• şənbə, 27 Aprel, 02:31
  • Baku Bakı 14°C

“Çiynimə yük qoymaq istəyirsiniz...” - Elmar Məmmədyarov

23.05.14 08:58 1131
“Çiynimə yük qoymaq istəyirsiniz...” - Elmar Məmmədyarov
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin Bakıda keçirilən iclasında komitənin üzvü Robert Volter Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova İranla bağlı sual ünvanlayıb. APA-nın məlumatına görə, R. Volter deyib ki, İrandakı vəziyyət narahatlıq doğurur. Azərbaycanın İranla sərhəddə yerləşdiyini və orada çoxlu sayda etnik azərbaycanlının yaşadığını xatırladan R. Volter, İranda baş verən proseslərlə bağlı E. Məmmədyarovun fikirlərini soruşub.
Nazir cavabında bildirib ki, İranın nüvə proqramı barədə danışıqlar sürətlə getmir, ancaq Azərbaycan bu problemin həllini tapacağına inanır: “Azərbaycanlılar İranda böyük azlıqdır, İranda Azərbaycanın hazırkı əhalisindən üç dəfə çox azərbaycanlı yaşayır. Azərbaycan prezidentinin İrana son səfəri çox uğurlu olub”.
Parlamentarların Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandıran E. Məmmədyarov aqressiv separatizmə veriləcək cavabların müzakirə olunmalı olduğunu söyləyib: “Öz müqəddəratını təyin etmək o demək deyil ki, dövlətin ərazi bütövlüyünü pozasınız. Çünki bu, sonsuzluğa gedən məsələdir. Nazirlər Komitəsinin sədri kimi bu məsələyə belə münasibət bildirərdim”.
E. Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər edən şəxslərin “persona non-qrata” elan edildiyini bir daha xatırladıb: “Həmin şəxslər sonradan Azərbaycana müraciət etdikdə, o siyahıdan çıxarıla bilər”.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlara da toxunan xarici işlər nazirinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı sualları cavablandıran E. Məmmədyarov deyib ki, hüquqi prosedura müdaxilə edə bilməz, bu, qanun pozuntusu olar. Xarici işlər naziri vurğulayıb ki, bu sahədə prosesləri izləyəcək, ancaq müdaxilə edə bilməz: “Siz bu suallarınızla çiynimə yük qoymaq istəyirsiniz, ancaq mən bir daha deyirəm ki, məhkəmə prosesinə qarışa bilmərəm”.
banner

Oxşar Xəbərlər