• şənbə, 27 Aprel, 07:37
  • Baku Bakı 12°C

Kinoçəkənin siyasi fəaliyyətinin son akkordları

10.04.14 08:32 983
Kinoçəkənin siyasi fəaliyyətinin son akkordları
Kinorejissor Rüstəm İbrahimbəyovun nə cür səs-küylə siyasətə baş vurması çətin ki unudulmuş olsun. O, əvvəlcə ziyalı qismində Ziyalılar Forumunu yaratdı, sonra isə Milli Şuranı. Guya müxalifətin vahid namizədi də olacaqdı. Lakin ssenarisi baş tutmadı. Prezidentliyə namizəd ola bilməməsinin əsas səbəbi təbii ki, Rusiya vətəndaşlığından imtina etməməsi idi. Bu barədə çox danışıldı, çox yazıldı. Vətəninə qayıtmaq üçün heç bir addım atmaması tərəfdarlarını ələ salmaq kimi də qiymətləndirildi. Gəlməməyinin əsl səbəbi nə idisə, günahı İbrahimbəyovun boynuna. Əlqərəz, gəlib çıxmadı (guya gəlsə, daşı daş üstə qoyacaqdı). Maraqlısı odur ki, onu nəinki kütlə, heç müxalifət düşərgəsi də lider kimi qəbul etmirdi. Bu münasibət deyəsən, kinorejissora toxunmuşdu. Ətrafındakılardan incimişdi, özü də qəlbən. Çünki onun pessimizmə qapandığı sezilirdi.
Xatırlayırsınızsa, bir müddət əvvəl ən yaxın silahdaşı Abbas Abbasov İbrahimbəyovun müxalifətə qoşulmasının görünməyən tərəfini açıqlamışdı. Bildirmişdi ki, onu nə demokratiya maraqlandırır, nə də ölkədəki durum. Necə deyərlər, “dava yorğan davasıdır”. A.Abbasov deyirdi ki, İbrahimbəyovun hakimiyyətə qarşı çıxması bir müddət öncə Bakıda Kino Evi üçün nəzərdə tutduğu torpaq sahəsinin ondan alınması ilə bağlıdır. Belə vəziyyət kinorejissoru incik salıb və bundan sonra Ziyalılar Forumunun, El Hərəkatının, Milli Şuranın yaradılmasına girişib. Qeyd edək ki, onun yaratdığı bu qurumlardan El Hərəkatı artıq özünü buraxıb. Milli Şura da kağız üzərində varlığını qorusa da, faktiki olaraq mövcud deyil. Yəqin elə buna görə rejissor mətbuata verdiyi son müsahibələrdə əvvəllər “prosta”, indi isə fəxri sədr olduğu Milli Şura haqda ətraflı danışmır. Amma Ziyalılar Forumu barədə ümidli danışmaq da ona qismət olmayıb. Ola bilsin, kimlərsə İbrahimbəyovun fəaliyyətini bundan sonra daha çox Ziyalılar Forumu çərçivəsində davam etdirəcəyinə ümid edirdi. Amma son müsahibədən belə çıxır ki, kinorejissorun bu qurumla bağlı ümidləri də dəfn olunub. Rejissor indi də Ziyalılar Forumunun üzvlərinin fəaliyyətsizliyindən gileylənib. Kövrək xatirə kimi qurumun yeni yarandığı zamanlarda çox gözəl fəaliyyət göstərdiyini bildirib. Sürətlərinin aşağı düşməsinin səbəbi kimi isə ölkədə başlanan seçki prosesini göstərib: “Bununla da Azərbaycanda vəziyyət dəyişdi. Lakin buna baxmayaraq, mən Ziyalılar Forumunun bütün üzvlərinə dəfələrlə müraciət etmişəm. Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz? Ziyalılar Forumunun fəaliyyəti niyə dayanıb?”
Jurnalistin yerində verilən “əgər bir qurum iclaslar, toplantılar keçirmirsə, ölkədə baş verən proseslərlə bağlı müzakirələr aparmırsa, o zaman onun fəaliyyəti nəyə gərəkdir? Yəni, bu mənada Ziyalılar Forumunun fəaliyyətinin davam etməsinə ehtiyac varmı?” sualını eşidən İbrahimbəyov daha da kövrələrək övladı döyülən valideyn kimi reaksiya verib: “Qətiyyən bu fikirlə razı deyiləm. Əlbəttə ki, Forumun fəaliyyətinə ehtiyac var. Hər halda, reallıq nəzərə alınmalıdır. Bəllidir ki, qurumun fəaliyyətinin davam etdirilməsinə imkanlar yoxdur. Hara yığılsınlar? Toplantı üçün yer lazım, yer də yoxdur”.
Prezidentliyə keçmiş namizəd sonrakı cümləsi ilə əvvəlkini bir növ, təkzib edib. Deyib ki, Ziyalılar Forumu təşkilat deyil. Əslində, Ziyalılar Forumu özfəaliyyət kimi bir qurumdur: “Nə sədrimiz var, nə də ki başqa vəzifələr. Hərdən bir vaxtaşırı yığışar, çox mühüm problemləri müzakirə edərdik və ictimaiyyətə bu barədə fikirlərimizi çatdırardıq”. Adama maraqlı gələn odur ki, bəs onda siz hara yığışırdınız? Digər diqqət cəlb edən məqam odur ki, rejissor təşkilatın siyasətə qarışmadığını deyir. Halbuki, uzağa getmədən, vikipediya saytında “Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi Azərbaycanda ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır” kimi qeyd olunub. Bu cümlədə heçmi siyasi motiv yoxdur?
İbrahimbəyov bu müsahibədə də Azərbaycana gəlmək istəmədiyini vurğulayıb. Səbəb kimi isə işlərinin çox olmasını göstərib.
O, sonda jurnalistin Milli Şura ilə bağlı verdiyi suala “Milli Şura ilə əlaqəm var və proseslərin içindəyəm. Hər şey yerindədir” deyə cavab verib. Yəqin ki, hər şey yerində olsaydı, siz orada olmazdınız, ay Rüstəm İbrahimbəyov. Siz öz ssenarinizə ancaq aktyor cəlb edə bilərsiniz, milləti yox!
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər