AZE | RUS | ENG |


“İstədiyim hər şeyi edirəm, fiziki məhdudiyyət əngəl deyil” - Örnək

“İstədiyim hər şeyi edirəm, fiziki məhdudiyyət əngəl deyil” - Örnək
İdmançı, rəqqasə, hüquqşünas Vüsalə Kərimova deyir ki, öz nümunələri ilə əlilliyi olan şəxsləri evdən çıxıb cəmiyyətə inteqrasiya etməyə həvəsləndirir

İnsanda fiziki məhdudiyyətin olması nə dünyanın sonu deməkdir, nə də hansısa məqsədə əngəl... Bu, sözdə olan fikir yox, reallıqda müşahidə olunan, kifayət qədər nümunələrlə sübut edilə biləcək bir faktdır. Düzdür, əvvəllər bizdə fiziki məhdudiyyəti olan insanlar daha çox ev şəraitində qalmağa üstünlük verirdilər, cəmiyyətə çıxmırdılar. Amma hazırda sosial cəhətdən aktiv insanların içərisində bu cür şəxsləri də görürük. Onlardan biri də idman rəqsi üzrə paralimpiyaçı, "Asan” Xidmət Mərkəzinin əməkdaşı, "Əlil İdmançılara Dəstək İctimai Birliyi”nin katibi, Moskva Dövlət Humanitar İqtisad Universitetinin Hüquq fakültəsinin tələbəsi Vüsalə Kərimovadır. Fiziki məhdudiyyətinin ona arzu və istəklərini yerinə yetirməyə mane olmadığını deyən Vüsalə xanım yeni başladığımız "Örnək” rubrikamızın ilk qonağıdır.
 
 
 
 - İnsan doğularkən hər hansı fiziki məhdudiyyəti olarsa, zamanla buna alışır, o cür yaşamağı öyrənir. Amma sonradan hansısa bu cür məhdudiyyət yaranarsa, ona alışmaq heç də asan olmur. Sizdə də problem məhz sonradan yaranıb. Bəs bunun öhdəsindən necə gəldiniz?
- Bəli, 15 yaşımda onurğa sütunumdan aldığım zədə nəticəsində əlil arabası istifadəçisi oldum. Biz öz aramızda buna "ikinci həyat” deyirik. İkinci həyatı yaşamaq çox çətindir. Uyğunlaşmanın az müddət aldığını demək olmaz. Məndə 7-8 il vaxt apardı. Düzdür, həmişə pozitiv olmağa çalışmışam, amma öyrəşmək, cəmiyyətə inteqrasiya etmək zaman alır. Zədəni alan kimi arabaya oturub cəmiyyətə çıxmaq deyə bir şey yoxdur. Zədə alandan ilyarım sonra arabaya oturmuşam. Çünki anam icazə vermirdi. Uyğunlaşma dövrünü keçəndən sonra hər şey sanki daha rahat olur. Müalicə üçün Krımın Saki şəhərinə getmişdim. Orada ilk dəfə xeyli əlil arabası istifadəçisi gördüm və şoka düşmüşdüm ki, bu qədər əlil arabası istifadəçisi ola bilər? Yavaş-yavaş öyrəşdim, həmin insanlarla ünsiyyət qurdum, gördüm ki, heç də yeriyən insanlardan nə xarakter, nə də fiziki cəhətdən geri qalmırlar, hətta bəzən onlardan daha çox iş görürlər. Ölkəmizə qayıdandan sonra mən də artıq cəmiyyətə inteqrasiya etməyə qərar verdim. Əvvəllər məlumatım olmadığı üçün bir az qapalı vəziyyətdə qalmışdım. Onları görəndən sonra dedim ki, aktiv olmaq lazımdır. Çünki mənim təbiətim aktivdir.
 
 

- Yəni motivasiya bu oldu?
- Bir neçə ölkəyə getdim, əlilliyi olan insanların aktiv olduğunu görəndə bizim əlillərin bu cəhətdən çox geridə olduğunu hiss etdim. Mənim bir dostum var - Kamal Məmmədov. Hazırda Azərbaycan Milli Paralimpiya Komitəsində çalışır. Zədə aldıqdan sonra qısa zamanda aktiv həyata qayıtdı. Öz aktivliyi ilə o, bir çox əlilliyi olan şəxslərə motivasiya verib, eləcə də mənim də cəmiyyətə inteqrasiya olunmamda onun köməyi olub. Bir çox amillərin rolu oldu və mən bunu etdim.
 
 
 
- Qeyd etdiniz ki, ananız əlil arabasına oturmağınıza icazə vermirdi. O, bunu qəbul edə bilmirdi?
- Bəli, düşünürdü ki, əlil arabasına otursam, orada da yapışıb qalacam. Amm mən özüm anamı təkidlə yola gətirdim. Hətta ondan xəbərsiz əlil arabasını əldə etdim. Bunun mənim üçün vacib olduğunu düşünürdüm. Çünki nə qədər köməklə hərəkət edə bilərdim axı? İlyarım doğmalarımın köməyi ilə hərəkət etdim, amma cəmiyyətə çıxmaq, sosial sferada aktiv olmaq üçün bunu etməliydim. Əlil arabasının təkərləri mənim ayaq funksiyamı yerinə yetirir, getmək istədiyim yerə məni aparmağa kömək edir. Tam olmasa da, əşya kimi ayaqlarımın funksiyasını yerinə yetirir.
 
 

- Həmin ilyarım müddətində bu gün cəmiyyətdə aktiv olmayan əlillərin bir qismində mövcud olan pessimist ruh sizdə oldumu? "Bundan sonra mən nə edə bilərəm axı?” kimi düşünürdünüzmü?
- Bəli oldu, amma çox olduğunu desəm, yalan danışaram. Sadəcə yönünü, aktiv həyata necə başlayacağımı bilmirdim. Mən 2004-cü ildə zədə almışdım. O vaxt Azərbaycanda əlilliyi olan insanlar çox qapalı idilər. Cəmiyyətə çıxan tək-tük əlilliyi olan insan varıydı. İndi haradasa cəmiyyətə inteqrasiya edənləri görmək olur. 13 keçib. O vaxt indiki kimi deyildi, əlil arabasında kimisə görəndə, dilənçi olduqlarını, ya da nəsə istəyəcəklərini düşünürdülər. Amma indi əlillərin cəmiyyətə inteqrasiyasını görürük. Düzdür, Avropadakı qədər deyil, amma aktivləşmə var. O vaxt hara müraciət etməli olduğumu, idmanla necə məşğul olacağımı bilmirdim. Orta məktəbi təzə bitirmişdim, heç nədən başım çıxmırdı, ailəm də məlumatlı deyildi. O vaxt internetdən də az istifadə olunurdu. Ordan-burdan eşitdiyimiz məlumatlara əsasən nəsə edə bilirdik. Ona görə məndə uyğunlaşma çox vaxt apardı. İndiki dövrdə zədə alsaydım, aktivliyim daha rahat olardı.
 
 

- İnsanın özünün güclü olması ilə yanaşı, ətrafın reaksiyası da önəmlidir. Bəzən onların da fikrini dəyişmək lazım gəlir. Nələri dəyişməyə ehtiyac oldu?
- İlk olaraq ailəm, ətrafımdakı insanlar, qohumlarımın fikrindən başladıq. Bizim nəsildə indiyə qədər əlil şəxs olmayıb. İlk öncə onların gözləri öyrəşdi, qəbul etdilər. Sonra yavaş-yavaş şəhərə çıxmağa başladım. Çünki cəmiyyətdəki insanların da gözünü öyrəşdirmək lazım idi. Nə qədər çox görsələr, o qədər tez buna öyrəşirlər. Həm də biz cəmiyyətə çıxdıqca, şəhərdə, obyektlərdə əlil arabaları ilə hərəkət edən şəxslər üçün infrastruktur da düzəlir. Çünki biz getdiyimiz yerlərdə - idarələrdə, inzibati binalarda əlillər üçün şərait olmadığını görən müəssisə rəhbərləri bizim ora tez-tez getdiyimizi görəndə, artıq şərait yaratmağa çalışırlar. Düzdür, hər yerdə belə olmur, amma qarşılaşdığım belə insanlar çox olub. Birinci dəfə gedəndə, əlil arabası üçün heç bir şərait olmasa da, bu problemi hiss ediblər, növbəti gedişimdə artıq orada şərait yaradıldığını görmüşəm. Cəmiyyətdə olmağımızın müsbət tərəfləri çoxdur. Həm də gözləri öyrəşdikcə, bizi özləri kimi qəbul edirlər.
 
 

- Sosial cəhətdən aktiv insansınız, öz işiniz, məşğuliyyətləriniz var. Bəs sizə görə çətin olan nədir?
- Bəzən əlilliyi olan dostlarıma deyirəm ki, neynirsiz gəzməyi, gül kimi oturmuşuq da yerimizdə (gülür). Gəzməyin həsrətini bir o qədər də çəkmirəm. İstədiyim hər şeyi edirəm, fiziki məhdudiyyət əngəl deyil. Gəzə bilmədiyim, bilirsiz, nə vaxt yadıma düşür? Qarşıma pilləkənlər çıxır, orda əlillər üçün şərait olmur və mən hərəkət etmək üçün kiminsə köməyinə ehtiyac duyuram. Tez-tez yarışlarla bağlı xarici ölkələrə gedirəm. Bir çox Avropa, Asiya ölkələrində tamamilə köməksiz hərəkət etmişəm. Əlil olduğumu orada hiss etmirəm. Köməyə ehtiyac olmayan bir şərait qurulsa, əlil olduğumu hiss etmərəm. İnanın ki, başqa heç yerdə əlilliyimi problem kimi görmürəm.
 
 

- Əlil arabasında idman rəqsləri üzrə Moskvada keçirilən "Qitələr Kuboku” yarışının qalibi olmuşdunuz. Latın Amerikası rəqslərinə başlamağınız necə oldu?
- Rəqsə 2012-ci ildə başlamışam. Bizdə yeriyən insanlara Latın Amerikası rəqsləri ilə məşğul olmağa ailələr çox vaxt icazə vermirlər. Təsəvvür edin ki, Azərbaycanda əlilliyi olan xanım, özü də Latın Amerikası rəqsi edir. Bu mənim üçün baryer idi. Əvvəl xarici ölkələrə rəqs yarışlarına gedəndə burada göstərmirdim. Çünki reaksiyaları bilmirdim. Bu idman növü ilə Minsk şəhərində tanış olmuşam. Əvvəl mənə əlil adamların bu rəqslə məşğul olması haqda danışanda, qəribə gəlirdi. Canlı izləyəndən sonra çox gözəl olduğunu gördüm və mən də bu rəqslə məşğul olmağa qərar verdim. Əlilliyi olan şəxs nəinki öz əlil arabasında cəmiyyətə çıxır, həm də onda rəqs edir. Bu 3-4 qat motivasiya, baryeri aşmaqdır. Həyatımı dəyişən addımlardan biri də rəqsin özü olub.
 
 

- Əlillərin paraşütlə tullanması ilə bağlı digər ölkələrdə müəyyən təcrübə olsa da, bizdə buna risk edənləri demək olar ki, görməmişdik. Bu riski necə gözə aldınız?
- Uşaqlıqdan paraşütlə tullanmaq arzum varıydı. Amma əlil olandan sonra bu arzumun ürəyimdə qaldığını düşünürdüm. Fikirləşirdim ki, necə atlaya bilərəm axı? Azərbaycanda ilk dəfə əlilliyi olan kişilər arasında Kamal Məmmədov atladı. Sonra əlilliyi olan qadınlar arasında mən atlandım. Əvəzedilməz duyğulardır. Təbii ki gərək içində qorxu olmasın. Bir az qorxu olur, amma onu yenmək lazımdır. Həyəcanı yenəndən sonra səmada bundan zövq alırsan. Artıq 3 dəfə atlanmışam, bu il mənə paraşütçü şəhadətnaməsi də verdilər. Çünki 3 dəfə atlayan şəxslər paraşütçü şəhadətnaməsi ilə təltif olunurlar. Hər il atlanmaq fikrim var.
 
 

- Başqa nə məşğuliyyətləriniz var?
- Hazırda Moskvada hüquq fakültəsində qiyabi təhsil alıram, bu il sonuncu kursdayam. Eyni zamanda, güllə atıcılığı üzrə Olimpiya oyunlarına hazırlaşıram. Düzdür, 2014-cü ildən məşğul oluram, amma tam ciddi bir ildir ki, fasiləsiz məşqlərə gedirəm. Məqsədim 2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarına lisenziya qazanmaqdır. Səhər tezdən məşqə gedirəm, ordan ASAN-a işə gəlirəm. İstirahət günləri də məşqə gedirəm. İstirahətə vaxtım qalmır. Eyni zamanda QHT ilə bağlı sosial layihələrimiz olur. Bir çox başqa sosial yönümlü layihələrə qoşulmuşam. Əlimdən gələn qədər ictimai fəaliyyətimin olmasına çalışıram.
 
 

- Bəs əlilliyi olan xanımların cəmiyyətə inteqrasiyası üçün hansısa bir kömək edirsinizmi?
- Rəqsi götürək. İlk dəfə Azərbaycanda əlilliyi olan xanımlar arasında nümunə kimi bu rəqsə mən başlamışam. İndi bu cür xanımların sayı çoxalıb. Əlimdən gələn qədər kömək edirəm ki, hər hansı şərait yaradaq, nə isə edək. Hazırda bunun üstündə çalışıram ki, kimlərisə cəlb edək. Hələ ki yığıram, cəlb edirəm. Hələlik əlimizdən gələn qədər onları yarışlara hazırlamaq üçün çalışırıq. Aktiv oluram, kimisə məcbur gətirmirəm, öz nümunəmlə əlilliyi olan şəxsləri cəmiyyətə cəlb etməyə çalışıram.
 
 

- Nə vaxtsa yaşadıqlarınızı kitab şəklinə salmağı düşünürsünüzmü?
- Bu haqda çoxdan fikirləşirəm. Dostlar da kitab çapında yardımçı olacaqlarını deyirlər. Amma düşünürəm ki, hələ buna yaşım əl vermir. Müəyyən bir yaş dövrünə gəlim, nailiyyətlərim artsın ki, deməyə sözüm də çox olsun.

Aygün Asimqızı
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001