• şənbə, 27 Aprel, 04:13
  • Baku Bakı 14°C

İstanbulda III Xəzər Forumu davam edir

05.12.13 17:55 1294
İstanbulda III Xəzər Forumu davam edir
İstanbuldakı “Çırağan” sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə III Xəzər Forumu işinə başlayıb. Tədbirdə Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji və kommunikasiya layihələri müzakirə olunur.
Forumun əvvəlində Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması və nəqlindən bəhs edən sənədli film nümayiş etdirilib. AzərTAc-ın məlumatına görə, HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq, Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerji və kommunikasiya layihələri üçün konstruktiv rolundan bəhs edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrikini Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Prezident müraciətində deyib ki, bölgədə özünəməxsus yeri olan Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı kimi yalnız qonşu ölkələrin deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. İlham Əliyev qeyd edib ki, Xəzər Strateji İnstitutunun təşkilatçılığı ilə keçirilən forumlar artıq ənənə halını almaqdadır: "Hörmətli forum iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. Hesab edirəm ki, hökumət rəsmilərinin, siyasətçilərin, elm adamlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin və biznes nümayəndələrinin iştirak etdiyi bu mötəbər toplantılar region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması, tarixi İpək Yolunun canlandırılması, Avropanın enerji xəritəsini dəyişməyə qadir olan yeni-yeni nəhəng transmilli layihələrin reallaşdırılması işinə əhəmiyyətli töhfə verə bilər".
Dövlət başçısı qeyd edib ki, Şərqlə Qərbi qovuşduran Xəzər regionu ötən yüzilliyin sonlarından dünyanın önəmli geostrateji mərkəzlərindən birinə çevrilib: "Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin ardınca Trans-Anadolu və Trans-Adriatik boru xətlərinin tikintisinə dair yeni sazişlərin imzalanması Cənub Dəhlizinin gerçəkləşdirilməsi prosesinə güclü təkan vermiş, Xəzər enerji resurslarının daha əlverişli marşrutlarla dünya bazarlarına nəqlinə şərait yaratmışdır".
İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı regionda və dünyada iritutumlu layihələr həyata keçirməyə, müxtəlif ölkələrin yanacaq-enerji kompleksinə, sənayesinə və sosial infrastrukturuna böyük məbləğdə sərmayələr yatırmağa imkan verib: "Bizim təşəbbüsümüzlə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu isə Böyük İpək Yolunun bərpası istiqamətində növbəti addım olaraq müxtəlif svilizasiya və mədəniyyətlərin daha da yaxınlaşmasına xidmət edəcəkdir. Ümid edirəm ki, forumda aparılan müzakirələr və irəli sürülən təkliflər Xəzər bölgəsinin dövlətləri və xalqları arasında əlaqələrin genişlənməsinə, əməkdaşlığın yeni forma və istiqamətlərinin müəyyənləşməsinə, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir".
Sonra Türkiyə Prezidenti Abdullah Gülün Forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi “Cənub” qaz dəhlizinin onurğa sütununu təşkil edəcək. Bundan başqa, modern İpək Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn il istifadəyə veriləcək. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi enerji və kommunikasiya xətlərinin mərkəzi olacaq. Abdullah Gülün müraciətində o da bildirilir ki, regiondakı dondurulmuş münaqişələrin həlli istiqamətində atılan addımlar tezləşdirilməlidir: "Bütün beynəlxalq güclərin sülh üçün iş fəaliyyətlərini davam etdirməsi bizim üçün öndə gələn məsələlərdən biridir".
Forumun açılışında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da “Cənub” qaz dəhlizinin formalaşmasında Azərbaycan və Türkiyənin aparıcı rol oynadıqlarını söyləyib: “TANAP layihəsinin həyata keçirilməsi qardaş ölkələrimizin birgə səyləri ilə mümkün olacaq. Artıq hazırlıq işləri tamamlanmış və tezliklə tikintiyə başlanacaq. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaq”.
banner

Oxşar Xəbərlər