• cümə, 26 Aprel, 13:42
  • Baku Bakı 23°C

Jurnalistlərin həmkarlar təşkilatlarının yaradılması üçün zəmin yaratmaq istəyirik

21.10.14 12:10 1859
Jurnalistlərin həmkarlar təşkilatlarının yaradılması üçün zəmin yaratmaq istəyirik
Gürcüstan Jurnalistlərin Müstəqil Assosiasiyası Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF ) media sahəsində “Həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin iştirakçılarından biridir. Cənubi Qafqaz ölkələri üzrə həyata keçirilən layihə 3 il müddətinə nəzərdə tutulub. Assosiasiyanın prezidenti Zviad Pochkua “Kaspi”yə müsahibəsində layihənin Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirildiyini bildirməklə bərabər, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı söhbət açdı.
Jurnalistlərin vəziyyəti
- Layihə ölkə redaksiyalarında həmkarlar təşkilatlarının yaradılması ilə üzrə icra olunacaq. Demək olar ki, biz bu müddətdə ölkədə jurnalist həmkarlar təşkilatlarının yaradılması üçün zəmin yarada bilərik. Hələlik heç bir redaksiyada jurnalist həmkarlar təşkilatı yoxdur. İndiyə qədər bu təşkilatların yaranmamasının səbəbi jurnalistlərin onun mahiyyətini başa düşməməsi ilə bağlıdır. Gürcüstanda jurnalistlərin həmkarlar təşkilatının tarixi o qədər də qədim deyil. Bizim üçün hər şeyi sıfırdan başlamaq lazım gələcək. Bunun üçün ilk növbədə biz həmkarların mahiyyətini media təmsilçilərinə izah etməliyik. Biz onlara bu təşkilatın nə üçün lazım olduğunu və hansı xeyri verə biləcəyini anlatmalıyıq. Yalnız bundan sonra jurnalistlər bu təşkilata üzv ola bilərlər. Həmçinin jurnalistlərin sərbəst işləmələri, tədqiqatlar aparmaları üçün şərait yaratmalıyıq. Biz bunun üçün treninqlər təşkil edəcəyik. Həmçinin Gürcüstanın regionlarında layihə çərçivəsində treninqlər həyata keçiriləcək. Bu treninqlər həmkarlar təşkilatlarının filiallarının yaradılması məqsədilə keçiriləcək. Bu istiqamətdə 3 trener hazırlanıb. Hazırda ölkədə Jurnalistlərin Müstəqil Assosiasiyası olsa da, hələlik redaksiyalarda özəklər yaradılmayıb və bu istiqamətdə işlər görüləcək.
- Sizin təşkilatın neçə üzvü var? Onlar assosiasiyanın fəaliyyətinə hansı köməkliyi göstərirlər? Maliyyəniz haradandır?
- Biz son 4 il ərzində Avropa İttifaqının maliyyəsi hesabına fəaliyyət göstərmişik. Ancaq müəyyən bir dövr oldu ki, hakimiyyət bu maliyyəni əngəllədi. Təbii ki, bu, bizim fəaliyyətimizə təsir göstərdi. İndi vəziyyət dəyişib və biz yenidən aktiv fəaliyyətə başlamışıq. Yenidən ümid edirik ki, paralel olaraq beynəlxalq təşkilatların maliyyə yardımı ilə fəaliyyətimizi gücləndirəcəyik. Hazırda aktiv jurnalist kimi fəaliyyət göstərən 150 jurnalist təşkilata üzvdür. Onlar təkcə Tbilisidə deyil, həmçinin regionlarda yaşayırlar. Onların köməyinə gəlincə, jurnalistlər dəstəyi bizdən gözləyirlər. Onlar bizə ərizə ilə müraciət edərək təhlükəsizliklərinin təmin olunmasını istəyirlər. Bir neçə il bundan əvvəl bir fotoreportyor həbs olunmuşdu. Biz onun azad olunmasında aktiv iştirak etdik və həmin jurnalist həbsdən azad edildi. Sahibkarlarla və ya dövlət strukturları ilə media qurumları arasında tez-tez müəyyən münaqişələr yaşanır. Biz bunun üçün onlara hüquqi baxımdan yardım göstəririk.
- Siz jurnalistlərin sosial vəziyyəti, əmək hüquqlarının pozulması, maaşları və əmək müqavilələri ilə bağlı monitorinqlər keçirirsinizmi? Nəticələr necədir?
- Biz həmçinin söz azadlığı, jurnalistlərin ixtisaslaşmasının inkişafı, təhlükəsizliyi, əmək müqavilələri ilə bağlı və s. işlər görürük.
Təşkilat keçən il monitorinq keçirdi. Bu ilin 6 ayının monitorinqlərinin nəticəsi də hazırdır. Biz monitorinqlər nəticəsində jurnalistlərin necə yaşamasını, hansı şəraitdə işləmələrini və hansı problemlərlə üzləşdiklərini üzə çıxardıq. Demək olar ki, şəhərdə işləyən jurnalistlərlə regionda yaşayanların vəziyyəti eynidir. Hamısının maliyyə problemləri var və bu onların yaşamı üçün az əhəmiyyətli deyil. Jurnalistlərin bir çoxu müqavilələrlə işləyir. Amma bizdə kollektiv müqavilə yoxdur. Mən hansısa bir media təşkilatının kollektiv müqaviləni həyata keçirdiyini hələ eşitməmişəm. Regional mediada görüşlərim zamanı məlum oldu ki, onlarda fərdi müqavilələr də yoxdur. Regionlarda əmək haqları da çox aşağıdır. Aylıq əməkhaqqı 100 dollardan başlayır. Paytaxtda isə 400 laridən başlayıb 2000 min lariyə (təxminən 1000 AZN) qədər yüksəlir. Digər tərəfdən, jurnalistlərin çalışdığı media orqanlarında reklamın olmaması böyük problemdir. Xüsusən regionlarda bu problem böyükdür. İri kompaniyalar region mediasında reklamlarını yerləşdirmək istəmirlər. Onlar daha çox mərkəzdəki telekanallarla işləməyə üstünlük verirlər. Mərkəzdəki televiziyalar reklam bazarını monopoliyaya alıb. Bu baxımdan, reklam bazarında qeyri-bərabər rəqabət hökm sürür. Həmçinin bir çox hallarda telekanalların lisenziyasını ayrı-ayrı siyasi qruplar və hakimiyyətə yaxın insanlar əldə edirlər. Digər bir problem isə dövlət strukturlarından, xüsusən də Xarici İşlər Nazirliyindən informasiyanın əldə edilməsi ilə bağlıdır. Bu baxımdan, jurnalistlər böyük çətinliklərlə üzləşirlər. Bu, onların operativliyinə təsir edir. Həmçinin işçilərin sayı ilə bağlı da problemlər var. Məsələn, regionlarda qəzeti 2-3 işçi buraxır. Redaksiya heyəti adətən qəzetin sahibi, redaktor və bir işçidən ibarət olur. Bu maliyyə çətinliyi ilə izah olunur. Çox vaxt işçilər işsiz qalacaqlarından qorxub öz problemləri ilə bağlı müraciət etmirlər. Ona görə də biz özümüz daha çox onlara müraciət edib vəziyyəti öyrənməyə çalışırıq. Xüsusən əgər problem sahibkara aiddirsə, çoxu susmağa üstünlük verir. Yalnız o zaman müraciət edirlər ki, artıq iş-işdən keçmiş olur. Yəni artıq işlərini itirirlər, kiminsə tərəfindən hədələnirlər, şantaja məruz qalırlar və s.
- Bəs belə məqamlarda siz onlara necə kömək edə bilirsiniz?
- Jurnalistlərin bu cür problemləri yarananda həmişə təşkilatımız daxilində müzakirə edirik. Biz əvvəlcə məsələni həmin media qurumu ilə danışıqlar şəraitində həll etməyə çalışırıq. Ancaq problem həll olunmayanda zərərçəkənlərin ərizələri əsasında məsələni ictimailəşdirir, dövlət strukturlarının diqqətinə çatdırırıq. Maksimum dərəcədə beynəlxalq təşkilatların diqqətini məsələyə yönəltməyə çalışırıq. Əgər prosesdə qanunsuzluq varsa, məhkəmə instansiyasına müraciət edirik.
- Jurnalistlərə dövlət tərəfindən hər hansı sosial dəstək varmı?
- Gürcüstanda bununla bağlı hər hansı bir fərman və ya sərəncam yoxdur. Açığını desəm, biz jurnalistlərə ayrılıqda maddi dəstək göstərilməsini qətiyyən istəmirik. Yaxşı olardı ki, qanun daha çox jurnalistlər üçün mövcud olan qanunvericiliyin pozulmamasına çalışsın, onların söz azadlığını müdafiə etsin. Təkcə bizim təşkilat deyil, media ilə bağlı bütün ekspertlər deyir ki, bu sahədə qanunvericilik normaldır. Ancaq problem ondadır ki, bizim dövlət strukturları bu qanunların tələblərini pozurlar. Məsələn, elə mən sizə yuxarıda reklam bazarının monopoliyaya alınmasından danışdım. Nəqliyyat və Rabitə Nazirliyi daha çox hökumətə yaxın olan insanlara və siyasi fiqurlara lisenziya verir. Qoy qanunvericilik bu problemi tənzimləsin. Əgər bu problem həll olunsa, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək edər. Ona görə də bu gün bu sahədə dövlət strategiyasının düzgün qurulmaması xüsusən çap mediasına təsir edir. Çünki çap mediasının çox hissəsi müstəqil qəzetlərdir.
- Hazırda Gürcüstanda çap mediasında vəziyyət necədir?
- Bizdə təxminən 70-80 qəzet qeydiyyatdan keçib. Ancaq bu qəzetlər içərisindən təxminən 20-25-i fəaliyyətdədir. Həftəlik qəzetlərin tirajı 3000, gündəlik qəzetlərin tirajı 13-15 mindir. 4 milyonluq əhali üçün bu rəqəm çox azdır. Son illər ölkədə kağız çox bahalaşıb və əsasən Rusiya və Çindən gətirilir. Əsas problem odur ki, qəzet nəşri siyasi fiqurlarla rəqabət apara bilmir. Mətbuata dövlət köməyi təxminən 10 il bundan əvvəl vergidən azad olunması olub. Çap mediası reklama görə rüsum ödəmir, yalnız illik gəlirə və əməkhaqqına görə vergi ödəyir. Əvvəlki hakimiyyət çap mediasını o qədər də sevmirdi. Onda bir çox qəzetlər bağlandı. Digər qəzetlərin fəaliyyəti də məhdudlaşdırılmışdı. Hakimiyyət insanları qəzet oxumamağa və televiziyaya baxmağa çağırırdı. Amma yeni hakimiyyət isə qəzetlərin satışı üçün də şərait yaradıb. Bununla belə, sadaladığım problemlər qalmaqdadır.
- İnternet medianın vəziyyəti barədə nə deyə bilərsiniz, ənənəvi media ilə müqayisədə bu sahədə daha çox inkişafdan danışmaq olarmı?
- Müşahidələrimiz göstərir ki, internet media öz seqmentlərini tapıb və digər media orqanlarının fəaliyyətinə təsir etmir. Biz «İnternet çap mediasını əvəzləyir» deməyi xoşlayırıq. Ancaq bu gün internet mediası tamamilə asılı olmayan bir sahədir. O həqiqətən inkişaf edir və bunun fonunda vətəndaş jurnalistikası formalaşır. Şəxsən mən özüm vətəndaş jurnalistikasını çox dəstəkləyirəm. Çünki bu, öz sahəsində təcrübəsiz, bu sahədə təhsili olmayan, peşə etikasından xəbərsiz jurnalistlərin fəaliyyətinə sərhəd qoymur. Buna görə də internet media ayrıca bir sahədir.
Təranə Məhərrəmova
Batumi
banner

Oxşar Xəbərlər