• şənbə, 27 Aprel, 07:44
  • Baku Bakı 12°C

Jurnalistikamızın ləyaqətli adamı

24.11.16 17:12 1837
Jurnalistikamızın ləyaqətli adamı
«Tofiq Rüstəmovun adı Bakı Dövlət Universitetinin 70-80 və 90-cı illərinin tələbələrinin ürəklərinə və beyinlərinə həkk olunan adlardan biridir. O elə bir insan idi ki, ona öz ürək sözlərini deyə bilirdin».
«Tofiq Rüstəmov bizə doğmalar qədər əziz olub. O, gözəl insan, dəyərli alim idi».
«Tofiq Rüstəmov əsl şəxsiyyət idi. O, parlamentdə də oturarkən əqidəsini dəyişmədi. Onun fikirləri, düşüncələri ədalətdən yoğrulmuşdu»...

Tanınmış alim, jurnalist, pedaqoq və ictimai xadim Tofiq Rüstəmovun 80 illik yubileyi ərəfəsində sosial şəbəkələrdə yer alan bu fikirlərə Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən «Ahıl jurnalistlər təşkilatı»nın təşkil etdiyi xatirə gecəsində də xatirələr və ürək sözləri əlavə olundu.
«Elə insanlar var ki, haqqında nə qədər istəsən, danışmaq, yazmaq olar» - deyən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Tofiq Rüstəmovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verərərk onun təkcə jurnalistika sahəsində deyil, həmçinin ictimai xadim kimi də ləyaqət sahibi olduğunu qeyd etdi: "Tofiq Rüstəmov 1936-cı il mayın 18-də Quba şəhərində anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər beynəlmiləl orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra (Nizami təqaüdçüsü) 1958-1960-cı illərdə dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi müxbiri işləyib. Respublikada xalq maarifinin inkişafına, məktəb həyatına həsr olunmuş bir çox yazıları ümumittifaq oxucusuna çatdırıb”. T.Rüstəmov jurnalistika fəaliyyətinin 10 ilini Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində keçirib, tərcüməçilikdən informasiya verilişləri Baş redaksiyasının baş redaktoru vəzifəsinədək uzun bir yol keçib (1960-1970). Eyni zamanda, ADU-nun qiyabi aspiranturasında təhsilini davam etdirib.
Onun Azərbaycan radiosunda səslənən tərcümələri və orijinal verilişləri daim dinləyicilərin rəğbətini qazanıb: "Bu illərdə efirdə ilk addımlarını atan Azərbaycan radiosunun tarixini əks etdirən "Efirdə addımlar" və "Şaqi v efire" kitabları işıq üzü görüb. Şəxsi təşəbbüsü və axtarışları sayəsində dönə-dönə xatırlanan və ərsəyə gələn "Ulduz" radiostansiyasıının proqramlarına görə Respublika Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb”. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, ADU-nun partiya – sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, baş müəllimi işləyib. Professor T.Rüstəmov uzun illər ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi sahəsində uğurlu elmi-tədqiqat işi aparıb. Bu araşdırmaların nəticəsi kimi ayrı-ayrı illərdə jurnalistika fakültəsinin tələbələri və kütləvi informasiya vasitələri işçiləri üçün hazırladığı iki kitabı – "Ədəbi redaktənin əsasları" (Bakı, 1975) və "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" (Bakı, 1981) dərs vəsaitləri çap olunub.
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi sahəsində nüfuzlu mütəxəssis kimi tanınmış Tofiq Rüstəmov 1979-cu ildə Jurnalistika fakültəsinin dekanı seçilib, 10 ilə yaxın bu vəzifədə özünü tədris və elmi işin istedadlı təşkilatçısı kimi göstərib. 1989-1990-cı illərdə Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı olub.
1990-1995-cı illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru vəzifələrində işləyib. Tofiq Rüstəmovun ömrünün sonuna kimi jurnalistika fakultəsi ilə bağlı olduğunu qeyd edən Əflatun Amaşov onun parlamentdə də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini vurğuladı.
Tofiq Rüstəmov haqqında xatirələrini bölüşən qocaman jurnalist Məzahir Süleymanzadə müəllimini əsl şəxsiyyət adlandırdı: «Hər birimizin qəlbində Tofiq müəllimin xüsusi yeri var”.
«O, əsl pedaqoq və jurnalist kimi yaşadı və ömrünü başa vurdu» - deyən BDU-nun professoru Cahangir Məmmədli Tofiq Rüstəmovu Azərbaycan jurnalistikasının ən ləyaqətli adamlarından biri adlandırdı: «O, Azərbaycan radiosunda öz mükəmməl üslubunu yaratmışdı. Tofiq müəllim yaxşı idarəçi idi. O, uzun müddət fakültənin dekanı, kafedra müdiri oldu. Onu heç zaman əsəbləşən görmədik. Jurnalistlər onun haqqında danışanda, onun ləyaqət jurnalistikasından, etik qaydaları öyrədən jurnalistikasından danışırlar. Tofiq müəllim Azərbaycan jurnalistikasının, pedaqoqikasının brendi sayılan insan idi. Onun rəhbərliyi dövründə fakültədə heç vaxt dedi-qodu və ya narazılıq olmayıb. Tofiq müəllimin yoxluğu fakültənin indiyə qədərki itkilərinin ən ağırlarından biridir».
BDU-nun dosenti Mahmud Mahmudov: «Bəzən institutda müəllimlər və tələbələr dərsə gecikərdilərr, intizam qaydaları pozulardı. Onda Tofiq müəllim heç vaxt əsəbləşməzdi. Siqareti damağına qoyub nizamsızlığı aradan qaldırmağın yollarını düşünərdi. O, heç kimin xatirəsində xoşagəlməz hiss buraxmayıb».
Əməkdar jurnalist Aqşin Babayev Tofiq Rüstəmovun böyük vəzifələrdə işləməsinə baxmayaraq, çox sadə insan olduğunu vurğuladı: «Hər insanın ikinci həyatı olmur, ancaq Tofiq Rüstəmovun ikinci həyatı var. Yadımdadır ki, Sinan Səid onu «imam kimi adam» adlandırırdı».
Tofiq Rüstəmovun tələbəsi olan İlqar Əhmədov müəllimini müqəddəs insan kimi xatırladı: «Tələbələr ona sirrini deyə bilirdi. O, tələbəsi ilə də utana-utana danışırdı. Bizim müəllim sarıdan bəxtimiz gətirmişdi”.
Tədbirdə çıxış edən jurnalistlər, müəllimlər, Tofiq Rüstəmovun tələbələri onun daxili mədəniyyətə, saf ürəyə malik insan, səriştəli redaktor, peşəkar pedaqoq olmasından söz açdılar, müəllimləri ilə bağlı xatirələrini danışdılar.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər