Jurnalistlər, dövlət qurumları və ictimaiyyət Mətbuat Şurasına etibar edir
Azərbaycan jurnalistlərinin martın 10-da keçirilən VII qurultayında
Mətbuat Şurası tərəfindən ötən müddət ərzində görülən işlə barədə hesabat
dinlənilib. Həmçinin ayrı-ayrı media rəhbərləri çıxış edərək Azərbaycan
mediasının inkişafı, jurnalistlərin peşəkarlığının artırılması və digər
məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Qurultayda Mətbuat Şurasının İdarə
Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunub. Şurasının
Nizamnaməsində bu məsələ ilə bağlı təklif səsə qoyularaq qəbul edilib.
Dəyişiklik nəticəsində İdarə Heyətinin tərkibi genişlənib, üzvlərin sayı 17-dən
23-ə çatıb. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5
internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.
Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və
2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də
seçilib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Azadinform” İA-nın baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü
Niyaz Niftiyev 2003-cü ildən başlayaraq, Azərbaycan jurnalistlərinin bütün
qurultaylarının iştirakçısı olduğunu diqqətə çatdırdı: "Hər bir qurultay
Azərbaycan mətbuatının daha da irəli getməsi istiqamətində həlledici qərarlar
qəbul edib. Bu günlərdə keçirilən sonuncu – VII qurultayda qəbul edilən
qərarların da Azərbaycanda söz və mətbuat azadlığının möhkəmlənməsinə xidmət
edəcəyini düşünürəm. İstər Prezident İlham Əliyevin qurultay iştirakçılarına
ünvanladığı təbrik məktubunda, istər Prezidentin köməkçisi Əli Həsənovun çıxışı
zamanı səsləndirdiyi fikirlərdə, istərsə də ayrı-ayrı jurnalistlərin irəli
sürdüyü təkliflər və sonda qəbul edilən yekun qərarda bütövlükdə medianın real
mənzərəsi, qayğıları əks olunurdu.Bildiyiniz kimi, qurultayda həm də Nizamnaməyə dəyişikliklər olundu,
İdarə Heyətində təmsil olunan üzvlərin sayı artırıldı. Bu da Mətbuat Şurasının
işinin daha geniş tərkibdə irəli aparılması üçün atılan mühüm addımlardan idi.
Şuranın İdarə Heyətinə seçilən jurnalistlərin və ictimaiyyət nümayəndələrinin
tərkibində hər qurultayda dəyişikliklər olunur. Bu da onu göstərir ki, şuranın
fəaliyyətinə hər dəfə yeni simalar öz töhfələrini vermiş olurlar. Yeni seçilən
üzvlərdən biri də mən oldum. Bu etimada görə bütün qurultay iştirakçılarına
təşəkkür edirəm. Düşünürəm ki, həmkarlarımın seçimi heç də təsadüfü deyildi.
Tanıyanlar bilir ki, 20 ildən çoxdur ki, fasiləsiz olaraq jurnalistika ilə
məşğulam, iki iri həcmli araşdırmanın müəllifiyəm, onlardan biri də məhz son
yüz ildə Azərbaycan mətbuatı tarixində multikulturalizm ənənələrinin
öyrənilməsinə həsr olunub”.
N.Niftiyev əlavə etdi ki, Azərbaycan Mətbuat Şurası fəaliyyət
göstərdiyi ötən 15 il müddətində jurnalistlərlə dövlət qurumları və ictimaiyyət
arasında bir körpü rolunu oynayıb: "Şura sədrinin qurultaydakı hesabat
çıxışında quruma daxil olan müraciətlərlə bağlı səsləndirdiyi rəqəmlər də onu
deməyə əsas verir ki, həm jurnalistlər, həm dövlət qurumları, həm də
ictimaiyyət Mətbuat Şurasına etibar edir, onun qəbul etdiyi qərarlara hörmətlə
yanaşır. Biz də İdarə Heyətinə yeni seçilmiş üzvlər olaraq Şuranın bundan sonrakı
fəaliyyətinin daha da irəli aparılmasına öz töhfəmizi verəcəyik”.
"Xalq Cəbhəsi” qəzetinin
baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli bildirdi ki,
Azərbaycan Jurnalistlərinin VII Qurultayı kifayət qədər yüksək səviyyədə keçib
və mediamızın faktiki olaraq bütün spektrini əhatə edib: "Çoxsaylı təkliflər
irəli sürüldü və bunların da böyük əksəriyyəti qurultayın qətnaməsində yer
aldı. Bu sənəddə onlayn medianın maliyyələşdirilməsi, kütləvi-informasiya
vasitələrinə dövlət dəstəyinin artırılması, Mətbuat Şurası haqqında qanunun
hazırlanması ilə bağlı təkliflər yer aldı. Bildiyiniz kimi, yeni İdarə Heyəti
formalaşdı və onu qeyd edim ki, bu günə qədər də orada kifayət qədər təcrübəli
insanlar təmsil olunurdular. Eyni zamanda, sonuncu qurultayda media sektorunda
uzun illərdir fəaliyyət göstərən, bu sahədə kifayət qədər təcrübəsi olan
insanlar da İdarə Heyətinə yeni üzv seçildilər. Bu baxımdan hesab edirəm ki,
qurultay önəmli bir hadisə kimi mətbuat tarixində qalacaq. Ən müxtəlif məsələlər
ətrafında müzakirələrin aparılması da onu göstərir ki, qurultay kifayət qədər
mühüm hadisələrlə, mesajlarla yadda qaldı”.
"Gündəlik Teleqraf” Media
Holdinqinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aynur Camalqızı Azərbaycan
jurnalistlərinin qurultayında ilk dəfə iştirak etdiyini bildirdi: "Əvvəlki altı
qurultayın heç birində iştirakçı, nümayəndə olmamışdım. VII qurultayla bağlı
təəssüratlarım güclüdür. Burada həmkarlarım tərəfindən müxtəlif təkliflər oldu,
maraqlı müzakirələr aparıldı. Növbəti fəaliyyət üçün düşünürəm ki, qurultayda
kifayət qədər proqram xarakterli məsələlər qaldırıldı. Mətbuat Şurasının yeni
dönəmdəki fəaliyyəti üçün hansı problemlərə diqqət ayırması, hansı məsələlərin
müzakirə mövzusu olması, ümumiyyətlə mediada hansı problemlərin öz həllini
tapması kimi məsələlər aydınlaşdı. Düşünürəm ki, bu məsələlərlə bağlı maraqlı
müzakirələr aparıldı, həmkarlarım çox gözəl təkliflərlə çıxış etdilər.
Bütövlükdə Azərbaycan mediasının inkişafı, jurnalistlərin nüfuzunun artırılması
üçün görülməsi vacib olan işlərin sadalandı. Artıq mən də Mətbuat Şurasının
İdarə Heyətində təmsil olunuram və hesab edirəm ki, yaxın gələcəkdə qeyd edilən
məsələlər diqqət mərkəzində olmalıdır.Qurultayda vurğulandığı kimi, Azərbaycan mediasında əsas problemlərdən
biri "reket jurnalistika” məsələsidir. Bu problemin aradan qaldırılması üçün
birlikdə çalışıb, optimal yollar, variantlar tapmalıyıq”.
A.Camalqızı vurğuladı ki, qurultayda jurnalistlərə vahid kartların
verilməsi məsələsi qaldırıldı: "Bu təklifi yüksək qiymətləndirirəm və düşünürəm
ki, Mətbuat Şurası məsələyə baxmalıdır. Zənnimcə, bu vasitə ilə "reket
jurnalistika”nın qarşısını tam olmasa da, böyük faizlə almaq olar. Eyni zamanda,
qurultayda Mətbuat Şurası haqqında qanunun qəbul edilməsi barədə məsələ
qaldırıldı. Hesab edirəm ki, bu da vacib və əhəmiyyətli bir məsələdir. Belə bir
qanunun qəbul edilməsi Mətbuat Şurasının növbəti illərdə daha əhatəli və
səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradacaq. Fikrimcə, bütün bu
və digər qaldırılan məsələlərin birdən həllini gözləmək mümkün deyil. Amma biz
tədricən, öz fəaliyyətimiz dövründə bu kimi məsələlərin reallaşması üçün
birlikdə çalışıb, ortaya nəticə qoya bilərik”.
Bəxtiyar MƏMMƏDLİ