• cümə, 29 Mart, 05:08
  • Baku Bakı 7°C

“İstəyirik ki, Azərbaycan xalçasının bütün növləri yerli yundan hazırlanmış iplərdən toxunsun”

02.06.20 19:35 2128
“İstəyirik ki, Azərbaycan xalçasının bütün növləri yerli yundan  hazırlanmış iplərdən toxunsun”
Vidadi Muradov: "Dünyada xalça istehsal edən ölkələrdə belə böyük həcmli fabrik yoxdur”

Azərbaycan xalçasının yerli xammal əsasında toxunması, təkcə xalçaçılıqda mühüm hadisəyə çevrilməyəcək, həmçinin ölkə iqtisadiyyatına töhfə verəcək. Bunun üçün ölkəmizdə təbii və təsərrüfat imkanları mövcuddur. Elə bu ilin sonlarında istifadəyə veriləcək istehsal müəssisəsi bu istiqamətdə qarşıya qoyulan məqsədlərin həyata keçməsini reallaşdıracaq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq” sektorunun əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri tədqiqat işləri isə xalçaçılıq üçün yararlı olan yun növlərinin müəyyənləşdirilməsi ilə bağlı əhəmiyyətli məqamları ortaya çıxarıb. Ölkə başçısının "Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək” - fikirləri isə bu sahədə işlərin birdəfəlik canlanmasına yol açıb. "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq” sektorunun müdiri, professor Vidadi Muradovla bu məsələ ətrafında söhbətləşdik.

- Vidadi müəllim, xalçaçılıq üçün yararlı olan yun növlərinin müəyyənləşdirilməsi ilə bağlı tədqiqatlara nə vaxtdan başlayıbsınız?
- Artıq 2 ildir ki, bu tədqiqatlara start vermişik. «Azərxalça»nın 5 rayonda regional yun tədarük məntəqələri fəaliyyət göstərir. İl ərzində 1500 ton kirli yun toplamalıyıq. Həmin yunlardan Sumqayıt Kimya Sənaye Parkında yerləşən Yunəyirici-Boyaq Fabrikində xalça iplikləri hazırlamaq üçün istifadə olunur. Bunun üçün biz Azərbaycanın bütün rayonlarında olan qoyunçuluq təsərrüfatlarında ümumi vəziyyəti öyrənir, hansının yararlı və ya yararsız olduğunu müəyyənləşdiririk. Respublikamızın digər bölgələrində də qoyunçuluq təsərrüfatlarının yun xammalı imkanları tədqiq ediləcək. Rayonlara səfərlərimiz zamanı əhalinin əsas təsərrüfat sahəsi kimi qoyunçuluqla məşğul olduğunu, burada toxunan xalça və xalça məmulatlarının xammalının da yerli yundan hazırlandığını müşahidə etdik. Həmçinin ənənəvi xalq üsulu ilə yundan ipliyin hazırlanması və boyanması prosesinin şahidi olduq. Artıq 2 ildir ki, biz yun qəbul edirik. Bu il isə Yunəyirici-Boyaq Fabrikin işə düşməsini planlaşdırırdıq. Ancaq pandemiya dövründə avadanlığı quraşdıran xarici mütəxəssislər ölkələrinə getməli oldular. Biz isə yun tədarükünü davam etdiririk. Qeyd edim ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda xalçaçılıq sektoru fəaliyyət göstərir. Biz bu məsələləri institutda da araşdırırıq. Eyni zamanda, «Azərxalça»nın ehtiyacını ödəmək, xarici xammaldan asılı olmamasını təmin etmək üçün bu istiqamətdə tədqiqatlar həyata keçiririk. Məqsədimiz odur ki, Azərbaycan xalçası ölkəmizdə olan yunla toxunsun. Xalçaçılıq sektoru da, «Azərxalça» da bu istiqamətdə eyni məqsədi həyata keçirir.
- Ölkəmizdə yun tədarük məntəqələri, əsasən hansı bölgələrdə yerləşir?
- Azərbaycanda yun tədarük məntəqələrindən biri Naxçıvanda, digərləri Sabirabad, Qobustan, Bərdə və Şabranda yerləşir. Bunlar da respublikamızda olan qoyunçuluq təsərrüfatlarından və şəxsi insanlardan yunların yararlı olan hissələrini tədarük edirlər. Biz fabrikdə bu yunlardan istifadə edəcəyik. Fermerlər Azərbaycanda yetişdirilən və sovetlər dövründən qalan qoyun cinslərinə yaxşı baxmalı, baytarlıq haqqında qayda-qanunlara olduğu kimi riayət etməlidirlər ki, sağlam qoyun yetişdirsinlər. Çünki sağlam qoyunun sağlam yunu olar. Biz bu istiqamətdə, həmçinin maarifləndirmə işləri aparırıq. Rayonlarda olarkən fermerlərlə söhbət edirik və istəyirik ki, yaxşı yun əldə edək. Onlarla artıq iki ilə yaxındır ki, işləyirik və vəziyyət get-gedə yaxşılığa doğru gedir.
- Keçən il Türkmənistanda sərgidə iştirak edərkən, türkmənlərin öz yerli xammallarından istehsal etdikləri xalçaları gördüm. Bizdə necə, bu ənənə əvvəldən olubmu, yoxsa həmişə xaricdən xammal idxal etmişik?
- 1927-ci ildə «Azərxalça» yaranıb. O vaxta qədər və ondan sonra da Moskvadan boyanmış iplik gətirirdilər. 20-30 il bundan əvvəl «Azərxalça» o yunları Yeni Zelandiyadan gətirməyə başladı. Təmiz yunları burda özləri ipə çevirirdilər. Ancaq onlar Azərbaycan yunları deyildi. İndi ölkə başçısının tapşırığına əsasən Sumqayıtda qurulan fabrik «Azərxalça»nın fəaliyyət göstərən 21-dən çox filialını təmin etməyə imkan verir. O cümlədən, ölkədə fiziki şəxsləri - evlərdə xalça toxuyanları təmin etməyə şərait yaradır. Bu, həm ucuz başa gəlir, həm də keyfiyyətli olur. Bu gün dünya muzeylərində nümayiş etdirilən Azərbaycan xalçaları vaxtilə ölkəmizdəki qoyunların yunundan toxunan xalçalardır. Hər yerin öz xalçası yerli xammaldan olanda, daha keyfiyyətli və uzunömürlü olması ilə seçilir və rənggötürmə qabiliyyəti yaxşı olur. Azərbaycan xalçasını dünyada məşhurlaşdıran da elə onun yerli qoyun cinslərinin yunundan hazırlanan və təbii boyaqlarla boyanan ipliklərdən toxunmasıdır. Bu baxımdan, Azərbaycan yununun misilsiz qiyməti var. Həmin fabrik fəaliyyətə başlayandan sonra biz bu məqsədimizə nail olacağıq. İndiyə qədər 350 tona yaxın yun toplamışıq və bu proses davam edir. Pandemiya dövrü bitəndən sonra bizə təxminən 15 iş həftəsi lazımdır ki, fabrik işə düşsün. Fabrik İtaliya, Fransa, Almaniya, Çin, Yeni Zelandiyadan alınan avadanlıqlarla təchiz olunub. Demək olar ki, işin 70 faizi hazırdır. Mütəxəssislər pandemiyadan sonra geri dönəcəklər və iş başa çatacaq. Biz bununla idxaldan tam azad oluruq. Xalçaya aid hansı xammal lazımdırsa, hamısı ölkəmizdə var. Bundan sonra biz yunu qəbul edəcəyik. Əsas odur ki, xalça toxunması üçün hansı bölgədə keyfiyyətli yunun olması ilə bağlı məlumatlar toplamışıq. Digər tərəfdən də, fermerlərə maarifləndirici məsləhətlər veririk. Fermeri maraqlandıran ətdir, yun deyil. Onlar əti satırlar, bizə isə diri qoyundan qırxılan yun lazımdır. Qoyunları kəsəndə, onun üstündəki yun xalçaçılığa yaramır.

- Hazırda iplik üçün hansı yunlardan istifadə olunur?
- Biz hal-hazırda ipləri İrandan alırıq. Sahibkarlar İrandan iplər gətirir və Bakıda bir neçə yerdə satırlar. «Azərxalça» da hazırda İrandan ip alır. Üstəlik, xaricdən hazır xalçalar da gətirilir. Ancaq onların hansı iplərdən toxunduğunu bilmirəm. Biz istəyirik ki, Azərbaycan xalçasının bütün növləri yerli yun ilə hazırlanmış iplərdən toxunsun. Fabrik tam fəaliyyətə başlayandan sonra öz yunumuzdan istifadə edəcək, xalçalarımızı da onunla toxuyacağıq. Bu, dünyada analoqu olmayan bir fabrikdir. Dünyada xalça istehsal edən ölkələrdə belə böyük həcmli fabrik yoxdur.
- Yerli xammaldan toxunan xalçaların sağlamlıq baxımından əhəmiyyəti də danılmazdır...
- Təbii ki, təmiz yundan hazırlanan xalçalar ekoloji baxımdan təmiz məhsuldur. Digər tərəfdən, təmiz yundan hazırlanan məhsullar bahalı olur. Bu yunlar da bizdə yuyulacaq, sertifikatları olacaq, dünya standartlarına cavab verəcək. Həmçinin bu yunlar, dediyim kimi, iplik şəklində satılacaq ki, hər hansı bir şirkət alarkən, bunun ekoloji baxımdan əhəmiyyətini hiss edəcək. Bunun insan sağlamlığı üçün böyük xeyri var. Bir var sintetikdən istifadə oluna, bir də var, təmiz yundan – bunlar tam fərqli şeylərdir.
- Sizcə, öz yunumuzla istehsal olunan xalçaların iqtisadiyyatımıza töhfəsi nə olacaq?
- İlk növbədə xammal yerli olandan sonra xaricdən alınan məhsullarla müqayisədə xalça ucuz başa gələcək. Azərbaycanda sahibkarlıqla məşğul olan insanlar da bu xammalı ucuz alacaqlar. Xalçanın maya dəyəri aşağı düşəcək. Biz hazır ipləri, həmçinin xaricə satacağıq, dövlətə valyuta gələcək. Həmçinin tekstil üçün müxtəlif ölçülü boyanmış və boyanmamış ipliklər də xaricə ixrac edəcəyik. Bütün bunların Azərbaycan iqtisadiyyatına müsbət təsiri olacaq. Xalçaçılıq çox gəlirli bir sahədir. Kirli yun satmaq istehsalı başqa, yundan hazırlanan müxtəlif ölçülü rəngli iplər başqadır. Bunların artıq hamısı öz ölkəmizdə olacaq. Artıq regional yun tədarük məntəqələri fəaliyyət göstərir, biz yun qəbulunu davam etdiririk. Ümid edirəm ki, ilin sonuna qədər İpəyirici Fabrik fəaliyyətə başlayacaq.

Söhbətləşdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər