• cümə, 26 Aprel, 20:55
  • Baku Bakı 22°C

Karasinin əvəzlənməsinin Qarabağ münaqişəsinə təsiri olacaqmı?

29.07.19 18:21 10172
Karasinin əvəzlənməsinin Qarabağ münaqişəsinə təsiri olacaqmı?
Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan nazir müavini Qriqori Karasini yeni diplomat əvəz edəcək. O, Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib və yerini kimin tutacağı faktiki olaraq müəyyənləşib. Belə ki, bu vəzifəyə Rusiyanın Ermənistandakı keçmiş səfiri və hazırda XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkinin təyin olunacağı gözlənilir. XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilsə də, onların içərisində əsas namizəd Volınkindir. 60 yaşlı diplomat SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya, Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Qeyd edək ki, Karasin uzun illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları, o cümlədən Dnestryanı münaqişəsi, Belarusla müntəzəm olaraq baş qaldıran ticarət mübahisələrini kurasiya edib.
Bu vəzifəyə yeni təyinat maraqlı olduğu qədər, həm də bir çox suallar ortaya çıxarır. Amma ən əsası, bu dəyişiklik Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə münasibətini də dəyişəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Rusiya XİN-dəki dəyişiklik Kremlin Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyinə bir o qədər də təsir etməyəcək: "Düşünmürəm ki, elə bir ciddi dəyişiklik olsun. Çünki Qriqori Karasin və İvan Volınkin də Rusiyanın dövlət siyasətini icra edirlər. Hazırda Rusiyanın xarici siyasətini müəyyən edən adam nazir Sergey Lavrovdur. Baxmayaraq ki Rusiyada xarici siyasət birbaşa prezidentin səlahiyyətində olan məsələdir, Lavrov çox təcrübəli olduğu üçün ona etibar ediblər. O da yeri gələndə, hətta Kremllə məsləhətləşmədən addımlar atır. Yaxud da atdığı addımlara Kreml bir sıra hallarda etiraz eləmir. Onu da qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyində, belə deyək ki, MDB-yə aid bütün məsələlər Karasinə aid idi və hətta Ukrayna daxilində baş verən hadisələr belə onun kurasiyasına daxil idi. Ona görə də xarici işlər nazirinin müavininin dəyişməsi ilə ciddi bir dəyişiklik gözləmirəm”.

M.Əhmədoğlu əlavə etdi ki, Volınkinin təyinatı bir az erməniləri sıxa bilər: "Volınkin Ermənistanda səfir olarkən, təbii ki, müsbət görünməli və danışmalı idi. Çünki diplomatın işi odur. Buna baxmayaraq, Volınkinin Ermənistanda fəaliyyət göstərdiyi dövrdə hazırladığı hesabatlarda Ermənistanın Rusiyaya qarşı münasibəti olduğu kimi əks olunub. Yəni, Volınkin bilir ki, ermənilər yaltaqlanmağı çox yaxşı bacarırlar və Rusiya istiqamətində ermənilərin etdiyi yaltaqlıqlar, dediyi yalanlar məhz Kremlin əleyhinə işləmək üçün lazımdır. Əlbəttə ki, bunu Ermənistanda səfir işləyən Volınkin də, indiki səfir Sergey Kopırkin də yaxşı dərk edir. Nəzərə almaq lazımdır ki, Volınkin Rusiya Xarici İşlər Nazirliyində konsul xidmətinin rəhbəri idi və elə bu yaxın zamanlarda da Ermənistanla məsləhətləşməyə gəlmişdi. Yəni, o indinin özündə də görür ki, ermənilər Rusiyaya qarşı necə xəyanətkar mövqedədirlər. Bu baxımdan hesab edirəm ki, Volınkinin dövründə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistana qarşı siyasəti müəyyən qədər sərt ola bilər. Yəni, Lavrovun milliyətcə erməni olması ilə bağlı yaradılmış fon Volınkinin nazir müavini olduğu dövrdə bir o qədər təsirli olmayacaq. Çünki Volınkin Ermənistanda səfir işləyib və mütəxəssisdir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Qriqori Karasinin keçmiş səfir Volınkinlə əvəz edilməsinin yeganə səbəbi var: "Bu da Karasinin 70 yaşının tamam olmasıdır. Rusiyanın "Dövlət qulluğu haqqında” qanuna görə, ən çox 70 yaşına qədər dövlət qulluğunda çalışmaq olar. Buna görə də Karasin özü yaşda olanların təmsil olunduğu dövlət orqanlarında, Federal Şurada yer ala bilər. Necə ki, bu şurada Saxalini təmsil edə biləcək. Volınkinə gəlincə, o çox təcrübəli diplomatdır. Keçmiş Yuqoslaviyada, Makedoniyada, Gürcüstanda, yəni münaqişə zonalarında diplomatik xidmət keçib. Volınkin ən son olaraq, 2013-2018-ci illərdə Ermənistanda səfir işləyib. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ona daha yaxındır. Amma məsələ ondadır ki, münaqişənin həlli nə Karasindən, nə də Volınkindən asılıdır. Qarabağ münaqişəsinin həlli daha çox Rusiya prezidenti, Rusiya Xarici İşlər Nazirliyi və geosiyasi amillərlə bağlıdır. Təbii ki, bu münaqişələrin həlli ilə məşğul olan koordinatorların əziyyətini də heçə endirmək olmaz. Bu məsələlərdə hansı şəxslərin koordinator olması da heç də sonuncu dərəcəli məsələ deyil”.

Z.Məmmədov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunaraq əlavə etdi ki, son zamanlar ermənilərin cəbhədə atəşkəsi pozması və cəbhə bölgəsində mütəmadi təxribat törətmələri onu göstərir ki, Cənubi Qafqazda dünya gücləri arasında geosiyasi qarşıdurma daha da şiddətlənib: "Qarşıdakı illərdə Cənubi Qafqaz bölgəsi bir barıt çəlləyinə bənzəyəcək. Belə bir məqamda istər Dağlıq Qarabağ, istərsə də digər münaqişələrin alovlanması istisna deyil”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər