İşləməyən adama çörək verməyən dəmirçi - FOTOLAR
Ağahüseyn Hüseynov: "Sənətkar müştərini aldada
bilər, bəs Allahı necə?”
Şamaxıda olarkən yolumu
tarixi Dəmirçi kəndindən saldım. Bu kənd həm ekzotik görünüşü, həm tarixi, həm
də sənətkarları ilə məşhurdur. Tarixən bu kənddə çox böyük sənətkarlar yetişsə
də, hazırda həmin bacarıqlı əllərin, iti zəka sahiblərinin sayı azalmaqdadır.
Amma itməkdə olan sənətləri qoruyan, ömrünü xalqın tarixi və mədəni irsinə həsr
edən insanlar da yox deyil. Mübaliğəsiz deyə bilərəm ki, onlardan ən seçkini
dəmirçi Ağahüseyn Hüseynovdur. Onun kəndin görümlü yerində iki yanaşı otağı var
ki, onlardan biri sənətkarın emalatxanası, digəri isə mağazasıdır. Burada beş
dəqiqə ayaq saxlasanız, neçə-neçə alıcının, turistin bu mağazaya gəldiklərini, malların
qiymətini soruşduqlarını, dəyərli əşyalar üçün pul xərclədiklərini görə
bilərsiniz. Mən orda olanda alverin şıdırğı vaxtı olsa da, Ağahüseyn bəy bir
kənara çəkilib sənəti və onun tarixi ilə bağlı suallarımı cavablandırmağa vaxt
tapdı:
–
Bayaq müştəri ilə danışanda qulaq müsafiri oldum. Alıcıya dediniz ki, qədim
əşyaları satmıram. Bu prinsipinizi əsaslandırmağınız oxucularımız üçün maraqlı
olardı...
– Hər bir millət istəyər
ki, onun dövləti olsun. Allah da bizə dövlət bəxş edib. Hər qədim xalqın öz tarixi mədəniyyəti, yaşayış tərzi olur.
"Biz qədim xalqıq” demək üçün gərək köklü əsaslarımız olsun. Yəni eramızdan
əvvələ aid, yaxud əsrlər öncəyə məxsus kulinariya avadanlıqları, məişət
əşyaları və s. bizim qədim xalq olmağımızı sübut edir. Bax, qədim su, süd,
taxıl və bal qabları, geyimlər bizim qədimliyimizi sübut edən əşyalardır.
Onları satmaq olmaz. Məsələn, elə əşyalar var ki, mən onları alıram, ancaq heç
kimə satmıram. Uşaqlar, gənclər gələndə, istəyirəm bilsinlər ki, qırmanc,
tatarı, koxa, çomaq nədir. Onları satsam, uşaqlara, gənclərə öz qədim həyat
tərzimizlə bağlı nə göstərə bilərəm ki? Heç nə. Yadında saxla, bir çoban min
adamın qarnını doydura bilər, amma bəzən min adam çobanın bildiyini bilə
bilməz. Çoban da alimdir. Çoban saxladığı hər heyvanı kəsmir ki... Onların
bəzilərini hər hansı məqsədləri üçün saxlayır. Sənətkar da hər əşyanı satmalı
deyil. Bu xalqın tarixinə hər bir azərbaycanlı sahib çıxmağı bacarmalıdır.
– Bu qədim
əşyaları toplayıbsınız, yoxsa alıbsınız?
– Bəzilərini almışam, bəzilərini kənd-kənd, ev-ev
gəzib toplamışam.
– Burada bir
neçə növ ütülər görürəm. Bunların bir-birindən fərqləndirən bariz fərqlər
nədir?
– Məsələn, qədimdə ütülərin fərqli təyinatları vardı.
Elə ütü var ki, alt paltarını, daha dəqiq desəm, pambıq və kətan parçaları
ütüləmək üçündür. Bu ütülər həm də paltardakı mikrobları öldürür. Yun, mahud ütüləmək üçün isə qədimdə başqa
cür ütü istifadə olunurdu. Uşaq paltarlarını – arxalığı, çuxanı ütüləmək üçün
ayrıca ütülər gərək olurdu. Dərzilərin ütüləri isə həm fərqli, həm də ağır
olurdu. İndi bu ütülərin hər birindən məndə var. Bayaq verdiyim suala bir də
qayıdıram, onları mən necə satım? Əgər onları satsam, bura gələn gənc nəslə
keçmiş həyat tərzimiz, alətlərimiz barədə məlumat verə bilərəmmi? Xeyr. Axı
həyatda hər şey pul demək deyil.
– İstərdim
sənətkarlıqda, dəmirçilikdə halal və haram məsələsinin mizanı, qaydaları barədə
düşüncələrinizi bölüşəsiniz...
– Usta gərək halal adam olsun. Məsələn, usta nəyisə
düz düzəltməsə, həmin əşya tez qırılacaq və onu alıb aparan adam da ustanı
yamanlayacaq. Alıcı aldığı malı tanımaya bilər, amma satıcı, sənətkar satdığı
malın keyfiyyətini bilir axı. Sənətkar müştərini aldada bilər, bəs Allahı necə?
Allahı heç kəs aldada bilməz. Məsələn, polad bıçaq düzəldirsənsə, qızanda gərək
ona su vurasan, düzgün itiləyəsən ki, heyvanı da onunla kəsəndə çox incitməsin. Əgər balta, bıçaq
əti düzgün doğramırsa, ətdə tilişkələr yaranır və yeyəndə həmin tilişkələr
qocaların, uşaqların, diqqətsiz adamların boğazında qalır. Gör bir baltanı,
bıçağı düzgün düzəltməməklə neçə canlıya əziyyət verirsən? Həm heyvana, həm
qəssaba, həm də əti yeyən adamlara. Bir dilək iti deyilsə, ona güc işlətmək
zorakılıqdır. Bıçağın dəmirdən olması haramdır, nal isə dəmirdən hazırlanmalıdır.
Əgər at yarış atıdırsa, onun dörd nalı da milliqramına qədər bərabər olmalıdır
ki, o, qaçanda büdrəməsin, yıxılmasın. Yəni dəmirçiliyin çox xırdalıqları var
və usta gərək onların heç birini gözdən qaçırmasın.
– Dəmirçiliyi
kimdən öyrənibsiniz və bu sənəti gələcəyə – varislərə necə ötürürsünüz?
– Bu sənət bizim kəndimizin adı ilə bağlıdır. Necə
deyərlər:
Ustaların
ustasıdır dəmirçi,
Dəmirçinin
ustasıdır kömürçü.
Bütün ustaların, digər
sənətkarların kəsici, oyucu, deşici alətlərini dəmirçilər düzəldir. Nəqqaşın,
heykəltəraşın, misgərin, zərgərin, naxışvuranın də alətləri dəmirçinin əlindən
keçir. Qədim zamanda metr ölçü vahidi deyilmiş. Ölçü vahidi əl imiş. Məsələn,
əlin açılması, barmaqların arası, onların bitişən yeri, qarış və sair
dəmirçilər üçün müxtəlif ölçülər imiş. Deyək ki, dəmirçi kimin üçünsə qılınc
düzəldirsə, həmin adamın əlinin ölçüsünü, barmaqlarının qatlanma dərəcəsini,
şah barmağın bükülmə qədərini bilməliymiş. Eləcə də, bu ölçülər cilovun
tutulmasına da aid edilə bilər. Qədimlərdə qarış və arşından da ölçü vahidi
kimi istifadə edirlərmiş.Bu kəndin dəmirçiləri, dabbağları,
çarıq tikənləri, dərziləri, zərgərləri, misgərləri olub. Həmin ustalar
bir-birinə nəzarət edirmişlər ki, ümumi işlər düzgün görülsün. Onlar iki dağın
arasında yaşayıblar. Məsələn, bir arabanı düzgün düzəltməsən, yolda qala
bilərsən, bir dəryazı düzəldəndə suyunu yaxşı verməsən, ot biçəndə qolların
ağrıyar. Ustanı usta edən camaatdır. Cəmiyyət universitetdir, cəmiyyətin öyrətdiyini
heç bir universitet sənətkara öyrədə bilməz. Cəmiyyət istəkləri, ehtiyacları,
tələbləri ilə sənətkarı yetişdirir.Varislərim isə oğullarımdır.
Mənim yoldaşım da çəkic vurur. Bizim evdə bekar adam ola bilməz. Məsələn, kimsə
boş otursun, mən gətirim, o yesin, bu, bizə yad həyat tərzidir. Mən işləməyən adama
çörək vermirəm. İşləməyən tənbəl olur, tənbəl isə davakar, qədirbilməz.
– Mağazanızda satılan əşyalar arasında ən çox ehtiyac duyulan
hansılardır?
– İndi insanların ən çox ehtiyac duyduğu şey şəkil
çəkdirməkdir (gülür). Bura gələnlərin böyük əksəriyyəti şəkil çəkdirir. Ancaq
elələri də var ki, Dəmirçi kəndindən hansısa yadigar aparmaq istədiyinə görə
mağazadan nələrsə alır. Ümumən isə nərd, bıçaq, suvenirlər daha çox alınır. Mis
qabları alanlar da çoxdur. Qədim çaydan, samovarlar da çox satılır. Burada cənab
Prezident İlham Əliyev də olub, eləcə də, çoxsaylı diplomatik nümayəndələr,
tanınmış şəxsiyyətlər də. Məsələn, cənab Prezident yadigar kimi nal aldı.
– Qədimdə
hansısa əşyaları istifadə edərkən xüsusi qaydalar olubmu?
– Hər bir qab işlədilərkən yuyulmalı, ona salavat
verilməlidir. Qədimlərdə nənələrimiz yenicə aldıqları təmiz əşyaları aparıb heyvan
ayağı dəyməyən bulaqlarda yuyub,
salavatlayıb evə gətirərdilər. Yaxud əşyaları daha çox sağ əllə işlətmək
lazımdır ki, ürəyə çox güc düşməsin. Sol əl
isə daha çox köməkçi əldir.
– Dəmirçilik
sizdə ailədən gəlmə sənətdir?
– Mənim atam müəllim, nənəm dərzi, babam xanəndə
olub. Uşaqlıqdan çar fırlatmışam, ən böyük arzum isə bu idi ki, görəsən, nə
vaxtsa çəkic götürüb usta, sənətkar olacağam?
– Mağazanıza
çoxsaylı adamlar gəlir. Siz isə mağazada, adətən, tək olursunuz. Burda
nələrinsə oğurlanması halları olurmu?
– Hələ mağazamdan heç nə oğurlanmayıb. Çünki xalqımız
çox mədəni xalqdır. Amma kimsə hər hansı əşyanı, suveniri götürsə də, bunu onun
üzünə vurmaq mənim yaşıma və əqidəmə uyğun hərəkət deyil. Kimsə pul ödəmədən
nəsə götürürsə, deməli, onun həmin əşyadan, yaxud suvenirdən xoşu gəlib, amma
almağa pulu yoxdur. Əgər belədirsə, halal xoşu, qoy götürdüyü də elə məndən ona
yadigar olsun.
Söhbətləşdi:
Fərid Hüseyn