• cümə, 26 Aprel, 14:53
  • Baku Bakı 23°C

İvanişvili siyasətdən gedəcəyi tarixi açıqladı

29.10.13 16:00 1454
İvanişvili siyasətdən gedəcəyi tarixi açıqladı
Gürcüstanda hakimiyyəti tam şəkildə ələ alan baş naziri Bidzina İvanişvili istefa barədə qərarını nə vaxt elan edəcəyini bəyan edib. Baş nazir bildirib ki, bu barədə qərarını noyabrın 24-də elan edəcək: “Həmin gün mən iclas keçirəcəyəm və orada partiyanı və siyasi tər edəcəyimi bəyan edəcəyəm. Həmin müddətə qədər isə siyasətdə qalıb, Tbilisi merliyinə namizədi müəyyən edəcəyəm”.
Bidzina İvanişvili onu baş nazir vəzifəsində kim əvəz edəcəyi barədə noyabrın 2-də açıqlama verəcəyini bildirib. O deyib ki, cümə günü “Gürcü Arzusu”nun Siyasi Şurası bu məsələni müzakirə edəcək və baş nazir postuna namizəd müəyyənləşdiriləcək: “Şənbə günü isə parlament çoxluğu ilə görüş keçiriləcək və bundan sonra baş nazir vəzifəsinə namizəd cəmiyyətə təqdim olunacaq”. Seçkilərin yekun nəticələri elan edildikdən sonra Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili isə populist açıqlamalarla çıxış edib. Prezident iqamətgahında oturmayacağını bəyan edərək, noyabrın 17-də keçiriləcək andiçmə mərasiminin təmtəraqlı olmayacağını deyib. “Mən iqamətgaha köçməyə hazırlaşmıram. Qənaətim belədir ki, bu bina xalqa qaytarılmalıdır. Axı o, məhz xalqın puluna tikilib. Tezliklə binanın taleyi məlum olacaq” - deyə o bildirib. “Gürcüstanda siyasi təqiblər olmayacaq”- deyə yeni prezident İvanişvil ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Sabiq prezident Mixail Saakaşvilinin təqib edilib-edilməyəcəyi barədə sualını cavablandıran G.Marqvelaşvili deyib ki, prezident prokuror səlahiyyətlərinə malik deyil: “Siyasi və mənəvi təqibin olmayacağının qarantı mənəm. Lakin cinayətə görə təqib mənim səlahiyyətlərim xaricində olan mövzudur. ABŞ, Avropa dövlətləri hüquqi əsaslarla qurulub və bizim dövlətin təməli də belədir”. Margvelaşvili şəxsi həyatı ilə bağlı sualı da cavablandırıb. Və bir xanımla ciddi münasibətlərinin olduğunu və bu gün nəyisə dəyişmək niyyətində olmadığını bildirib.
Noyabr ayında səlahiyyət müddəti başa çatan Gürcüstan prezidenti Mixail Saakaşvili isə artıq ölkəni tərk edib. Mixail Saakaşvili Tiflis meri Qiqi Uqulava ilə birlikdə ölkəni tərk edib. Bu xəbəri “Maestro” telekanalı yayıb. Dövlət başçısı əhaliyə televiziya ilə rəsmi müraciətindən sonra aeroporta yollanıb. Onu orada paytaxt meri qarşılayıb. Prezident administrasiyasından bildiriblər ki, Saakaşvili Avropaya səfərə yollanıb. Bununla bağlı rəsmi məlumat sabah yayılacaq. “Georgia Online” saytına isə adı açıqlanmayan mənbələrdən məlum olub ki, Tiflis meri Strasburqa rəsmi səfərə gedib. Prezident isə Avropa ölkələrinin birinə qeyri-rəsmi səfərə yollanıb. Saakaşvili iki gündən sonra vətəninə qayıdacaq.
Seçkilərə ən müxtəlif formada yanaşmalar var. Məsələn, Gürcüstan baş nazirinin milli azlıqlar üzrə məsləhətçisi Savalan Mirzəyev Gürcüstanda müxalifətlə iqtidar arasında stabil, normal siyasi tərəfdaşlığın hökm sürdüyünü deyir: “Məhz elə bu seçkilərin demokratik keçməsinin təsdiqi müxalifət namizədi olan David Bakradzenin Georgia Margelaşvilini təbrik etməsi oldu”. Mirzəyevin sözlərinə görə bu, göstərir ki, siyasi proseslər artıq küçələrdə deyil, dinc və demokratik qaydada seçki qutularında həll olunur: “Mən əminəm ki, Gürcüstanda azərbaycanlı icması öz yerini tuta bilib. Onlar gürcü ictimaiyyətinə özlərinin Gürcüstanın ayrılmaz hissəsi olduğunu göstərə biliblər” Mirzəyev əlavə edir ki, Gürcüstanın 19 nazirliyindən 11-də azərbaycanlılar təmsil olunur.
Öz növbəsində millət vəkili Sahib Alıyev özünün “Fasebook” səhifəsində seçkini belə dəyərləndirir ki, bu, seçki deyildi, sadəcə səsvermə idi: “Ona görə sadəcə səsvermə idi ki, seçkiyə qatılanların 80 faizindən çoxu liderlər arasında seçim etmək üçün ora getməmişdilər. Onlar əslində prezidentin kimliyini deyil, Gürcüstanda kimin söz yiyəsi olduğunu müəyyənləşdirirdilər. Başqa cür desək, onlar adı seçki bülletenində olana yox, onun arxasında duran liderə səs verirdi”. Sahib Alıyevə görə nə Marqvelaşvilinin topladığı 61,2 fazi səs onunku sayıla bilər, nə də ikinci yerdə gələn David Bakradzeyə verilən 21,75 faiz səs özününküdür: “Bir sıra ölkələrdəki kimi hələ partiya quruculuğunun tam oturuşmadığı Gürcüstanda Marqvelaşviliylə Bakradze təmsil etdikləri siyasi təşkilatda daha harizmatik, daha bacarıqlı və liderlik keyfiyyətləri daha yüksək olmaları səbəbindən yox, baş nazirlə prezident belə istədikləri üçün namizədlikləri irəli sürülmüşdülər. Ona görə də onların topladıqları səslər nə ideyaya, nə proqrama, nə təmsil etdikləri partiyalara, az öncə vurğuladığımız kimi, nə də özlərinə deyil, baş nazir Bidzina İvanişvili və artıq eks-prezident sayılan Mixeyil Saakaşviliyə verilən səslərdir. Bəlkə elə həm buna görə, həm də artıq Gürcüstanda prezidenitlik bir nömrəli post sayılmadığından, orada seçici fəallığı cəmisi 46,6 faiz oldu”.
Millət vəkilinə görə, Gürcüstanda yaranmış durumun qəribəlikləri təkcə bununla bitmir: “Bəlli olduğu kimi, indi qonşu ölkədə bir nömrəli post sayılan baş nazir vəzifəsində də İvanişvili özü əyləşmək istəmir. Orada da öz adamını oturdacaq. Belə də, açığı, göz önünə ölkədən daha çox, alçaldıcı çıxmaması üçün şirkət deməyək, kartel gəlir. Bu kartelin yiyəsi isə heç şübhəsiz ki, cənab İvanişvilidir. Soruşula bilər ki, onda seçki nə üçündür? Belədə qərbdəki seçki texnologiyasının necə hazırlandığı və nəyə xidmət etdiyi haqda bir sıra faktlar açıqlayaraq sizin xeyli vaxtınızı alacaqdım, ona görə də cavabım ancaq bu olacaq: ritorik sualdır”. “Gürcü arzusu» prezident kürsüsünə da sahibləndi. Beləliklə, indi bir sual hamını düşündürür: Gürcüstanın yeni prezidenti sələfi Saakaşvilinin demokratiya qılıncından bərk yapışacaq, yoxsa ölkə Şevardnadze dönəminə qayıdacaq? Bu sualın cavabına isə çox güman yaxın vaxtlarda cavab tapmaq mümkün olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər