“Kimsəsizlərin atası”nın film kimi həyat hekayəsi
O,
siyasi baxışlarına görə 7 il həbsxanada yatıb
O, Türkiyədə saysız film və
seriallarda rol alıb. Söhbət "Qurdlar vadisi”, "Eşkiya dünyaya hökmdar olmaz”,
"Behzat Ç.”, "Yalan dünya”, "Arka sokaklar” kimi serialların əsas qəhrəman
obrazlarını yaradan Turqay Tanülküdən gedir. Aktyor Türkiyədə Dəyanət Vəqfi
tərəfindən beynəlxalq xeyriyyəçi mükafatına layiq görülüb. Sən demə, aktyorun
həyat hekayəsi heç də canlandırdığı filmlərdən geri qalmırmış.
17 yaşında siyasi fikirlərinə görə həbs edilib, ömrünün 7 ilini cəza evində
keçirib. O, hər nə qədər bu fikirlərin ona aid olmadığını iddia etsə də, ancaq
aktyoru dinləyən olmayıb. 7 ildən sonra günahsız olduğu ortaya çıxıb. Bu 7 ildə
aktyor, ailəsi kədərlənməsi deyə, onlardan həbsdə olduğunu gizlədib. Belə ki, ailə
üzvlərinə Almaniyaya köçdüyünü deyib. Ona görə, həbsdə olduğu müddətdə heç bir zaman
ziyarətçisi olmayıb. Cəza evində məhkumları əyləndirmək üçün hekayələr danışır,
səhnəciklər qurur, tamaşalar göstərirdi. 25 yaşı olanda günahsız olduğu aşkarlanır
və siyasi düşüncələr səbəbi ilə salındığı həbsxananı "bir gün bura təkrar yenə gələcəyəm”
deyərək tərk edir. Dediyi kimi də olur. Bir ili tamam olmamış yenidən cəza evinə
qayıdır. Bu dəfə məhkum kimi deyil, könüllü teatr ustası olaraq geri dönür. Cəza
evində aldığı işgəncələr nəticəsində heç bir zaman övlad sahibi olmur. O da, məhkumların
azadlıqda olan anasız, atasız qalan uşaqlarına sahiblənməyə başlayır. Çünki bu uşaqların, valideynlərin yükünü, cəzasını
çəkməyə haqqı çatmadıqlarını düşünür. Teatrdan qazandığı 3-5 qəpiyi də əvvəlcə o
uşaqları oxutmağa xərcləyir. Daha sonra onların ehtiyaclarını qarşılamağa və evlərinə
ərzaq almağa davam edir. Ancaq uşaqların sayı getdikcə artmağa başlayır və
aktyor onların hər birinin evinə getməyi fiziki olaraq çatdırmır. Çünki o
uşaqların çoxu küçədə yaşayır və aktyor istədiyi zaman onları bir arada tapa
bilmir. Teatrdan qazandığı pula yalnız onları oxuda bilirdi. Belə olan halda, aktyor
işdən sonra bazarlarda limon, çay satmağa başlayır.
Nəticə etibarı ilə Turqay Tanülkü 26 uşağı himayə edirdi. İndi 21 övladı məzun olub
və onların hər birini evləndirərək, ev-eşik qurmasına kömək edib.
Küçələrdə məhv olmaq üzrə olan
uşaqları oxudub, onları qaranlıq dünyalarından çəkib çıxarıb, həmin uşaqlara
gözəl gələcək vəd edib. Təhsil almalarına vasitəçi, ailə qurmalarına dəstək
olub. Ən önəmlisi isə illərdir bunu mətbuatdan, dostlarından gizli saxlamağı
bacarıb, tutduğu əməldən reklam kimi istifadə etməyib. İndi isə aktyorun həyat
hekayəsi əsil örnəkdir. Deyir ki, övladlarının
soyadları öz soyadından fərqli olsa da, onlardan övlad qoxusu alıb. Bu yolda
onu ruhlandıran isə sənəti olub: "Əlimin insanlara çata bilməsi üçün teatrdan istifadə
edirəm. Belə ki, cəzaçəkmə müəssisələrində tamaşalar hazırlayıram. Bunu könül işi
olaraq görürəm. Aktyorluq sənəti elə bir işdir ki, insanların hər dönəmində
səni izləyir. Misal üçün, səhər yuxudan durub əl-üzümüzü yumağa başlayırıq və bu
an içimizdəki aktyorluq hissi baş qaldırır”.
Yaşadığı həyat hekayəsi böyük acılarla doludur. Deyir ki, nə
uşaqlığını, nə də gəncliyini doyaraq yaşamayıb. Əsas müəllimi isə həyatın özü
olub. Üzləşdiyi çətinliklər onu heç zaman yormayıb və o, öz yolunu elə gənc
yaşlarından seçməyə məcbur olub.
20 ildir ki, cəza evində yatan məhkumların uşaqlarına atalıq edir.
Əbəs yerə ona "kimsəsizlərin atası” ləqəbi də qoymayıblar. Bəzən deyirik ki, dünya yaxşı insanların əməlləri
ilə dövran edir və o insanlardan biri də məhz aktyor Turqay Tanülküdür.
Aktyor müsahibəsində qeyd edir ki, Türkiyənin 8 bölgəsində məhkumlardan
ibarət teatr qrupları yaradıb. Belə ki,
məhkumlar öz aralarında tamaşalar hazırlayır və aktyor həmin tamaşalar arasında
yarışlar keçirir: "Biz həmin tamaşaların qala gecələrini keçiririk. Bilirsiniz nə
üçün tamaşaların qala gecələrini keçirirəm? Çünki qala gecələrinə məhkumların ailələri
də gəlir. Onlar iki saat ərzində bol-bol bir-birilərini görürlər. Sonra tamaşa bitir
və valideynlər zalı tərk edir. Hətta nəzarətçiləri də oradan çıxarıram. Zalda uşaqlarla məhkum
valideynlər doya-doya bir-birlərinə sarılırlar. Mən valideynin səhnədə oturduğu
stolu qoxulayan uşaqlar görmüşəm. Ona görə, teatr mənə görə bir insan qoxusudur.
Yəni şou və komediya deyil”.
Aktyor öz həyat hekayəsindən bəhs edərkən bildirir ki, 17 yaşında tutulanda
Konservatoriyada təhsil alırmış. Hətta məhkum olduğunda belə, təhsilini davam etdirib:
"O zaman tələbələrin təhsilini davam etdirmə hüququ var idi. Teatrı isə məktəbdə oxuyanda sevmişəm. Bizim valinin oğlu
kralı, mən isə dilənçini oynayırdım. Tamaşamıza baxmaq üçün nazirlikdən nümayəndələr
gələndə gördüm ki, kralla da dilənçi ilə də eyni şəkildə görüşdülər. O gündən sonra
teatrı sevməyə başladım. Anladım ki, teatr bərabərlik deməkdir. Çünki sonda hər
kəs bərabər alqışlanır. Əgər teatr olmasaydı ,mən sahib olduğum heç nəyi bacarmazdım.
Çünki teatr insana toxunan bir sənətdir. Əgər teatr olmasaydı, bu qədər cəza evinə
rahat gedə bilməz, məhkumları ailələri ilə görüşdürə bilməzdim. Biz gözləyirik ki, hər şeyi başqası etsin. Niyə
kimsədən kömək gözləməliyik? Yardım etməyə ilk növbədə özümüzdən başlamalıyıq. Hər
şeyi dövlətdən gözləmək lazım deyil. Misal üçün, cəza evlərində kitablara böyük
ehtiyac var və biz müraciət etdikdən sonra insanlar cəza evlərinə kitab aparmağa
başladı. İnsanlar mənə maşın-maşın kitablar gətirirdilər. Nədənsə, insanlarımız
gözləyirlər ki, yaxşılığı başqası etsin. Deyirəm ki, o kitabları özünüz alıb
cəza evlərinə aparın. Bəzən olur ki, həyat yoldaşı içəridə yatan kişilər "mən övladıma
baxmıram” deyir. Misal üçün, Bakırköy cəza evində "Son quşlar” layihəsini edərkən
məhkumlardan biri 3 aylıq körpəsini mənə verib, "bunu sənin üçün doğmuşam”- dedi.
Deyir ki, heç vaxt övlad sahibi olmadığı üçün kədərlənməyib. Çünki
hazırda böyük bir ailəsi var. Onlardan evlənənlər oldu, hətta 9 nəvəsi var. Bütün
ailə olaraq 101 nəfərdən ibarətdirlər.
Aktyor qeyd edir ki, yeniyetmə yaşlarında düşdüyü cəza evi onu
həyatın çətinlikləri ilə erkən yaşda tanış edib: "Cəza evində düşəndə düşünməyə
başlayırsan. Mən nə etdim və nə üçün burdayam? Və nəticədə özlüyündə isbat edirsən
ki, əslində sən yaxşı insansan. Mən o kiçik hücrədə özümə böyük bir dünya qurdum.
İndi həmin dünyada özümə yaratdığım oyunun içindəyəm. O üç metrlik yerdə çiçəklərim,
günəşim var idi. Günəşi istədiyim zaman çıxarır, istədiyim zaman batırırdım. Çiçəklərimə
su verirdim, ancaq halbuki özümün içəcək suyum yox idi və azadlığa çıxanda heç kim
məni günahlandırmayacaqdı. Çünki günahkar deyildim. Mən cəza evinə təcavüz
etdiyimə, adam öldürdüyümə, oğurluq etdiyimə görə girməmişdim”.
Atasız böyüdüyünü deyən aktyor, küçədə yaşayan uşaqları daha yaxşı
anladığını bildirir: "Həyatın ən çətin üzünü görmüşəm. Uşaqlığım çox çətin keçib
və bunun üçün küçələrdə böyüyən uşaqların hisləri mənə tanışdır. Atam öləndən sonra
bizi uşaq evinə verdilər. Ordan çıxdıqdan sonra yeddi il cəza evində yatdım. Orada
atasız uşaqlar gördüm. Yəni deməyim odur ki, uşaqlara qarşı xüsusi bir həssaslığım
var. Çünki uşaqlığımı yaşamamışam. Həbsxanadan çıxandan sonra gördüm ki, bütün uşaqlara
ayrı-ayrı əlim çatmır və həyat yoldaşıma "gəl bir ev tutaq, bu uşaqların hamısını
orada böyüdək” dedim. Bir hesab açdım. Bundan sonra isə bir vəqf qurmaq və o uşaqların
gələcəyini təmin etmək istəyirəm.
Onların gələcəkdə heç nəyə ehtiyacı olmasın. Artıq 65 yaşım var. Əvvəlki
qədər hər yerə qaça bilmirəm. Hər dəfə cəza evinə gedib-gələndə həyata qarşı daha
böyük mübarizəyə başlayıram”.
Hər kəs ona "ata” deyə müraciət edir. Özü isə deyir ki, "ata” kəlməsi
çox ağır bir sözdür: "İnsanlar dəyişməyə başlayıb. Təsəvvür edin ki, evdəki boşqablar
dəyişəndə hər kəs öz boşqabının duzunu, bibərini ayrı atmağa başladı, insanların
ağız dadı qalmadı. Sonra otaqları ayırdıq. O da kifayət etmədi. Daha sonra özümüzü
telefonlara həsr etdik. Beləliklə, insanlar ailə içində «Sabahın xeyir» sözünü deməyi
unutdu və cəmiyyətlə əlaqəmizi kəsdik. Hazırda cəza evlərində anası ilə bir yerdə
qalan 725 uşaq var. Mən deyirəm ki, nə zaman küçədə böyüyən uşaqlar cəza evindəki
uşaqlarla, ev uşaqları küçə uşaqları ilə görüşüb eyni parkda oynasa, bax, o vaxt
biz barışı, sülhü bir araya gətirəcəyik. Evimizdə yetişdirdiyimiz uşaqlar çox qiymətlidir.
Amma çevrəyə, insanlara qarşı onları çox qəddarlaşdırırıq. "Diqqət et, küçə uşaqları
ilə oynama, onlarla danışma, qarışma” deyirik. Həmin o küçə uşaqlarını heçə
saymaq insanlara çox təsir edir. Yəni yanlarından keçərkən "salam” verib
qorxmadan çiyinlərinə toxunub "yaxşısanmı” deyəndə, siz onlara dünyanı vermiş
olursunuz. Çünki onların həyatını mən yaşamışam. Mən bunları kitablardan
oxumamışam. Həbsxanadan çıxanda evdə yemək bişirib küçədəki uşaqlarla birlikdə
yeyirdim. Əgər yaşadığım bölgədə insanlara "salam verməyi çoxaltsaq, o zaman öz
çevrənizdəki barışı tutmuş olarsınız və o uşaqlara toxunduqca, cəmiyyətin
gələcəyinə toxunmuş olursunuz”.
Aktyor teatrda, filmdə, seriallarda bir-birindən fərqli, maraqlı
obrazlar yaratsa da, əsil oyunu, həyat məhz onun özünə qarşı oynayıb. Biz də
buna film kimi həyat hekayəsi deyirik.
Xəyalə Rəis