• cümə, 26 Aprel, 23:10
  • Baku Bakı 22°C

“İsrafçılıq məni bu vəziyyətə gətirib” – Müsahibə

07.06.14 10:38 1838
“İsrafçılıq məni bu vəziyyətə gətirib” – Müsahibə
Türkiyə kino və teatr aləmində bu gün sözün əsl mənasında “Yaprak dökümü” baş verib. Belə ki, məşhur türk kinolarının sevilən isimləri bir-bir bu dünyanı tərk edirlər. Həmin nəsildən olan aktyorların içərisində bir neçəsi də var ki, onlar nə qədər yaşlı olsalar da, yenə də seriallarda, filmlərdə rol alırlar. Yaşlı nəslin sevilən aktyorlarından biri də Türkiyə kinolarının canlı əfsanəsi Zəki Alasyadır.
Zəki Alasya köhnə türk filmlərində daha çox ayrılmaz cütlük hesab olunduqları Metin Akpınarla tərəf müqabili idi. Əvvəllər onların qardaş olduğu söylənilsə də, yaxın dostlar bunu hər zaman inkar ediblər. İndi hər iki aktyor müxtəlif seriallarda rol alsa da, filmdə yolları heç də kəsişmir. Zəki Alasya gecce.com saytına verdiyi müsahibəsində hazırda Türkiyə seriallarında çəkilən aktyorların yaradıcılıq potensialından danışaraq, onlardan heç də razı olmadığını söyləyib.
Nə qədər ki pulum yoxdur, çəkiləcəm

- Bu yaşınızda nə üçün seriallara çəkilirsiniz?

- Hazırda seriala çəkilməyimin səbəbi maddi vəziyyətimin yaxşı olmamasından irəli gəlir. Əgər mənə kifayət edə biləcək qədər pulum olsaydı, heç bir güc məni bu aləmdə saxlaya bilməzdi. Nə qədər ki pulum yoxdur, o qədər də mən aktyor kimi fəaliyyətimi davam etdirəcəm. Misal üçün, yaxın dostum Metin Akpınar kimi istədiyim zaman serialda oynaya bilərdim. Bu da o deməkdir ki, Zəki Alasyanın da belə bir imkanları olub, ancaq əliaçıqlıq, israfçılıq məni bu vəziyyətə gətirib çıxarıb. Bir müddət öncə üç il balıq kafesi işlətdim. Həmin kafedə də 1,2 milyon dollar pul itirdim.
- İndi çəkilən filmlərlə əvvəl çəkilən filmlər arasında nə kimi fərqlər var?

- Film aləmi əvvəllər daha gözəl idi. Son dərəcə çətin şərtlərlə ucuz şəkildə filmlər çəkilirdi. Həmin filmlər cəmi 45 dəqiqə davam edirdi. O zaman aktyorlar insan kimi çalışırdılar. Həftədə 90 dəqiqəlik bir serial çəkmək dünyanın ən çətin işidir. Aktyorlar və kamera arxasında çalışan yaradıcı heyət, xüsusilə də xanım işçilər üçün bu çox çətindir. Bu cür işləmək kapitalist cəmiyyətinin bizi məcbur etdiyi bir işdir. Belə də olmaz axı. Bundan 10 il əvvəl Kubada film çəkdik. Saat 5-də düyməyə basıldı və bitdi. Halbuki o gün mütləq şəkildə bitirilməsi lazım olan ən azı 3 saatlıq daha işimiz vardı.
Gəlin özümüz olaq

- İndiki aktyorlar tez yorulur və bezirlər. Əvvəllər də bu sahədə vəziyyət belə idimi?

- Aktyorların “tükəndik artıq” fikirlərini haqlı hesab edirəm. Onlar özlərində güc tapıb çalışırlar, yaxşı pul qazanırlar. Buna heç bir etirazım yoxdur. Onlar buna layiqdirlər. Amma insanlara çox pul verdiyimiz zaman bu onları qul kimi işlədə bilərsiniz mənasına gəlmir. Qərbdə çox pul alan şirkətlər belə, insan kimi çalışma rejimi və qanunları təklif edirlər.
- Bu il beynəlxalq “Oskar” mükafatını Türkiyəyə verdilər. Bəs buna münasibətiniz necədir?

- Xaricdə “Oskar” deyə film mükafatı var ki, bu mükafatı böyük rəis olan Amerika verir. Onların niyyətləri bunu İtaliya, Fransa kimi bir ölkəyə vermək deyil. Belə olarsa, onların bu işləri diqqət çəkməz. Bunu Türkiyəyə, Malayziyaya, Güney Amerikadan bəzi ölkələrə verərsə, o zaman böyük rəisin yaxşı niyyəti ortaya çıxar. Bir zamanlar bəyənmədikləri Yeşilçamda gözəl filmlər hazırlayırlar. Orada “The Postman”, “Cinema Paradiso”, “Hayat güzəldir” kimi filmlər hazırlandı və həmin filmlər xaricdə “Oskar” mükafatı aldı. Gəlin özümüz olaq. Eyni ilə italyanların etdiyi kimi. İstanbulun, Antalyanın, Urfanın gözəlliklərini ön plana çıxaraq. İnanın ki, bunu etdiyiniz ilk il “Buyurun, “Oskar” sizindir” deyəcəklər. Hər şey bu qədər sadədir.
Fikirlərim insanları rahatsız edir

- Mətbuatda aktyorlar haqqında iradlarınızı bildirirsiniz və bu fikirləriniz heç də gənc nəslin ürəyincə olmur.

- Uzun bir müddətdir ki, çəkilən filmləri izləyir və onları müzakirə edirəm. Zənnimcə, yaradıcı insanların mənim yaşıma gəlib bu qədər əziyyətdən sonra bir söz söyləməyə haqqı çatır. Çəkilən filmlər barədə bəzi yanaşmaları görəndə təkrarlanmaması üçün söyləmək kimi səhv bir yol seçdim özümə. Əslində mənə görə bu doğru bir yoldur. İndi də o iddiadayam. Ancaq mənim bu fikirlərim insanları rahatsız edir. Yılmaz Ərdoğan yaradıcı, istedadlı aktyordur və onun çox gözəl işləri var. Misal üçün “Kelebeyin rüyası” çox səviyyəli, uğurlu filmdir. Mənə görə, Cem Yılmaz daha gözəl işlər görə bilər. Amma onun “Arog”, “Gora” kimi filmlərini çox bəyənmədim. Onun daha çox bacarıqlı olduğu başqa sahələr var. Bunu asanlıqla görə bilirəm. Düşünürəm ki, “Oskar” mükafatına təqdim olunacaq filmlərin ən yaxşını hazırlaya biləcək adam hazırda Cem Yılmazdır.
- Müasir aktyorları və serialları necə xarakterizə edərdiniz?

- Bir müddət gənc modasının bitdiyinə dair sözlər gəzirdi. Ancaq mən ona çox inanmadım. Humphrey Bogart deyə bir aktyor var. Üzünə belə baxa bilmirsiniz. Ancaq çox böyük və usta bir aktyordur. Kıvanç Tatlıtuğ filmlərdə obraza girməkdə çətinlik çəkirdi. Ancaq aktyorluq sahəsində özünü çox yetişdirdi. Onun kimi aktyorlardan çox böyük bacarıq tələb edilməməlidir. Clark Gable, Ayhan İşık kimi aktyorlar qabiliyyəti olmayan adamlardır. Ayhan İşık Ağabəy çox yaraşıqlıdır, amma bu yaraşıqlığının aktyorluğuna heç də təsiri yoxdur. Halit Ergenç klassik formada bəhs etdiyimiz çirkin kralların arasında bir insandır. O, sadəcə kişilər arasında seçilmiş gözəl model deyil. Qadınlara gəlincə isə, Türkan Şoray, Fatma Girik, Hulya Koçyiğit çox gözəl qadınlardılar. Amma Türkan Şorayda fantastik bir gözəllik, cəlbedicilik var. Kamera Türkan Şorayı çox sevdi və onu məmnuniyyətlə qəbul etdi. Pərdə arxasında insanların nəfəslərini kəsə biləcək qədər gözəldir. Onun kimi aktyor hələ ki bu sənətə gəlməyib. Hazırda bu gün çəkilən filmlərdə gənclərin potensialını tam olaraq görə bilmirəm. Ancaq Beren Saat və Nurgül Yeşilçayın aktyorluq qabiliyyətini çox bəyənirəm. Onu da qeyd edim ki, Uğur Yücelin oynadığı “Aramızda kalsın” və “Canım ailəm” serialları çox baxımlıdır. Hər kəsin müzakirə etdiyi, gündəmi tutan bir serial olan “Mühteşem yüzyıl” serialı türk seriallarının üz ağıdır desəm heç də yanılmaram. Oradakı aktyorların çox gözəl performansları var. Həmin serial aktyorları, geyimi, yaradıcı heyəti, bir sözlə, hər şeyi ilə mükəmməldir. Bu kimi seriallar bir neçə il bundan əvvəl çəkilə bilməzdi. Misal üçün, Selda Aykorun oynadığı “Kösəm Sultan”dakı geyimlər, dekorlar, çevrələrə nəzarət etsəniz, bunun bir rəzalət olduğunu görəcəksiniz. Türk serialları bu baxımdan izlədiyiniz zaman dünənə görə çox irəli gedib.
Tərcümə etdi: Xəyalə RƏİS
banner

Oxşar Xəbərlər