• cümə, 26 Aprel, 10:56
  • Baku Bakı 12°C

Karantinin yenidən sərtləşdirilməsi özümüzdən asılı olacaq

08.05.20 17:19 987
Karantinin yenidən sərtləşdirilməsi özümüzdən asılı olacaq
Deputatların fikrincə, dövlət başçısı məsuliyyətsiz hərəkətlərə yol verilməməsini vurğulamaqda haqlıdır

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus təhlükəsinin qarşısını almaq məqsədi ilə ilk vaxtlardan preventiv tədbirlər həyata keçirildi, sərhədlər bağlandı və karantin rejimi tətbiq edildi. Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən bu tədbirlərin əsas məqsədi ölkə vətəndaşlarının sağlamlığının qorunmasıdır. Məhz bu addımların nəticəsi olaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanın həyata keçirdiyi işlər dəfələrlə alqışlanıb və bu təcrübədən bəzi ölkələrin istifadə etməsi tövsiyə edilib.
Son günlər ölkədə xüsusi karantin rejiminin yumşaldılması qərar alınıb. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzi vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara məsuliyyətsiz yanaşması halları müşahidə edilir.
Srağagün Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı zamanı Prezident İlham Əliyev mövcud vəziyyətə toxunaraq bildirib ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq: "Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz, hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər”.
Dövlət başçısının sözlərinə görə, karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır: "Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik. Bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, qaydalara əməl edilməsə, pandemiya daha çox yayıla və daha acı nəticələrlə üz-üzə qala bilərik: "Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışındakı nitqində də bir çox vacib məqamlara toxunub. Məlum olduğu kimi, Azərbaycan pandemiya ilə mübarizədə ən operativ və adekvat qərar qəbul edən ölkələrdən biri sayılır. Bu, xarici dövlətlər və beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan pandemiya ilə ölkə daxilində mübarizə aparmaqla yanaşı, bu istiqamətdə beynəlxalq səylərə də dəstək verib, bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycanın rəhbərliyi ilə videokonfrans formatında bir neçə görüş keçirilib. Məhz bu tədbirlər nəticəsində bu gün Azərbaycan dünyada pandemiya ilə mübarizədə nümunəvi modelə və təcrübəyə malik ölkələrdən biri sayılır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, pandemiya ilə mübarizədə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Burada iki tərəf var, birinci tərəf dövlətdir ki, üzərinə düşəni maksimum məsuliyyətlə yerinə yetirməyə çalışır, digər tərəf isə vətəndaşlardır”.
C.Məmmədov qeyd etdi ki, təhlükə tam sovuşmayıb, ona görə də arxayınlaşmaq və ehtiyatı əldən vermək olmaz: "Əks halda, pandemiya daha çox yayıla və daha acı nəticələrlə üz-üzə qala bilərik. Çünki bu gün dünyada artıq pandemiyanın ikinci və üçüncü dalğaları ilə bağlı geniş müzakirələr aparılır. Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki, əgər məsələyə məsuliyyətsiz yanaşma davam edərsə, karantin rejimi daha da sərtləşdirilə, karantin qaydalarını pozanlara qarşı ciddi tədbirlər görülə bilər. Bunun baş verməməsi üçün hər bir ölkə vətəndaşı karantin rejiminin qaydalarına əməl etməlidir. Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti bu baxımdan xüsusi önəm daşıyır. Hər bir vətəndaş mütləq maska taxmalı, sosial məsafə saxlamalı, tez-tez əllərini yumalı, dezinfeksiya vasitələrindən davamlı istifadə etməlidir”.
Millət vəkili Sevinc Hüseynova bildirdi ki, Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır: "Bunun üçün də COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Mart ayının sonunda istifadəyə verilmiş "Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub”.
S.Hüseynovanın sözlərinə görə, Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir: "Həqiqətən də, ölkəmizdə bu istiqamətdə görülən işlər dünya ölkələri üçün nümunədir. Bu gün koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan dünyada ən az itkilərə məruz qalan ölkələrdən biridir. Belə ki, COVID-19 infeksiyasına dünyada hər 1 milyon insana düşən yoluxmanın sayı 450 nəfərdirsə, bu göstərici Azərbaycanda 200-ə yaxındır. Ölüm sayına görə dünyada hər 1 milyon insana düşən göstərici 33-ə bərabərdir. Azərbaycanda isə bu göstərici cəmi 2.6 nəfərdir. Beləliklə, Azərbaycanda vəziyyət dünya göstəricilərindən 15 dəfə yaxşıdır. Bütün bunlar dövlətimizin, Prezident İlham Əliyevin insanların təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin nəticəsidir. Bununla belə, COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Son günlər xəstələrin sayının artması göstərir ki, məsuliyyətimizi daha da artırmalıyıq. İnsanlar karantin rejiminə əməl etməli, zərurət olmadıqda evdən çıxmamalı, sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər. Əks halda, karantin rejimi yenidən sərtləşdiriləcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər