Bu janrlarda yenilik, səsli kinonun gəlişi ilə bağlıdır. Yeniliklərdən biri əlbəttə ki, əks-səda yaradan müzikl janrıdır. Filmlərə mahnı və xoreoqrafiyaların daxil edilməsi tamaşaçıları zala cəlb etmək üçün yeni bir stimul yaratdı. Reaksiya o qədər müsbət oldu ki, film yaradıcıları bütün ekran əsərlərinə mahnı daxil edirdilər.
Birinci və orijinal müzikl lent 1929-cu ildə Ernst Lubiç və Muğis Çüvəliye tərəfindən çəkilmiş "Məhəbbət marşı” adlanır. Xoreoqraf Basbi Borkley "Warner Bros” studiyasına gəlişi ilə janrı daha da təkmilləşdirdi. Müzikllarda bu insan böyük ustalıqla, mükəmməl dərəcədə onlarla gənclərin sinxronizə edilmiş tərzdə rəqs etməsinə nail olub. Onların rəqslərini "42 nömrəli Lloyd Bacon küçəsi”, "1933 vampir qadınlar” filmlərində görmək olar. "R.K.O” kinokompaniyası da inqilab edərək Fred Esteir və Cincer Rocers cütlüyünün rəqsini təqdim etdi. Onları "Rio de Janeyroya uçaraq” filmində görmək olar. Cütlük böyük ekranda rəqs edərək tamaşaçıları bir növ ovsunlayırdı. Maraq və təəccüb doğuran məsələ bu idi ki, əslində gerçəkdə onların bir-birlərindən xoşu gəlmirdi. Ancaq qazandıqları uğur aktyorları tammetrajlı filmlərdə də bir yerdə çəkilməyə sövq edirdi.
"Metro Goldwyn Mayer” studiyası müzikl janrına keçməsində gecikdi. Ancaq sonradan bu işə elə peşəkarlıqla başladı ki, digər kinokompaniyalara əsl görk, nümunə oldular. Onların debütlərindən "Roz Mari”, "Brovey melodiyaları” və əsasən də "Oz sehirbazı” filmlərini göstərmək olar.
"Metro Goldwyn Mayer” həmçinin macəra filmləri istehsalında da öndə gedirdi. Mistik Afrika kontinentində cərəyan edən "Trader Horn” ekran əsərindən sonra studiya aktyor Edqar Rays Borrous tərəfindən oynanılan qəhrəmanı yenidən canlandırmaq üçün gənc üzgüçü Coni Vaysmulleri "Meymunların Tarzanı” filminə çəkir. Bu zaman o biri studiyalar da maraqlı təkliflərlə çıxış edirlər. "United artist” studiyasında "Qraf Montekristo” və "Zenda məhbusu”, "Paramount” kino şirkətində "Benqal nizədaşıyanı” və "Bu Jest”, Fox "İki bayraq altında” və "Zorro nişanı”, "R.K.O”da "Zalım Zaroff” və "Qanca Din”, "Columbia” studiyasında isə "İtmiş üfüq” və "Ancaq mələklərin qanadları olur” filmləri çəkilib. Ancaq birinciliyi qazanan "Warner Bros” kinokompaniyası oldu ki, onlar "Kapitan Blood”, "Yüngül briqadanın yükü”, "Meşələr padşahı Robin”, "Dəniz qartalı” filmləri ilə öndə gedə bildilər.
Macəra janrında böyük uğurlar əldə etdikdən sonra "Warner Bros” polis kinosu üslubunda da öz möhürünü vurdu. Bu, əsasən Edvar G. Robinson, Ceyms Kaqney və Hampfri Boqart kimi aktyorların sayəsində oldu. "Qızılı cinayətkar dəstəsi”, "İctimai düşmən”, "Daşlaşmış meşə”, "Güllə və ya səs vermə”, "Cinayət imperiyasına qarşı”, "Çıxışı olmayan dalan”, "Üzü bulaşmış mələklər”, "20-ci illərin əzabı” adlı filmlər bu janrın inkişafına təkan oldu.
Vestern janrı səsli kinonun gəlişi ilə öz imkanlarını genişləndirdi və ictimaiyyət tərəfindən qəbul olundu. Vəhşi qərbi əks etdirən filmlər sırasında "Uşaq Billi”, "Çəmənlikdə baş verən dəhşət”, "Camış Bill” və ya "İgidlər torpağı” filmlərinin adlarını çəkmək olar. Amma Vestern artıq tədqiq olunmuş bir janr idi. Bu növ kinolentlərdə Con Veyn əsas fiqur olaraq qalırdı. O, öz karyerasına Con Fordun çəkdiyi "Çalışqanlıq” filmi ilə başlamışdı.
1930-cu illərdə populyarlıq qazanan janrlardan biri də qorxulu filmlər olub. Bu təkrarolunmaz qəhrəmanlar qalereyası yaradan "Universal” studiyasının sayəsində baş verib. "Drakula”, "Frankeşteyn”, "Mumiya”, "Gözəgörünməz adam”, "İnsanabənzər canavar” filmləri buna misaldır. Bununla yanaşı, digər studiyalar da bu janrı populyarlaşdırmaq üçün əllərindən gələni edirdilər. "Paramount” studiyası "Vəhşi məxluq və insan” filmində Cəkl və Hayd aktyorlarını ekranlara çıxartdı. "Metro Goldwyn Mayer” tamaşaçıları məyus edərək, Tod Brouninqin çəkdiyi "Vəhşi məxluqların dayanacağı” filmini nümayiş etdirdi. Bu, studiyanın hər zaman müdafiə etdiyi eleqantlıq və qlamurdan uzaq idi. Həmçinin studiyanın kataloqunda Boris Karloffun ustalıqla canlandırdığı "Funun maskası” filmi də oldu. Ancaq "Universal” studiyasına kölgə sala bilən kinokompaniya yalnız "R.K.O” oldu. Bu studiya "Kinq Konq” filmi ilə bütün kinostudiyalara qalib gəldi. Bu fenomen fəlakət və nəhəng məxluqlar haqqında çəkilən subkateqoriyalara gətirib çıxardı.
Səssiz kino dövründəki kimi dram janrında çəkilmiş filmlər tamaşaçıların rəğbətini qazanmaqda davam edirdi. Bu janr təbii və sağlam bir janr olaraq "Marqarita Qotier”, "Cesabel”, "Vaterlo körpüsü” və əsasən də "Küləklə sovrulanlar” filmlərini ortaya çıxartdı. Sonuncu film 1930-cu illərdə ən çox rezonans doğuran film olub. Səsin gəlməsi ilə komediyalar bir az arxa plana keçdi, çünki janr kökündən təzələnməli idi. Bu keçid dövründə çox az komediya filmləri suyun üstündə qala bildi. Komik aktyorlar işlərini itirir yerinə başqaları gəlirdi. Ancaq Marks qardaşları özlərinin mənasız və sürrealist yumoru ilə tamaşaçıların rəğbətini qazana bildilər. Onların çəkildiyi "Soxulcan şorbası”, "Operada bir gecə” və ya "Yolda bir gün” filmləri o dövrdə populyarlıq qazandı.
Beləliklə, kino janrlarının meydana gəldiyi vaxtlardan neçə onilliklər ötdü. Bu dövrlərdə hər növ filmlər özünün yeni, maraqlı, hətta heyrət doğuran janrları ilə böyük inkişafa doğru irəlilədi...
banner

Oxşar Xəbərlər