• cümə, 26 Aprel, 22:47
  • Baku Bakı 22°C

İvanişvili Saakaşviliyə cavab zərbəsi endirdi

18.10.18 18:35 511
İvanişvili Saakaşviliyə cavab zərbəsi endirdi
Gürcüstanda oktyabrın 28-də keçiriləcək seçkilər ərəfəsində şok olaylar yaşanır. Müxalifətin hakimiyyəti ifşa edəcək kompromatlarının ardınca, bu dəfə qarşı tərəf də əks-arqumentlərlə çıxış edib. Baş Prokurorluq 10 il bundan əvvəl müəmmalı şəkildə vəfat edən biznesmen Badri Patarkaçişvilinin işi üzrə sensasion sayıla biləcək faktları açıqlayıb. Məlumatda bildirilir ki, bir vaxtlar prezidentliyə namizəd Badri Patarkaçişvilinin qətlinin üstü açılıb və bəlli olub ki, onun öldürülməsinin sifarişi birbaşa Mixail Saakaşvilidən gəlib. Baş prokurorluğun məlumatından aydın olur ki, Patarkaçişvilinin işi üzrə güc strukturlarının üç keçmiş əməkdaşı həbs olunub. Axtarış zamanı onların evindən Daxili İşlər Nazirliyində qeydiyyatda olan səsyazma qurğuları, qəsdin əvvəldən planlaşdırıldığını sübut edən auduo yazı aşkarlanıb. Lent yazısından bəlli olur ki, qəsdçilər əvvəlcə Patarkaçişvilinin mühafizəçilərindən birini ələ almaq təklifini səsləndirirlər. Eyni zamanda ən müxtəlif qəsd planlarını səsləndirirlər – qapının dəstəyini zəhərli vasitə ilə sürtmək, yataq otağına qaz buraxmaq, yeməyə zəhər qatmaq, ayaqqabını zəhərləmək və s. Milyarderin mühafizəçisini öz tərəfinə çəkmək üçün isə onun oğlunun girov götürülməsi, ya da iri məbləğdə pul verilməsi təklifi səslənir. İkinci auduo yazıda isə DİN əməkdaşı Georgi Dqebuadzenin artıq milyarder Patarkaçişvilinin ələ alınan mühafizəçisi ilə səs yazısından bəhs edilir. DİN rəsmisi bildirir ki, biznesmenin qətli barədə tapşırıq birbaşa Saakaşvilidən gəlib. Prokurorluğun məlumatından o da bəlli olur ki, Patarkaçişvilini aradan götürmək tapşırığının icrasını DİN-in Konstitusiya Təhlükəsizliyi Departamentinə tapşırıblar. Saxlanılanlardan biri də təsdiq edib ki, biznesmenə qarşı əməliyyat şəxsən Saakaşvili tərəfindən hazırlanıb və reallaşdırılıb. Ona nəzarət isə departamentin rəhbəri Data Axalayaya tapşırılıb. Bu şəxs sabiq müdafiə naziri, hazırda barəsində uzunmüddətli həbs qərarı olan Baço Axalayayanın qardaşıdır. Data Axalaya barəsində qiyabi həbs qərarı çıxarılıb.
Məlumat üçün bildirək ki, Patarkaçişvili 2008-ci il fevralında - Gürcüstanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra vəfat edib. O zaman biznesmen 7 faiz səs toplamaqla üçüncü olmuşdu. Londonda öldürüldüyü iddia edilən biznesmen Gürcüstanda özünün ifadə etdiyi kimi "faşist diktaturası”nın devrilməsi üçün sonuncu qəpiyini də xərcləməyə hazır olduğunu bildirmişdi. Rəsmi versiyaya görə, biznesmen ürək tutmasından vəfat etmişdi. Britaniyalı kriminalistlərin təhqiqatları rəsmi versiyanı təkzib etməmişdi. Lakin qəfil ürəktutma versiyası ortaya çoxsaylı sualların çıxmasına səbəb olmuşdu.
Baş prokurorluğun bəyanatını prezident seçkiləri kampaniyasında növbəti qalmaqallı kompromat savaşı kimi dəyərləndirmək olar. İndiyə qədər müxalifət də bir neçə sensasion sayıla biləcək audoyazılar dərc edib. Lakin maraqlıdır ki, zərbələr konkret prezidentliyə namizədlərə qarşı deyil, onların namizədliyini irəli sürən partiyalara endirilir. Bəlli olduğu kimi, seçkilərdə əsas namizədlər eks-iqtidar partiyasından namizəd olan sabiq xarici işlər naziri Qriqol Vaşadze və hakim "Gürcü Arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvilidir. Onlar qalıblar bir kənarda, namizədliklərini irəli sürən "Gürcü Arzusu” və "Vahid Milli Hərəkat” hədəf seçilib.
Yeri gəlmişkən, bu günlərdə sabiq prokurorluq işçisi Mirzə Subelianinin açıqlanan audioyazısından bəlli olur ki, onun adamları qanunsuz şəkildə sabiq DİN rəhbəri Vano Merabişvilini dindirilməyə aparıb. Bu səbəbdən də "Vahid Milli Hərəkat” öz liderlərinin dərhal azadlığa buraxılmasını tələb edib. İddia edilir ki, Merabişvilinin səhhətində problem və hər an ölə bilmək təhlükəsi yaşayır.
Baş Prokurorluğun yaydığı bəyanat keçmiş hakimiyyət partiyası - "Vahid Milli Hərəkat”ın və onun xaricdəki tərəfdaşlarının sabiq baş nazir, DİN-in keçmiş rəhbəri, Saakaşvilinin əsas dayaqlarından biri hesab olunan Vano Merabişvilinin dərhal azad olunması barədə tələbinə bir növ cavab kimi dəyərləndirilir. Partiyanın çağırışını onun xaricdəki tərəfdaşları da dəstəkləyib. Dünən onun vəkili Strasburq Məhkəməsinin çıxardığı qərarı hakimiyyətə təqdim edib. Həmin qərar faktiki olaraq Merabişvilini siyasi məhbus sayır.
O ki qaldı sabiq prezident Saakaşviliyə, ona qarşı hər hansı bir ittiham irəli sürülməyib. Saakaşvilinin tərəfdarlarından biri isə ironiya ilə gürcü prokurorluğunu ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsində də Saakaşvilinin əlinin olduğunu araşdırmağa çağırıb. 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili isə iddiaları özünün Facebook səhifəsində rədd edib. O yazıb ki, "Gürcü Arzusu” Partiyası bu ittihamlarla oktyabrın 28-də keçiriləcək prezident seçkisi ərəfəsində müxalif "Vahid Milli Hərəkat”ı gözdən salmaq məqsədi güdür. Hazırda Hollandiyada yaşayan Saakaşvili ötən ilin iyununda Tbilisi Məhkəməsində qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin məhkəmənin hökmündə deyilir ki, Saakaşvili 2005-ci ildə millət vəkili Valeri Gelaşvilinin döyülməsi ilə bağlı səlahiyyətlərindən sui-istifadə edib. Ötən yanvarda Saakaşvili təkrar olaraq bu işi ört-basdır etməkdə ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili bütün bu ittihamları rədd edərək, onları "siyasi motivli” adlandırıb.

Azər

banner

Oxşar Xəbərlər