• cümə, 26 Aprel, 22:04
  • Baku Bakı 22°C

Kabinet dəyişikliyi Ərdoğanı vəziyyətdən çıxaracaqmı?

27.12.13 08:00 1515
Kabinet dəyişikliyi Ərdoğanı vəziyyətdən çıxaracaqmı?
Türkiyədə rüşvət olayları ilə əlaqədar olaraq gərginlik davam edir. Baş verənlərdən sonra hökumətin xeyli zəiflədiyi barədə söhbətlər dolaşır. Ərdoğan hökuməti hadisələrdə xarici qüvvələri ittiham etsə də, kabinet tərkibində dəyişiklik etməyə məcbur olduğu göz qabağındadır. AKP bu yolla böhrandan çıxmağa, əvvəlki nüfuzunu bərpa etməyə çalışır. Lakin bəziləri artıq heç nəyin Ərdoğan hökumətini xilas edəcəyinə inanmır. Baş nazirin son çabasının onları nə dərəcədə vəziyyətdən çıxaracağı barədə yerli politoloqların fikirlərini öyrəndik.
Politoloq Elxan Şahinoğlu qəzetimizə açıqlamasında bildirdi ki, korrupsiya qalmaqalı üzə çıxandan sonra baş nazir Ərdoğan məsələnin hüquqi tərəfinə varmadan siyasi tərəfini ön plana çəkdi. Guya onun hökumətinə qarşı tələ qurublar: “Məsələdə qarışıqlıq, narazılıq pik həddə çatıb. Ərdoğan belə təqdim edir ki, guya Fətullah Gülən dövlət içində dövlət formalaşdırıb. Əlbəttə, bunların hamısı doğrudan da baş vermiş ola bilər. Çünki Gülənlə baş nazir Ərdoğanın maraqları üst-üstə düşmür. Faktiki olaraq bu iki qrup arasında savaş Ərdoğan dərsxanaları bağlatdırdıqdan sonra başladı. Halbuki, baş nazir hakimiyyətə gəldiyi 2000-ci illərdən bu yana hər iki şəxs müttəfiq kimi çıxış edirdilər. Onlar hərbçilərin siyasətdən uzaqlaşdırılması məsələsində də həmfikir idilər”.
E.Şahinoğlunun fikrincə, sonradan adıçəkilən şəxslərin yolları ayrıldı və bu rüşvət qalmaqalı üzə çıxdı. Şəxsən Ərdoğan özü bu məsələdə son ana qədər dirəniş göstərməyə çalışsa da, faydası olmadı. Baş verənlərdə hər nə qədər siyasi tərəfləri ortaya atsalar belə, nəticə əldə olunmadı: “Düşünürəm ki, əsas gedişi Türkiyə prezidenti Abdulla Gül etdi. Ona bu məsələ ilə bağlı sual veriləndə, bildirdi ki, rüşvət qalmaqalının üstünü örtmək olmaz. Bundan sonra Ərdoğan nazirləri istefaya göndərməyə məcbur oldu. Nazirlərin istefasının ardınca isə baş nazir ümumiyyətlə, kabinetdə yerdəyişmələr etdi. Bildiyiniz kimi, 10 nazir postu dəyişdirildi”.
Müsahibimiz hesab edir ki, hadisələr bununla yekunlaşmayacaq. Çünki rüşvət qalmaqalı yetərincə araşdırılmalıdır: “Başqa görüntülər, faktlar, sənədlər də ortaya çıxa bilər. Bütün bu gedişat, məhkəmə-istintaq prosesi Ərdoğan və onun partiyasına güclü zərbə vuracaq. Hətta, ehtimal olunur ki, martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası məğlub olmasa belə, böyük səs itkisi ilə üzləşə bilər. Bu da parlament və prezident seçkisi öncəsi Ərdoğanın mövqeyini bir az daha itirməsinə gətirib çıxara bilər”.
Politoloq Elman Nəsirov söylədi ki, adı korrupsiya və rüşvət qalmaqalında hallanan nazirlərin istefası reallaşıbsa, digərlərinin də oxşar aqibəti yaşayacağı ilə bağlı heç bir istisna yoxdur, heç kim bundan sığortalanmayıb: “Ərdoğanın bu hadisəyə ilk reaksiyası zamanı dediyi sözləri xatırlamaq yerinə düşərdi. O söylədi ki, bu hadisədə həm daxili, həm də xarici faktorlar rol oynayır. Yəni xarici və daxili faktorlar birləşib bu cür böyük siyasi ajiotaja səbəb olan və Türkiyənin beynəlxalq imicinə çox mənfi təsir göstərən hadisə törədiblər. Ərdoğan hökumətinin bu prosesdə çox çevik reaksiya nümayiş etdirməsi və eyni zamanda atacağı addımlarla elektoratın rəğbətini qazanmasına çox böyük ehtiyac var. Ərdoğan hökuməti bunun fərqindədir. Çünki qarşıdan iki nəhəng seçki – bələdiyyə və parlament seçkiləri gəlir”.
E.Nəsirov hazırkı iqtidarın çətin situasiya ilə üz-üzə qaldığını vurğuladı: “Nəzərə alsaq ki, istefaya gedən nazirlərdən biri Ərdoğanın özünün istefaya getməsi təklifini irəli sürüb, deməli vəziyyət kifayət qədər gərgindir. Həqiqətən də, adı rüşvətdə hallanan nazirlər onun komandasından olan şəxslərdir. Deyilib ki, onlar bu hadisələrdə günahlandırılırlarsa, istefaya gedirlərsə, Ərdoğan özü də bu aqibəti yaşamalıdır. Eyni zamanda, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıcdaroğlu da baş naziri istefaya getməyə çağırıb. Baş verənlərdə Ərdoğanın və komandasının üzvlərinin ittiham olunması müxalifətin kəskin ifadələr səsləndirməsinə yol açıb”.
Müsahibimizin fikrincə, AKP hökuməti uğurlu addımlar atmaqla itirilmiş nüfuzunu bərpa etmək yolunda müəyyən işlər görə bilər: “Yumşaq desək, bu hadisə Ədalət və İnkişaf Partiyası üçün xoşagəlməz sürpriz oldu. Qarşıdan gələn seçkilərdə bu partiyanın böyük faizlə qələbə çalacağına dair proqnozlar aktuallığını bir qədər itirdi. İqtidar partiyası ilə bağlı əvvəllər söylənilən nikbin fikirlər bu gün əvvəlki kimi səslənmir. Düşünürəm ki, baş verənlər qarşıdan gələn seçkilərin çox mürəkkəb keçəcəyinə zəmin yaratdı”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər