• cümə axşamı, 02 may, 02:01
  • Baku Bakı 15°C

Kılıçdaroğlu Muharrem İnceni qabağa verdi

04.05.18 18:10 962
Kılıçdaroğlu Muharrem İnceni qabağa verdi
Türkiyədə seçki prosesi sürpriz namizədlərin ortaya çıxması ilə davam edir. Bəlli olduğu kimi, öncə hakim Ədalət və İnkişaf Partiyası (AKP)hazırkı dövlət başçısıRəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb. Onun namizədliyini hakim partiyadan 316 deputat dəstəkləyib. Ardınca da, Türkiyənin əsas müxalifət partiyası olanCümhuriyyət Xalq Partiyası prezidentliyə namizədinin adını açıqlayıb. Partiyanın qapalı toplantısında Muharrem İncenin prezidentliyə namizəd olmasınadair qərar qəbul edilib. CHP-nin prezidentliyə namizədi sürpriz olub. Ana müxalifət partiyasının parlamentdə 116 millət vəkilinin iştirak etdiyi qapalı qrup toplantısında millət vəkili Muharrem İncenin namizəd olması barədə qərar qəbul edilib. Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır. Ərdoğan və İnce ilə yanaşı, "İYİ Partiya”dan Meral Akşener, "Səadət” Partiyasından Temel Karamollaoğlu, Xalqların Demokratik Partiyasından isə Selahattin Demirtaşın prezidentliyə namizədliyi irəli sürülüb. Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları isə R.T.Ərdoğanın namizədliyini dəstəkləyəcəkləri barədə qərar qəbul ediblər. Prezidentliyə namizədlərin irəli sürülməsi mayın 9-dan başa çatır.
Xatırladaq ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Əsas maraqla gözlənilən CHP-nin namizədi idi ki, onun da adına müəyyən mənada aydınlıq gəlib. Partiya lideri K.Kılıçdaroğlunun öz namizədliyini irəli sürməməsinə münasibət fərqlidir. Onun hansı səbəbə görə seçimlərdə iştirak etmədiyi maraqla qarşılanıb. Belə bir fikir var ki, K.Kılıçdaroğlu seçkilərdə iştirak etdiyi təqdirdə Rəcəb Təyyub Ərdoğana məğlub olacağını anlayır. Bu isə onun siyasi karyerasının sonu demək olacaq. Bu vəziyyətdə o, CHP lideri kimi qala bilməz. Bu səbəbdən də özü digər namizədin iştirakını təmin edib.
Yeri gəlmişkən, AKP və Milliyyətçi Hərəkat Partiyasının ittifaqına qarşı müxalifət partiyaları arasında da ittifaq qurulub. Belə ki, ana müxalifət partiyası CHP, İyi Partiya, Səadət Partiyası və Demokrat Partiya dördlü ittifaq yaradıblar. İctimaiyyətə açıqlamalarında isə seçimləri ikinci tura götürə biləcəkləri təqdirdə ikinci sırada qərarlaşmış müxalifət partiyasına aktiv dəstək verəcəklərini bəyan ediblər.
Qərb mediasında da Türkiyədə keçiriləcək seçkilərlə bağlı proqnozlar verilir. Məsələn, BBC yazır ki, 1994-cü ildə İstanbulun meri seçildikdən bəri Ərdoğan seçkilərdə heç vaxt məğlubiyyətlə üzləşməyib. Qeyd edilir ki, 24 iyunda baş tutacaq prezident və parlament seçkilərinə görə Türkiyə müxalifəti gərgin qrafikə uyğunlaşmağa çalışır. "Seçilmiş namizədlərin siyahısı mayın 13-ü "Resmi Gazete”də elan olunacaq və seçki kampaniyasına start veriləcək. Seçkilər hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Bu seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək”, - deyə araşdırmada qeyd edilir.
O ki qaldı "İYİ Partiya”ya – artıq bu qurum da partiyanın sədri Meral Akseneri namizəd elan edib. Səadət Partiyası da lideri Temel Karamollaoğlunu namizəd göstərib. Müxalifətin ittifaqına separatçı kürdlərin Xalq Demokratik Partiyası (HDP) daxil deyil. HDP-nin namizədi partiyanın bir ildən artıqdır ki həbsdə olan keçmiş lideri Selahattin Demirtaşdır. Demirtaş seçki kampaniyasını barmaqlıqlar arxasından aparacaq.
"The Guardian” isə diqqəti Meral Akşenerə yönəldir. Onun artıq Türkiyədə "dəmir ledi” kimi qəbul edildiyi iddia olunub. "Pərəstişkarlarının "Asena” ("dişi qurd”) ləqəbi verdiyi 61 yaşlı Akşener iyunun 24-də keçiriləcək seçkilərdə son 16 ildə Türkiyə siyasətində üstünlüyə malik prezidentə qarşı yeganə iddialı rəqibi kimi ortaya çıxıb. Seçkinin qalibi seçicilərin keçən il referendumda təsdiqlədiyi səlahiyyətlərlə icra hakimiyyətinin ən ali təmsilçisi olacaq. Sorğular ilk turda Ərdoğanın asan qələbə qazanacağını deyir, ancaq Akşenerin iştirakı halında, ikinci tur daha sərt yarış vəd edir”,- deyə məqalədə qeyd edilir. Məqalədə Akşenerin demək olar ki, müxalifətin vahid namizəd namizədi olaraq ortaya çıxdığı xüsusi vurğulanıb.
Öz növbəsində Rusiyanın "Kommersant” qəzeti yazır ki, Türkiyədə heç kim Ərdoğanın qələbəsinə şübhə etmir. Lakin rəyi soruşulan türk ekspertlərinin çoxu Ərdoğanın ikinci tura qala biləcəyini istisna etmirlər. Buna səbəb kimi də namizədlərin çoxluğunu əsas gətirirlər.
Beləliklə, qardaş ölkə kritik prezident və parlament seçkilərinə hazırlaşır. Bütün hallarda nəticələrin necə olacağı türk xalqının seçimi olacaq. Bu səbəbdən bizə Türkiyəmizə bu yolda yalnız və yalnız uğur arzulamaq qalır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər