Kəmalə Nəbibəyova: “Heç vaxt “məndə alınmayacaq” sözünü işlətməmişəm” - Fotolar

Kəmalə Nəbibəyova: “Heç vaxt “məndə alınmayacaq” sözünü işlətməmişəm” - Fotolar

Müsahibə
26 Oktyabr 2019, 10:30 630
Teatrı yaradan, onu yaşadan və müqəddəsliyini qoruyub saxlayan insan fədaidir. Biz ona sənət fədaisi deyirik. Müsahibim Azərbaycan Türkiyə Vizyon Teatrının rəhbəri Kəmalə Nəbibəylidir. Kəmalə Nəbibəyli ali təhsil aldıqdan sonra 2 il Türkiyənin "Barış” televiziyasının əməkdaşı olaraq Azərbaycanın tarixi, mədəniyyətini təbliğ edərək silsilə verilişlər hazırlayıb. Ancaq teatra olan sevgisi onu vətəndən kənarda da rahat buraxmayıb. Çox keçmədən Firuz Mustafanın "Müqəvva” tamaşası ilə böyük sevgi qazanıb. Daha sonra "Adsız qadın”, "Maneken” tamaşaları ilə öz tamaşaçı auditoriyasını yaratmağı bacarıb. Hazırda Azərbaycan Türkiyə Vizyon Teatrını yaradan Kəmalə xanım bildirir ki, artıq İstanbulda  müstəqil teatr şəklində fəaliyyət göstərir. İki dövlət arasında mədəni körpü rolunu oynayan bu teatrın qapısı nəinki orada yaşayan azərbaycanlıların üzünə, eyni zamanda Türkiyədə yaşayan digər  xalqların nümayəndələrinə də açıqdır. Kəmalə xanım mədəniyyətin ən böyük siyasət olduğunu deyərək Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixinin təbliğatçısına çevrildiyini bildirir.  
 
- Azərbaycan Türkiyə Vizyon Teatrı hansı zərurətdən yarandı? 
- Tanınmış sənətkarımız Elçin İmanovla birlikdə "Turan” teleteatrında Aygün Həsənoğlunun "Adsız qadın” əsərinə səhnə quruluşu vermək istədik. Elçin müəllimlə tamaşanın məşqlərinə hazırlaşmağa başladıq. Müəyyən qurumlara dəstək olmaları üçün müraciət etdik. "Adsız qadın” özündə Xocalı hadisələrini əks etdirən, bizim tariximizdən bəhs edən maraqlı bir əsər idi və biz bunu geniş auditoriyaya təqdim etmək istəyirdik. Təəssüflər olsun ki, çıxdığımız bu yolda heç kimdən dəstək görmədik. Bu tamaşanın səhnələşdirilməsində israrlı idim. Əgər öz vətənimdə hazırlaya bilmirəmsə, bunu Türkiyədə nümayiş etdirəcəyəm, dedim. 
 
 

- Niyə məhz Türkiyədə?
- Çünki Türkiyənin əhalisi çoxdur, auditoriyası daha genişdir. Orada hər bir millətdən nümayəndələr var və mən istəyirdim ki, bu tamaşanı onlara nümayiş etdirim. Düşündüm ki, "Adsız qadın” tamaşasını çoxmillətli bir ölkədə nümayiş etdirsək, daha maraqlı olar. 
 
- Bildiyimiz qədəri ilə, tamaşaları Azərbaycan dilində hazırlayırsınız. Türk tamaşaçıları üçün Azərbaycan dilində tamaşa nə qədər maraqlıdır?
- Söhbət "Adsız qadın”dan gedirsə, tamaşamızın dili təkcə Azərbaycan dilindən ibarət deyil. Bilirsiniz ki, köhnə türk dili bizim danışdığımız dildir. Doğrudur, biz o tamaşanı Azərbaycan dilində hazırladıq, ancaq bizim dilimizdə elə sözlər var ki, onları türklər anlamır və ya fərqli məna ifadə edir. Məcbur oldum ki, əsərin bəzi yerlərinin sözlərini dəyişim. Biz də onu çox rahat hamının anladığı bir dilə çevirdik. Yəni orda nə tam Azərbaycan, nə də tam Türkiyə türkcəsi istifadə edilmədi. Ancaq onu da qeyd edim ki, teatrımızın repertuarında olan uşaq tamaşalarımız türk dilindədir. 
 
- Kəmalə xanım, insan öz məmləkətində belə nəyisə yenidən quranda bir çox çətinliklərlə üzləşir. Tək qadın, yad bir məmləkət və sıfırdan bir teatr. Çətin olmadımı?
- İstanbula gəldiyim ilk dönəmlərdə o qədər çətin idi ki... Elə günlərim olub ki, hər şeyi unudub, geri dönmək istəyirdim. Yeni məkan, tanımadığım bir ölkə mənə ağır gəlirdi. Təbii ki, Türkiyə ilə canımız, qanımız, kökümüz birdir, bunlar öz yerində. Nə qədər də olsa, yeni bir cəmiyyət, yeni psixologiya ilə qarşı-qarşıya idim, oturub uşaq kimi ağlayırdım. Valideynlərim üçün çox darıxırdım. Ondan sonra bir gün durdum özümə dedim ki, yox, Kəmalə, sən güclüsən, sınmayacaqsan, dəfələrlə səni sındırmaq istəyiblər, sınmamısan, indi də geri çəkilməyəcəksən. Bakıda tamaşa hazırlayanda çətinliklərlə üzləşəndə, Elçin İmanov deyirdi ki, "boş ver, olmayanda olmur”. Ancaq mən heç vaxt "məndə alınmayacaq” sözünü işlətməmişəm. Demək ki, insan özünü necə proqramlaşdırırsa, elə də yaşayır. Türkiyəyə gəldikdən sonra bəzi dərnəklər bizə dəstək oldu. Burda hər şeyə yenidən başlamaq, tamaşaları hazırlamaq - hamısı maliyyə tələb edirdi. Sağ olsun valideynlərim, mənə çox dəstək oldular. Onların qarşısında baş əyirəm. Həqiqətən valideynlərim böyük ürəyə sahib insanlardır.  Əlbəttə ki, bizə kömək edənlər də oldu. İstanbul mədəniyyət evi bizə öz dəstəyini əsirgəmədi. Onlara təşəkkürümü bildirirəm. Türkiyə Təhsil mədəniyyət mərkəzinin, Qarapapaq türkləri dərnəyinin bizim bu işlərimizdə çox böyük dəstəkləri oldu. Türkiyənin Azərbaycandakı konsulluğunun da bizə diqqəti olub. Tamaşalarımızda iştirak ediblər. Heç bir şey düşünmədən əlimdə bir şüar tutmuşam: Azərbaycan. Bir gün dedilər ki, madam vətəni bu qədər sevirsən, niyə vətəni tərk etmisən? Dedim, mən orada bacara bilmədiyimi burada etməyə çalışıram ki, Türkiyədə bizim keyfiyyətsiz və bəsit musiqimizi dinləməsinlər. Axı bizim çox zəngin və musiqi tariximiz var. 
 
 
 
- Qurucusu olduğunuz "Turan” teleteatrı  fəaliyyətini nə üçün yarımçıq qoydu?
- "Turan” teleteatrı 2014-cü ildə Bakıda yaranıb. Hətta sizə deyim ki, Xocalı soyqırımı ilə bağlı Rəşid Behbudov adına Mahnı Teatrında tədbir də keçirdik. Tədbirə millət vəkillərimiz təşrif buyurmuşdu. Biz istədik ki, bu teatr vasitəsi ilə bütün türk dünyasının ədəbiyyatını, mədəniyyətini bir araya gətirək. Siyasətdən uzaq, türkdilli xalqların kiçik bir modelini yaradaq. Heç bir siyasi məqsəd, məram daşımırdı. Aygün Həsənoğlunun "Adsız qadın” tamaşasını səhnələşdirməyi qərara adlıq. 
 
- "Adsız qadın” tamaşasında aktrisa olaraq sizi səhnədə gördük. Bu sizin ilk monotamaşanız idimi?
- Xeyr. Tamaşanın rejissoru Elçin İmanova dedim ki, bu tamaşanı canlandırmaq üçün bir aktrisa düşünürsənmi? Dedi, birini düşünmüşəm artıq. Kimliyini soruşanda, o aktrisanın mən olduğumu söylədi. Düzdür, o zamana qədər mən monotamaşa oynamışam, ancaq bu tamaşanın ağır yükünün altına girməkdən qorxurdum. Bir gün başa düşdüm ki, onu istədiyimiz kimi hazırlamaq üçün maliyyə dəstəyi lazımdır. Müəyyən rəsmi qurumlara müraciətlər etməyə başladım. Çox gülməli olsa da, böyük şirkətlər cüzi miqdarda maliyyə ödəmək cavabları verdilər. 
 
- Bu sizi çoxmu məyus etdi? 
- Təbii ki, məyus etdi, axı biz bunu özümüz üçün etmirdik. Məyus olsaq da, qırılmadıq. Hətta heç zaman unutmaram, Xocalı faciəsini özündə əks etdirən bir tamaşa hazırlayanda, Qarabağdan olan iş adamı ilə görüşdüm. Layihə şəklində təqdim etdim. Mənə dedi ki, sənin işin-gücün yoxdur? Açığı, bu mənim üçün böyük bir zərbə oldu. Elçin İmanov dedi ki, bu ssenarini qoyuram kənara, əgər yüngül bir şey hazırlasaydıq, sponsoru çox olardı. Görünür biz səhv etmişik, yolumuzu düz tutmamışıq. Ancaq mən sonuna qədər mübarizə apardım. O an ağlıma İstanbul gəldi. Meqapolis, müxtəlif millətlərin yaşadığı bir ölkə. Düşündüm ki, burada bəlkə nəyəsə nail ola bilərəm. Səsimi qismən də olsa çatdıra bilərəm. 

- Peşmansınızmı? 
- Türkiyəyə gəlməyimə peşman deyiləm. Əksinə, bu qədər elədiklərimi Bakıda edə bilməzdim. 

- Türkiyədə sizdən başqa Azərbaycan Teatrı, yəni rəqibiniz varmı?
- Rəqibimiz olmasa da, bizi qısqanan insanlar var. Baxmayaraq ki, onlar teatrdan uzaq insanlardır. Çox istəyərdim ki, onlar da teatr kimi formalaşsınlar, rəqibimiz olsunlar, inkişaf edək. Onlarla aramızda rəqabət olsun. İnkişafın olması üçün rəqabət lazımdır. Təəssüflər olsun ki, bunu hamı qəbul etmir. Amma eybi yoxdur, hansısa gücə sahibəm ki, kimlərsə də çəkinir. Biz davam edəcəyik. 
 
 

- Vizyon teatrı deyildikdə, nə nəzərdə tutulur?
- Əvvəlcə teleteatr adlandırdıq. Sonra gördük ki, burda onu anlamırlar, onun üçün  adını dəyişib, vizyon elədik. Bizim hazırladığımız "Adsız qadın” elə teletamaşadır. Tamaşanın eyni zamanda prosesi həm monitorda, həm də səhnədə gedir. Bir az çətin olsa da, Azərbaycana bu janrı Elçin İmanov gətirdi. Biz onu ilk dəfə Türkiyədə həyata keçirə bildik. Monitorda nümayiş olunan çəkimləri də biz özümüz eləmişdik. 

- İstərdik, bizə yeni layihələrinizdən danışasınız.
- İndi də televiziya və film layihələrimiz var. Hazırda tarixi filmlə bağlı müzakirələr edirik,  tarixçilər həmin layihənin üzərində işləyir. Dövlət dəstəyi ilə onu həyata keçirəcəyik. Burda Azərbaycan məktəbi var, çox yaxın bir zamanda oranın uşaqları üçün tamaşa hazırlayacağıq.

- Teatrlara gedənlərin sayı günü-gündən azaldığı bir zamanda tamaşaçıları teatra necə cəlb edirsiniz? 
- Əksinə, bizim tamaşaçı problemimiz olmur. Daha çox diqqət görürük. Getdiyimiz yerdə birbaşa bələdiyyə rəhbəri ilə danışa bilirik, tamaşamızı alırlar. Hazırda boş günümüz yoxdur. Şükürlər olsun, heç kimə də yalvarmırıq ki, bizim biletimizi satın. Bu da onun göstəricidir ki, biz işləyirik. 

- Uğur olan yerdə qısqanclıq da olur. Siz həmkarlarınız tərəfindən qısqanclığa tuş gəlmisinizmi?
- Qısqananlara deyirəm, yaxşı ki, varsınız, məndə güc yaradırsınız. Gedib Azərbaycanda demişdilər ki, guya mənim diplomum yoxdur, həvəskar fəaliyyət göstərirəm. Ancaq mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. Həm bakalavr, həm də magistr təhsilimi qırmızı diplomla başa vurmuşam. Bu gün də burada ölkəmizi təbliğ edirəm. Buna sevinmək əvəzinə, yalan məlumatlar verənlər olur.
 
Xəyalə Rəis